Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Evləri sökülən vətəndaşlar üçün seçim anı –Yeni mənzil, yoxsa pul? – ARAŞDIRMA

Evləri sökülən vətəndaşlar üçün seçim anı –Yeni mənzil, yoxsa pul? – ARAŞDIRMA

Bakıda köhnə evlərin sökülərək yerində yeni binaların tikilməsi prosesi getdikcə artır. Artıq şəhərin müxtəlif ərazilərində pilot layihələrin icrasına başlanılıb. 2018-ci ildə prosesin daha da sürətlənəcəyi gözlənilir. Təbii ki, evləri sökülən vətəndaşlara bunun müqabilində yeni tikilən binadan nisbətən daha geniş mənzil verilir, ya da mənzilin dəyəri ödənilir. Bəs bunlardan hansını seçmək vətəndaş üçün həm sərfəli, həm də məqsədəuyğundur?

Ramil Osmanlı:“Nağd pul verilməyəndə vətəndaş narazı qalır”

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Fins.az-a bildirib ki, seçim imkanlarının geniş olması üçün kompensasiya verilməsi daha məqsədəuyğundur. Son illərin təcrübəsi göstərir ki, nağd ödəniş olmayanda vətəndaş əksər hallarda narazı qalır. Digər tərəfdən, kompensasiya verilməsi ilə bağlı qanunvercilikdə nəzərdə tutulan norma və qaydalara əməl olunmur. Məsələn, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən daşınmaz əmlakı vətəndaşın əlindən alınarkən əmlakın bazar dəyərindən əlavə ona 20% artıq kompensasiya verilməlidir. Bundan başqa dövlət ehtiyacları üçün alınma zamanı əlavə 10% kompensasiya verilməsi nəzərdə tutulur.

Tikinti şirkətləri qanunla müəyyən edilən ölçüdə ev verməkdən yayınır”

Amma bəzi hallarda tikinti şirkətləri qaydalara uyğun ölçüdə vətəndaşa mənzil vermirlər: “Məsələn, vətəndaşın əlində 100 kv.m-lik əmlakı var. Həmin normalara görə, dövlət ehtiyacına görə əmlak onun əlindən alınırsa ona təqribən 130 kv.m və bir qədər artıq mənzil sahəsi verilməlidir. Amma pilot layihələri icra edən təşkilat bu ölçüdə mənzilin olmadığını əsas gətirərək vətəndaşa daha kiçik ölçüdə əmlak təklif edir və yaxud bu tipli müxtəlif problemlər ortaya çıxır”.

Təklif edilən layihə vətəndaşa sərfəli deyil”

Ekspert vətəndaşın yaşadığı yerdən uzaqlaşmamasını pilot layihələrin üstün cəhəti olduğunu deyib. Bununla belə yeni tikililərdə layihələndirmə uyğun deyil: “ “Xuruşov”, fransız layihəli, italyan layihəli mənzildə ən azından minimum yaşayış şərtlərinə cavabverən ölçülər daxilində bölgü həyata keçirilib. Məsələn, 2 otaqlı mənzil 40 kv.m sahəyə yerləşdirilib. Burada mətbəx də, otaqlar da var. Amma yeni tikililərdə bunu həyata keçirmək mümkün deyil.Çünki yeni tikililərin layihələndirilməsi tam fərqli aparılır. Bu baxımdan hesab edirəm ki, ədalətli bazar dəyəri ilə nağd pul ödənişi daha faydalıdır”.

Bütün evlərə görə kompensasiya verilməsi əmlak bazarında xaos yarada bilər”

R.Osmanlı bununla belə ümumilikdə bütün mənzillərinin dəyərinin kompensasiya şəklində ödənilməsinin doğru hesab etmir. Çünki bu əmlak bazarında xaos yarada bilər: “Bütün evlərə görə kompensasiya verilməsi, birdən-birə süni surətdə bazara pul axınlarını arta bilər və fantastik şəkildə bazarda qiymət artımı ola bilər. Biz bunu 2013-2014-cü illərin təcrübəsində yaşadıq.

Nüsrət İbrahimov: “Mənzil seçmək daha sərfəlidir”

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Fins.az-a bildirib ki, seçim vətəndaşa aiddir. Amm təbii ki, mənzil seçmək daha sərfəlidir. Çünki adətən ödənilən pul mənzilin dəyərindən daha aşağı olur: “Tikinti şirkətləri bir kvadratmetr üçün adətən 1500 manat təklif edirlər, amma mənzilin qiyməti yerindən aslı olaraq 1550- 1800 ola bilir”.

Araz Mirzəyev:“Mərkəzdə sökülən evi adətən yenisi ilə əvəzləmək daha sərfəlidir”

Biznes üzrə ekspert Araz Mirzəyev isə Fins.az-a bildirib ki, burada nüanslar çoxdur. Seçim əsasən əmlakın yerləşmə yerindən aslıdır: “Elə mənzil var ki, şəhərin mərkəzindədir. Vətəndaşa sərf edir ki, kompensasiya almaqdansa eyni ərazidən yeni mənzillə əvəzləsin. Şəhərin nisbətən kənar hissələrində isə vətəndaşlar daha çox kompensasiyaya üstünlük verirlər”. Ekspert bildirib ki, məsələyə bir tərəfli yanaşmaq olmaz. Elə tikinti şirkətləri var ki, sərfəli təkliflər irəli sürür: “Məsələn, Bakıxanov qəsəbəsində evlər söküldü və çox mükəmməl şəkildə evlər təmir edilib verildi. Kompensasiyanın həcmində da hər hansı narazılıq olmadı”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …