Ana səhifə / Araşdırma / “Falçı Səkinə” tutuldu, zərərçəkmiş polislər ifadə verdi: “Dırnaqları ilə qollarıma…”

“Falçı Səkinə” tutuldu, zərərçəkmiş polislər ifadə verdi: “Dırnaqları ilə qollarıma…”

Biznesmen arvadı növbəti dəfə hakim qarşısına çıxarılıb. Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesində polis əməkdaşları ifadə verib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İş adamı Barat Abdullayevin arvadı Təyminə Abdullayeva ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilməyib. Məhkəmənin davamında zərərçəkmiş kimi tanınan polis əməkdaşları dindirilib.

Zərərçəkmişlərdən əvvəl çıxış edən T.Abdullayevanın vəkil Janna Bağırova məhkəmədə vəsatətlə çıxış edərək işin iki hissəyə ayrılmasını istəyib. Vəkil vəsatətində qeyd edib ki, əvvəlcə saxta sənəd düzəltmək və Barat Abdullayevə qarşı dələduzluq ittihamı üzrə araşdırılma aparılsın, daha sonra isə polisə müqavimət ittihamına baxılsın. Təqsirləndirilən şəxsin digər vəkili Vasif İsrafilov da vəsatətin təmin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib. Vəkil Janna Bağırovanın digər vəsatəti isə məhkəmənin videogörüntü ilə aparılması olub. Ancaq məhkəmə bu vəsatəti də təmin etməyib.

Bu işdə zərərçəkmiş kimi tanınan polis əməkdaşları məhkəmədə ifadə veriblər. Onlar Təyminə Abdullayevanı polis bölməsinə apararkən zərər gördüklərini bildiriblər. İttihamda da qeyd edilir ki, T.Abdullayeva polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirib.

Zərərçəkmiş, 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hadisə baş verən günü iş yoldaşı Orxan Babayevlə ona bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Təyminə Abdullayevanı saxlayaraq bölməyə gətirsinlər: “Bölmədə həmin qadın barəsində məcburi gətirilmə haqda qərar vardı. Biz də onun yaşadığı mənzilə getdik. Təyminə Abdullayevaya yaxınlaşaraq özümüzü təqdim etdik, vəsiqəmizi göstərdik. O, bizimlə getməyəcəyini dedi. Qollarından tutanda bacısı və bacısı qızı üstümüzə hücum çəkdi. Təyminə Abdullayeva dırnaqları ilə qollarıma xəsarət yetirdi. Bacısı Rəna da Orxana yumruq vuraraq xidmətini aparmağa imkan vermirdi”.

Digər zərərçəkmiş Orxan Babayev isə indi polisdə işləmədiyini deyib. İfadəsinin davamında keçmiş iş yoldaşı Oqtay Məmmədovla eyni məzmunda ifadə verib. Vəkillərin suallarına cavab verən Orxan Babayev şəxsi məsələləri ilə bağlı işdən çıxdığını deyib.

Təyminə Abdullayevanın vəkili Janna Bağırova məhkəməyə sənəd təqdim edib. Həmin sənəddə vəkilin 17-ci Polis Bölməsininə göndərdiyi soruğunun nəticəsini qeyd edilir. Sorğuya cavabda qeyd edilib ki, Təyminə Abdullayeva barəsində 17-ci Polis Bölməsində məcburi gətirilmə haqda qərar olmayıb. Vəkil bu barədə zərərçəkmiş şəxslərlə sual verib. Orxan Babayev həmin sənədi Oqtay Məmmədovun əlində gördüyünü deyib. Polis əməkdaşı bu mövzuda vəkillərin verdiyi suallara cavab verə bilməyib.

Növbəti məhkəmə prosesi mayın 24-də davam edəcək.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.ismayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.

Bu işlə bağlı yenilik isə ondan ibarətdir ki, T.Abdullayevanın ittiham etdiyi “falçı Səkinə” də artıq həbs edilib. O, da dələduzlquda təqsirləndirilir. “Falçı Səkinə” T.Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verəcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın