Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Araşdırma / Eldar Mahmudovun qohumundan 50 min dolları kim istəyib?

Eldar Mahmudovun qohumundan 50 min dolları kim istəyib?

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Mayın 4-də keçirilmiş iclas ləğvetmə prosesində olan “Zaminbank”ın “Səbail” filialının müdiri Rauf Hüseynovun ifadəsi ilə başladı.

 

Nazirin qohumu MTN-ə çağırıldı

Zərərçəkmiş ifadəsində bildirdi ki, 2015-ci ilin may ayında MTN-dən zəng edilərək, nazirliyə gəlməsi xahiş olunub. “Nazirliyin yaxınlığında yerləşən “Sultan” kafesinin qarşısında MTN əməkdaşı Natiq Alıyev məni qarşıladı və nazirliyin Nəzarət-buraxılış məntəqəsinin ikinci mərtəbəsinə qalxdıq”, – Rauf Hüseynov deyib.

Onun sözlərinə görə, MTN-də zərərçəkmiş xarici ölkələrə qanunsuz pul köçürmələrində ittiham edilib. Bundan sonra ondan 100 min dollar tələb edilib, lakin Rauf Hüseynov heç bir günahının olmadığını və pul verməyəcəyini deyib. Qiymət 50 min dollara düşüb, bu dəfə də zərərçəkmiş pul verməyəcəyində israr edib.

“Həmin günün axşamına kimi saxlayıb məni buraxdılar. Sonra müəyyən fasilələrlə 3-4 dəfə Natiq Alıyev mənə zəng edərək pulu nə vaxt gətirəcəyimi xəbər aldı, mən yenə də günahımın olmadığını və 1 qəpik də verməyəcəyimi bildirdim. Daha sonra MTN ləğv olundu, bu zənglər də kəsildi”, – zərərçəkmiş qeyd edib.

Vəkillərin suallarına verdiyi cavablarından bəlli oldu ki, zərərçəkmiş Rauf Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur – keçmiş MTN şefi zərərçəkmişin qardaşının bacanağı ilə qohumluq əlaqəsindədir.

 

“Nazirin qohumundan pul tələb etməyim absurddur”

Təqsirləndirilən Natiq Alıyev epizodla bağlı ifadəsində bildirdi ki, Füzuli Əliyevin göstərişi ilə əmtəəsiz maliyyə əməliyyatlarının keçirilmısində (nağdlaşdırma – red.) şübhəli bilinən Rauf Hüseynovu MTN-ə dəvət edib. Sonradan zərərçəkmişin Eldar Mahmudovun qohumu olması məlum olduqda, onu sərbəst buraxıblar.

“Rəhbərliyin tapşırığı ilə buraxılmış və nazirə qohumluğu çatan adamdan pul istəməyim absurd iddiadır, mən bu adamdan pul istəməmişəm”, – Natiq Alıyev bildirib.

Ona cavab olaraq zərərçəkmiş qeyd etdi ki, telefon danışığı avtomobildə həyat yoldaşı ilə gedərkən baş verib və səsgücləndirici vasitəsilə həyat yoldaşı da bu sözləri eşidib, lazım gələrsə, təsdiq edə bilər.

Qeyd etmək lazımdır ki, zərərçəkmiş Rauf Hüseynov təqsirləndirilənlərlə bağlı şikayətinin və heç bir iddiasının olmadığını açıqladı.

Natiq Alıyev

Zərərçəkmiş təqsirləndirilənlərdən heç birini tanımadı

Ötən iclasda zərərçəkmiş qismində ifadə vermiş və hadisənin təfərrüatlarından xəbərsiz olduğunu deyən Halay Bəylərovun və digərlərinin iddiası ilə baxılan epizod üzrə daha iki zərərçəkmiş ifadə verdi.

Zərərçəkmiş Elşən Həsənov qeyd etdi ki, qardaşı Seymur Həsənov “Zaminbank”ın Azadlıq prospektində yerləşən 9 saylı valyuta mübadiləsi məntəqəsinin xəzinədarı olub. Bank işini yaxşı bildiyi üçün məntəqədə işləməsə də, qardaşına tez-tez kömək etdiyini və məsləhət verdiyini deyən zərərçəkmiş bildirib ki, 2015-ci il may ayının 9-da qardaşı ona zəng edərək, MTN-ə aparıldığını deyib. Nazirliyə gələn Elşən Həsənov nazirliyin əməkdaşları tərəfindən dindirilib. Zərərçəkmişin sözlərinə görə, hazırda müttəhimlər kürsüsündə oturanlardan heç birini tanımır və onu MTN-də dindirənlərin arasında bu adamlar olmayıb.

Dövlət ittihamçıları zərərçəkmişə xatırlatdılar ki, istintaqa verdiyi ifadəsində təqsirləndirilənlər Natıq Alıyevlə Zaur Məmmədovun adlarını çəkib və hətta Natıq Alıyevin fotoşəklini tanıyıb. Zərərçəkmiş Elşən Həsənov israrla bildirdi ki, istintaqda belə ifadə verməyib və təqsirləndirilənlərdən heç birini tanımır.

Elşən Həsənovun sözlərindən məlum oldu ki, məntəqədə olan bütün pullar nazirliyə aparılandan və geri gətiriləndən sonra 220 min dolların çatışmadığı bilinib.

Zaur Məmmədov

Zərərçəkmiş təqsirləndirilənlərə qarşı heç bir şikayətinin və idiasının olmadığını dedi.

 

“İdmanda nailiyyətlətim var, amma qorxudan saçlarım ağardı”

Zərərçəkmiş Seymur Həsənov ifadəsində bildirdi ki, 2015-ci ilin may ayının 9-da valyuta mübadiləsi məntəqəsində işdə olarkən müştərilərdən biri ona zəng edib və təxminən 200 min avro lazım olduğunu deyib.

Kamran adlı müştəri əlində olan ABŞ dollarlarını məntəqəyə təhvil verdiyi vaxt 5-6 nəfər MTN əməkdaşı ofisə daxil olaraq, kassadakı bütün pulları və noutbuku götürərək, zərərçəkmişin nazirliyə getməsinin lazım olduğunu bildiriblər.

“Mən çox qorxmuşdum. Orduda xidmət etmişəm, general tərəfindən təltif olunmuşam, məşğul olduğum idman növündə nailiyyətlərim var, yəni qorxaq biri deyiləm. Amma həmin gün çox qorxmuşdum. Bircə onu deyim ki, 28 yaşımın olmasına baxmayaraq, hadisədən sonrakı 1 ay ərzində saçlarım ağardı”, – Seymur Həsənov bildirib.

Onun sözlərinə görə, nazirlikdə əsas etibarilə qardaşı ilə danışıblar. Qeyd edək ki, məntəqədən götürülən pulun 400 min manata yaxın həcmdə olmasına baxmayaraq, zərərçəkmiş Elşən Həsənovun göstərişi ilə zərərçəkmiş Seymur Həsənov MTN-dən buraxılıb ki, 100 min dollar tapıb gətirsin. “Nazirliyin əməkdaşları ilə söhbətdən sonra qardaşım mənə dedi ki, gedim 100 min dollar gətirim. Anar adlı müştərimizdən həmin məbləğdə pulu götürərək, nazirliyə qayıtdım və qardaşıma verdim”, – zərərçəkmiş deyib.

Burada bir daha qeyd edək ki, zərərçəkmişlərin sözlərinə görə, MTN-də onların pulunun üstündən 220 min dollar götürülüb (əlavə gətirilmiş 100 min dollarla birlikdə – red.). Vəkillərin bütün cəhdlərinə baxmayaraq, bu məntiqsiz hərəkətin səbəbi aydınlaşmadı.

Vəkil Adil İsmayılovun sualına cavab verən zərərçəkmiş Seymur Həsənov etiraf etdi ki, Rusiyadan Azərbaycana və əks istiqamətdə tapşırıqla pul köçürmələri ilə məşğul olublar. Yəni, əgər Rusiyada kiməsə Azərbaycana konkret məbləğdə pul köçürmək lazım gəlirmişsə, həmin məbləğdə pul burada tapşırılan adama verilirmiş və əksinə. Bu yolla tərəflər köçürülmə vaxtı tutulan yüksək faizlərdən can qurtarırlarmış.

Füzuli Əliyev

Qeyd etmək lazımdır ki, zərərçəkmiş Seymur Həsənov da təqsirləndirilənlərin arasında heç kimi tanımadığını və onlara qarşı heç bir iddiasının olmadığını bildirdi.

Məsələyə aydınlıq gətirməyə çalışan təqsirləndirilən Füzuli Əliyev bildirdi ki, bu işlə məşğul olan və zərərçəkmişləri dindirmiş insanlar hal-hazırda DTX-də işləyirlər. Maraqlı nüans ondan ibarətdir ki, prosesə sədrlik edən hakim Həbib Həsənov da cinayət işinin bu epizoda aid materiallarında guya təqsirləndirilən Zaur Məmmədovun yazdığı qeydin onun xətti ilə yazılmadığını bildirdi.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin olundu.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …

Bir cavab yazın