Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub?

Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub?

Almaniyada azərbaycanlı Elman Allahverdiyevin çoxmilyonluq investisiyaları ətrafında qalmaqal davam edir. İndi də azərbaycanlı iş adamı pulların yuyulmasında ittiham edilir.

Xatırladaq ki, bir neçə ay öncə virtualaz.org Aşağı Saksoniya torpağında yerləşən kiçik Bad Bevensen kurort şəhərində bir neçə mehmanxana, pansionat və diabet klinikasına sahib olan Elman Allahverdiyevin müflisləşməsindən yazmışdı.

Elman Allahverdiyevin ən məşhur oteli sayılan “Kieferneck” aprel ayında gözlənilmədən bağlandı. Eyni zamanda, müflisləşmə üçün heç bir gözlə görünən səbəb yox idi – oteldəki yerlər bir neçə ay əvvəldən tutulurdu.

Elman Allahverdiyevin müəmmalı müflisləşməsi kurort şəhərciyinin rəhbərliyini təəccübləndirməyə bilməzdi. İş burasındadır ki, E.Allahverdiyev turizm sektorundakı adambaşı yerlərin 10%-nə sahib idi. Onun otellərinin bağlanması bu sektorda böhrana gətirib çıxarmışdı. Şəhərin büdcəsinin əsasını isə məhz turizm gəlirləri təşkil edir.

Bad Bevensen şəhərinin meri Martin Feller hüquq-mühafizə orqanlarına vəsatətlə müraciət etmək fikrindədir. Onu maraqlandıran məsələ heç bir yoxlama aparılmadan Elman Allahverdiyevin yerli daşınmaz əmlaka milyonlarla avro investisiya qoymasıdır. Turizm obyektlərinin satışı zamanı heç kim Allahverdiyevin pullarının mənşəyi ilə maraqlanmamışdı.

Yerli məmurlar şübhələnirlər ki, Elman Allahverdiyev pulların yuyulması üçün o qədər də mürəkkəb olmayan sxemdən istifadə edib. Belə ki, o, “çirkli” pullarını bilərəkdən yerli daşınmaz əmlaka yatıraraq, sonradan özünü müflis elan edib. Turizm sektorunu xilas etmək üçün yerli hakimiyyət bu obyektləri ondan almağa məcburdur ki, bu da həmin pulların leqallaşması deməkdir. Elman Allahverdiyev növbəti dəfə bu pulları hansısa işə yatırmaq fikrinə düşsə və ondan pulların mənşəyi ilə bağlı maraqlansalar, asanlıqla deyə bilər ki, pulları daşınmaz əmlakın satışından Almaniya büdcəsindən alıb.

Lakin yerli hakimiyyət çirkli pulların yuyulmasına bənzəyən bu sxemdə iştirak etmək arzusunda deyil.

Almaniyalı jurnalistlərin Elman Allahverdiyevlə çoxsaylı əlaqə yaratmaq cəhdləri, nəhayət ki, uğurla nəticələnib. Azərbaycanlı investor onlara elektron poçt vasitəsilə cavab verib. O bildirib ki, Almaniya iqtisadiyyatına yatırılmış pulların mənşəyini sübut etməyə zərurət yoxdur. Həmçinin onun daşınmaz əmlakını satmaq niyyəti də yoxdur.

Bununla birgə, o əlavə edib ki, mehmanxanaların və diabetik klinikanın köhnəlmiş binalarının sökülməsi ilə bağlı danışıqlar aparır. Bunun üçün yerli hakimiyyət bələdiyyə torpaqlarını özəl mülkiyyətə verməlidir. Lakin bunu etməyə tələsmirlər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …