Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / General Hilal Əsədov uzun müddət sonra məhkəmədə göründü – (Video və Fotolar)

General Hilal Əsədov uzun müddət sonra məhkəmədə göründü – (Video və Fotolar)

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə “Vosmoy” bazarı epizodu üzrə araşdırma aparılıb, şahidlər dinlənilib. Şahidlər arasında adı keçən sabiq nazir Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədov da məhkəməyə gəlib.

Prosesdə şahid qismindən ifadə verən Hilal Əsədov məhkəmə binasından çıxarkən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Mühafizəçisi və vəkili ilə məhkəmə binasından çıxan Hilal Əsədov iti addımlarla onu gözləyən maşına minərək uzaqlaşıb.

Qeyd edək ki, Hilal Əsədov “Vosmoy” bazarının qanunsuz yolla ələ keçirilməsi epizodu üzrə dindirilib. Bu epizod üzrə zərərçəkmiş kimi tanınan Cəfər Seyidov bazarın əvvəlki sahibi olub. O, deyib ki, bazar Akif Çovdarov və Hilal Əsədov tərəfindən əlindən alınıb. Bazarın indi də sahibi Akif Çovdarov və Hilal Əsədovdur. H.Əsədov istintaqa ifadəsində 2004-cü ildə MTN-də işə başladığını, nazirlikdə ilk vəzifəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olduğunu qeyd edib. Bundan 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edilib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib.

Hilal Əsədov ifadəsində bildirib ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib. Sabiq nazir müavini “Vosmoy” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilərkən zərərçəkmişləri tanımadığını deyib.

Sabiq nazir müavini deyib: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Ç.Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.

Hilal Əsədov əlavə edib ki, zərərçəkmiş Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər: “Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi. Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”.

Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını da deyib: “Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”.

Hilal Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib, bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”.

Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib. H.Əsədov məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq edib.

Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Bazarın 50 faizi Hilal Əsədovun qayınatası tərəfindən alınıb. Bunu Hilal Əsədovun arvadı Nüşabə Əsədova da məhkəmədə təsdiq edib və bildirib ki, atası bazarı sonradan onun adına keçirib. H.Əsədov bazarın alınması üçün qayınatasına 80 min manat borc verib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın