Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Erməni soyqırımının daha bir nişanəsi – şəhid kənd Maçaxı

Erməni soyqırımının daha bir nişanəsi – şəhid kənd Maçaxı

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi müdhiş mart soyqırımının 100-cü ildönümü ərəfəsindəyik. Soyqırım qurbanlarının xatirəsinin geniş şəkildə qeyd olunması haqqında Azərbaycan prezidenti 18 yanvar 2018-ci il tarixdə sərəncam imzalayıb. 1918-ci ildə soyqırıma məruz qalmış və tamamilə yandırılaraq məhv edilmiş yaşayış məntəqələrindən biri də İsmayıllı rayonunun Maçaxı kəndidir.

Lakin o vaxtdan bir əsr keçməsinə baxmayaraq bu hadisəyə və kəndə biganə münasibət davam edir. İsmayıllı rayon ziyalılarının, o sırada Rayon İcra Hakimiyyətinin laqeyd münasibəti və prezidentin sərəncamı məni bir daha bu məsələyə qayıtmağa vadar elədi. Çünki bu məsələ barədə əvvəllər də İsmayıllı ziyalılarının bəzi görüşlərində söhbət açmışdım.

Yeri gəlmişkən, bir neçə ay əvvəl telekanalların birində İsmayıllı haqqında geniş veriliş hazırlanmışdı. Orada iştirak edən məktəb direktoru və ya təhsil şöbəsinin əməkdaşı qeyd edirdi ki, bizim məktəblilər dünyanın 40-dan çox ölkəsinin məktəbləri ilə əlaqə saxlayırlar. Görəsən, İsmayıllı məktəblilərinin rayon mərkəzindən cəmi 15 km məsafədə olan Maçaxıda ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatları varmı və bunu digər ölkələrin məktəblilərinə az da olsa çatdıra bilirlərmi? Yox! Çünki onu nə məktəblilər özləri bilir, nə də onlara tarixi tədris edənlər.

 

ARAYIŞ ÜÇÜN: Maçaxı kəndi indiki inzibati bölgüyə əsasən İsmayıllı rayonunun Tircan Sovetliyində Girdiman çayının sol sahilində yerləşir. Meşəsürəy, Təpəluçan, Məmmədhüseyn, Sayad dağı, Xiyavan, Karvansara, Məscidyeri, Bəylik bağı, Ağəli yeri, Qurbanalı bağı, Əfəndinin yurdu, Böyük bağ, Rəşid bağı, Bazar yeri, Qələmlik, Vəlgəlik və sair adları sadalanan yerlər Maçaxı kəndinə xüsusi gözəllik verir. General Hacı İsmayıl bəy Qutqaşenli “Səfərnamə” əsərində yazır ki, Maçaxı bəyləri və sakinləri Qəbələ Sultanlığından Maçaxıya gələrək binə salıblar.

Həmin əsərdə o, qeyd edir: “Maçaxı qəryəsi Qəsani mahalının bəkləri oturan kənddir. Müqəddəm (qabaqlarda) abadan və gur kənd imiş. İndi səksənə qədər ev həmin olar. Özünün yaxşı bol suları və qabağından çari olan (axan) Girdiman adlı çay ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları, çəməngahları vardır. Şamaxı ilə bu kəndin arası altı ağac (1 ağac 7 kilometrdir) yoldur. Maçaxı qəriyyəsinə çatmamış, kənarında bibimizin və sair əqrəbalarımızın mərqədlərinə ziyarət edib axşama iki saat qalmış Maçaxıda Zülfüqar bəy ki, Qəsanı mahalının bəylərinin nəslindəndir və bizim də əmmamızdır (bibimizin oğlu) evinə nizul (qonaq) etdik”.

Adı qeyd edilən Qəsani mahalı Ağbulaq, Vəlibinə, Qenzə, Hermexanlı, Daxar, Nüyədi, Dəymədağlı, Cülyan, Diyallı, İsmayıllı, Qacar Ağarzabəyli, Qazilli, Qaradeyin, Kirk, Qoşakənd, Quşencə, Kurtmaşı, Maçaxı, Müskürlü, Talıstan, Talış, Tubukənd, Fetahlı, Yekəxana, Birinci Yengikənd kəndlərini əhatə edirdi (“Kavkazskiy kalendar na 1856 qod”, səh. 314-317).

ismayilli.gif (675 KB)

Qeyd olunduğu kimi, Maçaxı Qəsani mahal bəylərinin yaşadığı kənd olub. Vaxtilə bu kənddə 300-dən artıq ev olub. 80-ə yaxın bəy ailəsi yaşayıb ki, bu da həmin dövrdə Dərbənd şəhərində yaşayan bəy ailələrinin sayından çox idi (Bax: Bestujev-Marlinski “Molla Nur” əsəri. Bu əsərdə Dərbənd şəhərində yaşayan bəy ailələri haqqında məlumata rast gəlinir).

Bəzi tədqiqatçılar Maçaxı entonimini Türk tayfalarından olan massagetlərlə və Yasəfin oğlu Məcucun adı ilə bağlayırlar. Digər mənbələrdə (bu, daha doğru variantdır) Maçaxı kəndinin mənası (o vaxtlar çox keçmiş əyyamlarda kəndlər yarananda kəndlərə ad qoyardılar) mənası su bolluğudur. Maçaxıda üç qəbiristanlıq, iki məscid yeri var. 1918-ci ilin mart qırğınında erməni daşnakları həm kəndi, həm də məscidləri dağıdıb yandırıblar. 1918-ci ilə qədər Maçaxıda böyük bazar var idi, o vaxt belə bazar Göyçay və Şamaxıda olub. 1918-ci ildə ermənilər həmin bazarı da yandırıblar.

İndi Lahıca gedən yollar o vaxtlar olmayıb. Ağsu, Kürdəmir, Şamaxı, Qarabağdan gediş-gəliş, habelə, Gədəbəydən gələn mis yüklənmiş dəvə karvanları Maçaxıya gələrmiş, çayın içi ilə Lahıca yollanarmışlar. Maçaxıda 1918-ci ilə kimi karvansaray olub. Karvansaray Molla Məhəmmədin yurdu olub. Tiflisdən Kürdəmirə gələn malları (əsasən mis və başqa metal məmulatları) arabaçılar Maçaxıya daşıyarmışlar. Orada, yəni Karvansarayda mallarını saxlayardılar, atlarla mallarını Lahıca aparar, mis emal olunduqdan sonra yenidən gələrdilər Maçaxı Karvansarayına və oradan Tiflisə və Rusiyanın bir çox şəhərlərinə göndərərdilər.

Hal-hazırda həmən bazar, məscid və karvansarayın yerləri mövcuddur. Keçmiş kişilərin dediklərinə görə və İsmayıl bəy Qutqaşenlinin “Səfərnamə”sində qeyd edildiyi kimi, Maçaxı o dövrdə arabasarda ən böyük yaşayış məntəqəsi olub. Hazırda aşağı Qaraqayada hamam yeri, Sərdəhar kəndinə yaxın yerdə, dikin üstündəki qəbiristanlıq Maçaxı qəbiristanlığı adlanır. İndiyə kimi Maçaxı kəndinin qəbiristanlığında şəhidlərin qəbirləri mövcuddur. Qəbirlər durur, onlar hamısı yazılı abidələrdir. Təəssüf ki, bu abidələri itirib axtaran yoxdur. Bu şəhidlər hansı dövrə aiddir və nə uğrunda şəhid olublar. Bunu bir Allah bilir.

Keçmiş zamanlarda məktubları, teleqramları, xəbərləri çatdırmaq üçün müəyyən yerlərdə keçmiş Nikolay hökumətinin dövründə hökumətin poçtları olub. Tiflisdən Şamaxıya qədər bir neçə yerdə dövlət poçtu mövcud olub. Bu poçtlardan biri də Maçaxı kəndində imiş. İndi də həmən yerə “Poçt yeri” deyirlər.

Maçaxı ən abad və inkişaf etmiş bir Türk kəndi olduğuna və burada əsasən bəy ailələrinin, o cümlədən, Şirvan Xanlığının nümayəndəsinin də mülkü olduğuna görə ermənilər Maçaxını yer üzündən silmək istəyiblər.

Maçaxı bəylərinin alicənablığı haqqında 70-80-il bundan əvvəl çoxlu rəvayətlər söyləyərmişlər. Lahıc, Həftəsov, Brovdal dağ adamları söhbət edirdilər ki, bizim taxılımız qurtaranda Maçaxı bəylərinə müraciət edərdik. O bəylər də bizə taxıl köməkliyi edərdilər və biz də ailəmizi ərzaq çətinliyindən çıxardardıq. Belə kişilərdən Lahıcdan Seyid Razi, Kərbəlayi Həbib, Brovdaldan Məşədi Ayət, Həftəsan, Əhəndən və başqa dağ kəndlərindən onlarla başqaları bəylərin kasıblara, aclara əl tutmağından, səxavətindən danışardılar. Xüsusilə, dediyimiz Karvansaraya sahib olan Molla Məhəmməd taxılı olmayanlara taxıl, pulu olmayanlara pul verərdi (sələmsiz), atının arpası qurtaranlara yem və sair təmənnasız köməkliklər edərdi. Bu səbəbdən də dağ kəndlərinin (28 kənd) adamları Maçaxı kəndinin adamlarının, bəylərinin xatirəsini həmişə üstün tutardılar.

Qeyd etdiyimiz kimi, Maçaxı kəndinin bütün evləri, 2 məscidi, bazarı, karvansarayı, poçtu, 3 ədəd su dəyirmanı, su dingi yandırılıb məhv edilib. Əhalinin bir hissəsini məsciddə və öz evlərində diri-diri yandırıblar. Həmin binaların xarabalıqları 1965-1970-ci illərə qədər tarixin şahidi kimi mövcud idi. Karvansarayın daşları ilə 30-cu illərdə Tircan kəndində orta məktəb və məscid tikilib. Son vaxtlar isə həmin binalar sökülür, daşları isə restavrasiya məqsədilə haralarasa daşınıb aparılır.

Məlumdur ki, ermənilər həm də riyakardırlar. Onlar saxta şeylərdən özlərinə sərf edən “tarix” yazır, dünyaya yayırlar. Bizdə isə real tarixə belə biganə münasibət bəslənilir. 1918-ci ildə demək olar ki, şəhid olmuş bir kəndi bərpa etmək əvəzinə, mövcud olan qaz xətti kəsilib aparilir. Halbuki həmin xətt istifadəyə yararlı idi. Görəsən bu işi görənlər (bir kəndin qaz xəttini kəsib digərinə qaz çəkənlər) hansı məntiqə və marağa görə bunu ediblər?! Keçən il isə Maçaxıya və Tircana gedən elektrik xəttinin bir neçə dirəyi və naqilləri oğurlanıb. Burda da həmin sahəyə “cavabdeh olan əməkdaşların” rolu şübhə doğurur.

Kəndin bir hissəsinin su problemləri də qalmaqdadır.

Maçaxı, həm tarixi yaşayış məntəqəsi, həm erməni vəhşiliklərini dünyaya sübut edə biləcək bir tarixi mənbə kimi, həm də aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Mikayıl Vahabzadənin vətəni kimi hamımızdan diqqət və qayğı tələb edir. Bu soyqırımın 100 illiyi ərəfəsində kəndin mərkəzindəki məscidin yerində bir xatirə lövhəsi qoymaq, oranı həm yerli sakinlər, həm qonaqlar və turistlər üçün ziyarətgaha çevirmək yaxşə olarr. Həmçinin kəndin qeyd olunan digər problemlərini də həll etmək lazımdır.

sehid Vahabzade Mikayil.jpg (105 KB)

Sonda şəhid M. Vahabzadənin dəfnini yüksək səviyyədə təşkil edən, məzarını abadlaşdıran və ondan çələngləri əksik etməyən, ailəsindən dəstəyini əsirgəməyən hər kəsə, vəzifəsindən asılı olmayaraq minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.

Vaqif Əfəndi , həkim

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …