Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Araşdırma / Evimizə gələnə qədər “itən” istilik (ARAŞDIRMA)

Evimizə gələnə qədər “itən” istilik (ARAŞDIRMA)

Gələn il dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq. Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1 faiz çoxdur. Subsidiya, satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub. Bəs subsidiyanın artırılması istilik təchizatının keyfiyyətinə necə təsir edəcək? Hər il qış dövründə mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən abonentlər bu subsidiyanın “istisinə” isinə biləcəklərmi?
“Kaspi” qəzetinin əməkdaşı mövzu ilə bağlı maraqlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:
Tədbirlər planına əsasən…
“Azəristiliktəchizat” ASC-nin məlumatına əsasən, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb: “Respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən istilik verilir. Digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən istiliyin verilməsinə başlanacaq. Bununla əlaqədar olaraq, quruma məxsus 554 qazanxana istismar edilməklə, 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. Tədbirlər planına əsasən, 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub”.
Qurum istilik təchizatı sistemində 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhəmiyyətli işlər gördüyünü vurğulayır.
“100 milyon manat da ayrılsa…”
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə qurumun işi ilə bağlı hər hansı müsbət dəyişikliyin olacağına inanmır. Subsidiya məsələsinə gəldikdə isə ekspert deyir ki, bu quruma 100 milyon manat da ayrılsa, effekt verməyəcək: “Mən Avropa ölkələrini misal gətirmirəm. Sovet məkanında Rusiya, Ukrayna, Qazaxıstanla müqayisə etdikdə bizim “Azəristiliktəchizat” uzaqlarda qalan bir xidmət qurumudur. Onlara 100 milyon manat subsidiya ayrılsa da, xeyri yoxdur. Əgər əvvəlki dövrlərə baxsaq, bu cür subsidiyalar dəfələrlə olub. Bəs nəticəsi nədir? Mən hələ mərkəzi istilikdən istifadə edən müsbət fikirli insan görməmişəm. Dövlət onlar üçün subsidiya ayırır, onlara bazar qiymətindən də aşağı qaz verir ki, o qazı istiliyə çevirsinlər və evlərin istilik təminatını qış dövründə həyata keçirsinlər. Nəticə sıfırdır”.
“Əgər evdə normal istilik olarsa…”
Ekspert vurğulayır ki, əgər evdə normal istilik olarsa, insanlar alternativ yolla istilik təmin etməzlər: “İnsanlar istiliyi qazdan deyil, elektrikdən alırlar. Elektrikdən alınan istilik “Azəristiliktəchizat”ın təklif etdiyindən ən azı 3 dəfə bahadır. Qış aylarında insanların xərclərinin çoxu istiliyə gedir. Yayda kondisionersiz keçinə bilərik. Amma 6 ay müddətində istiliksiz keçinmək olmur. Ona görə də, vətəndaş əlində nəyi varsa, ona xərcləyir”.
Kommersiya baxımından özünü doğrultmayan qurum…
Həmsöhbətimizin sözlərinə görə, qonşu ölkələrdə dövlətdən verilən istiliklə nəinki evlər, binaların blokları belə isidilir ki, insanlar üçün komfort olsun. Lakin bizdə evin bir otağı belə isinmir. İnsanlar da görür ki, bununla otaqları isitmək mümkün deyil, elektrikdən istifadə ediblər. Buna görə də, istiliyə görə pul ödəmirlər. Bu qurum kommersiya baxımından özünü doğrulda bilməyən dövlət qurumudur, daim büdcədən pul alır. Göstərilən xidmət məni qane etmirsə, nə üçün ona pul verməliyəm? Hesab edin ki, həftənin 2 günü istilik olur, hava soyuyan kimi isə olmur. Qurumun rentabellikdən aşağı səviyyədə fəaliyyət göstərməsi düzgün deyil. Əgər hamı individual istilik sistemindən istifadə edirsə, bu qurum nəyə lazımdır? Mən ekspert kimi onların fəaliyyətinin nə istehlakçılara, nə də dövlətə faydasını görmürəm. Çünki Azərbaycandan kənarda gördüklərimlə Azərbaycanda gördüklərim arasında diametral fərq var”.
Çıxış yolu…
Ekspert vurğulayır ki, yeganə çıxış yolu kimi onun qısa bir zamanda dövlətsizləşdirilməsi, yəni özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər.
“Borcu olan qazanxanalara qaz verilməyəcək”
Məlumat üçün bildirək ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manata yaxın borcu var. “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev borcu olmayan qazanxanalara qaz veriləcəyini bildirib: “Qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır. Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. Müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik. Qalan borc məsələsi gündəmdə qalır”.

Həmçinin oxuyun

Yeni ştamın simptomları nədir?

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən …