Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Elnur Nağızadə barəsində axtarış elan olunub

Elnur Nağızadə barəsində axtarış elan olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə axtarışa verilib.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Elnur Nağızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Məsələyə münasibət bildirən TQDK sədri Məleykə Abbaszadə bir müddət əvvəl APA-ya açıqlamasında qeyd edib ki, bu ilin yanvarında iki nəfər E. Nağızadə ilə bağlı TQDK-na müraciət edib: “Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın ”.

Onu da qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın