Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Araşdırma / “Eldar Mahmudovun dindirilməsi vacibdir” – məhkəmədə gərginlik

“Eldar Mahmudovun dindirilməsi vacibdir” – məhkəmədə gərginlik

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib. O, Xəzər rayon icra hakimiyyəti başçısının sabiq müavini Heydər Ələkbərovdan hədə-qorxu yolu ilə pul alınması epizodu üzrə ifadə verib.

R.Abdullayev deyib ki, sabiq müavini 2011-ci ildən tanıyıb: “İdarə rəisinin müavini İlqar Əliyevin göstərişi ilə Heydər Ələkbərovda olan sənədləri yoxladım. Həmin sənədlər komitədə idi. Onların əslini istədim. Bildirdi ki, icra başçısındadır”.

Sabiq MTN zabiti Əmlak komitəsinin Xəzər rayonu üzrə şöbəsinin əməkdaşı Rauf Sultanovun saxlanılması və ondan pul tələb edilməsindən danışıb. O, bildirb ki, bütün əməliyyatlar idarə rəisinin tapşırığı ilə həyata keçirilib.

Zərərçəkmiş Heydər Ələkbərov isə deyib ki, şahid məhkəmədə həqiqəti danışmaq istəmir: “Mənim boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıb, üzümə durmağa məcbur ediblər. Məni otaqda olanlar sıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim ki, məni bura kim çağırıb? Rəhbərinizlə görüşdürün. Sonra məni İlqar Əliyevin otağına apardılar. İndi şahid deyir ki, nəsə xahiş etmişəm. Amma yalan deyir”.

Daha sonra çıxış edən zərərçəkmiş Maqsud Mahmudov bütün olayları şou adlandırıb.

O, sabiq nazir Eldar Mahmudovun dindirilməsini istəyib: “Deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi ilə olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir”.

Digər zərərçəkmişlər də E.Mahmudovun məhkəməyə gətirilməsini istəyiblər. Amma məhkəmə vəsatəti müzakirə etməyib.

Daha sonra şahid qismində Ələkbər Heydərovun oğlu Aydın ifadə verib. O, bildirib ki, 2011-ci ildə atası MTN əməkdaşları tərəfindən saxlanılıb və İlqar Əliyev ondan 500 min manat tələb edib, amma sonra 300 min manata razılaşıblar.

Zərərçəkmiş Mətləb Mustafayev isə bildirib ki, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev 2016-cı ilin dekabrında ifadə verib, 5 gün sonra intihar edib. O, həmin ifadənin elan edilməsini istəyib. Hakim həmin ifadəni sənədlərin tədqiqi mərhələsində elan edəcəyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.

 

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın