Ana səhifə / Araşdırma / “ELDAR ƏZİZOVUN GÖZTƏRİŞİ İLƏ HƏMİN HASAR SÖKÜLDÜ…” – Zeytunluq azad edildi (YENİLƏNDİ)

“ELDAR ƏZİZOVUN GÖZTƏRİŞİ İLƏ HƏMİN HASAR SÖKÜLDÜ…” – Zeytunluq azad edildi (YENİLƏNDİ)

Bakı şəhər İcra Hakimiyyəti də 1-Cİ Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclardan ibarət zeytun bağının qanunsuz hasarlanması faktının aradan qaldırılması ilə bağlı bu gün görülmüş tədbirlər barədə açıqlama verib. Açıqlamada deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti 1-ci Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsində yüzlərlə çoxillik zeytun ağaclarından ibarət yaşıllıq zonasının hasarlanması faktı ilə bağlı araşdırmanı davam etdirəcək.

Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Kərimov deyib ki, araşdırmadan sonra ərazinin hasarlanmasına icazə verən səlahiyyətli şəxslər, yaxud ərazini qanunsuz hasarlayanlara qarşı tədbir görüləcək: “Virtualaz.org və haqqin.az saytlarının xəbərindən dərhal sonra bizim əməkdaşlarımız hadisə yerinə baxış keçirib, faktı araşdırılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə bu gün hasar sökülüb, hazırda icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən ərazidə təmizlik işləri aparılır”.

***

Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində (“Neftmaştəmir” ASC ilə üzbəüz) yerləşən, yüzlərlə çoxillik zeytun ağaclarından ibarət təxminən 35-40 sotluq ərazinin zəbt edilərək hasarlanması faktına Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev şəxsən özü müdaxilə edib. Bu gün səhər saatlarında icra hakimiyyətinin başçısının köməkçisi Müslüm Mahmudov redaksiyamızla əlaqə saxlayaraq belə deyib.

M.Mahmudov bildirib ki, virtualaz.org saytı zeytun bağının hasarlanması barədə reportajı dərc edəndə icra hakimiyyətinin başçısı işdə deyildi. “Başçı dünən işə çıxdı və bu məsələni şəxsən araşdırdı. Və hasarın sökülməsinə göstəriş verildi”-M.Mahmudov bildirib.

İcra hakimiyyətinin başçısının köməkçisi məlumat verib ki, artıq bu gün səhər saatlarından etibarən hasarın sökülməsi üçün işlər başlayıb, əraziyə texnika göndərilib. “Şəxsən Adil müəllim özü də buradadır, söküntü işlərinə nəzarət edir”-rayon başçısının köməkçisi redaksiyamızı məlumatlandırıb. Və hasarın söküldüyünü əks etdirən fotoları təqdim edib.

“Onların müəyyən sənədləri olsa da hasarın sökülməsinə qərar verildi. Çünki ictimai əhəmiyyətli yaşıllıq ərazilərinin qorunması rayon rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Bundan sonra da rayon ərazisində yaşıllıq ərazilərinin qorunması üçün rayon rəhbərliyi qəti tədbirlər görməkdə qərarlıdır”-M.Mahmudov deyib.

Xatırladaq ki, zeytun bağının hasarlanması faktını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da şəxsi nəzarətinə götürmüşdü və məsələni araşdırmaq üçün ötən gün əraziyə öz nümayəndəsini göndərmişdi. Şəhər İcra Hakimiyyətindən saytımıza bildirmişdilər ki, araşdırmanın nəticəsi hazırdır və tezliklə Eldar Əzizova məruzə ediləcək.

Virtualaz.org Bakıda yaşıllıqların, xüsusən də faydalı, qiymətli zeytun ağaclarından ibarət olan bağın qorunmasında göstərikləri həssaslığa, mətbuatın qaldırdığı problemə operativ reaksiya verib gördükləri müvafiq tədbirlərə görə Sabunçu rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə ictimaiyyət adından təşəkkür edir.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …