Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Araşdırma / Elbəyi Həsənlinin Bakı aeroportunda saxlanma səbəbi bilindi

Elbəyi Həsənlinin Bakı aeroportunda saxlanma səbəbi bilindi

Tanınmış mühacir 11 manat təzminat ödəyəcək və təkzib verəcək

İsveçrədə mühacirətdə yaşayan jurnalist Elbəy Həsənli Bakıya gələrkən saxlanılıb. Hazırda azadlıqda olan E.Həsənli musavat.com-un əməkdaşı ilə söhbətində hadisənin detalları ilə bağlı danışıb.

Müsahibimiz bildirib ki, oktyabrın 9-na keçən gecə, saat 02.00 radələrində ailə üzvləri ilə birgə Bakıya gəlib. Gömrük postunu öncə həyat yoldaşı keçib.

Özü keçəndə isə ona gözləməli olduğunu deyiblər: “Keçdim oturdum. Sonra gəldilər. Məni polis şöbəsinə apardılar. İltizam aldılar ki, bu gün saat 11-də Binəqədi rayon polis idarəsində olmalıyam. Məni ordan götürdülər və Nizami rayonunda Ədliyyə Nazirliyinin şöbəsinə gətirdilər. Orda oldum. Kapitan rütbəli Yaqub müəllim adlı bir şəxs məni qəbul etdi. Bildirdi ki, hansı məsələ üzrə saxlanmışam. 2016-cı ildə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəti Gülağa Aslanlı məni məhkəməyə verib. 29 noyabrda qərar qəbul edilib. Qərarda deyilir ki, Müsavat Partiyasının vəzifəli şəxsləri saxta partiya vəsiqələri ilə bağlı dediklərimdən şikayət ediblər və məhkəmə onların xeyrinə qərar qəbul edib. Mən bir neçə il əvvəl mətbuat vasitəsilə bildirmişdim ki, Müsavat Partiyası Avropada mühacirət almaq istəyənlərə saxta partiya vəsiqələri verir. Elə adamlar Avropadakı məhkəmələrə saxta sənədlər gətirirlər ki, məhkəmə onların xeyrinə qərar çıxarır. Halbuki gerçək müsavatçılar öz sənədləri ilə burda oturum almaqda çətinlik çəkir”.

E.Həsənli bildirdi ki, bu mövzuda dedikləri uzun müddət mediada müzakirə olunmuş və Müsavat Partiyası rəhbərliyi bu iddialarla bağlı onu məhkəməyə vermişdi: “Bu qərara əsasən, Müsavat Partiyasına simvolik olaraq, 1 manat ödəməliyəm. Ümumi olaraq isə 11 manat ödəməliyəm. Bu barədə yazdıqlarımla bağlı təkzib verməliyəm ki, belə bir şey olmayıb. Amma onu da deməliyəm ki, təkziblə məsələ həll olunmur. Partiyanın şərəf və ləyaqəti onda qorunur ki, Elbəyi kimi üzvləri var və partiya daxilindəki eybəcərliklərə qarşı səsini çıxarır. Bizim missiyamız budur. Azərbaycanda sadəcə, hakimiyyətə qarşı mübarizə aparmaqla, müxalifətçilik etmək olmaz. Bunun üçün gördüyün hər cür haqsızlığı, qanunsuzluğu, saxtakarlığı demək, ifşa etmək lazımdır. Müsavat Partiyasında deqredasiyalar baş verib. Bu da özünü eybəcər formada göstərir. Mən bu barədə susqunluq nümayiş etdirmək fikrində deyiləm. Bu, müəyyən problemlıər yaradır. İstəyimiz odur ki, Müsavat Partiyasının nüfuzu, bu partiyanın əzəməti daha böyük olsun”.

Müsahibimiz hesab edir ki, haqlıdır və düz edib. Bununla belə, o, məhkəmənin qərarına tabe olacağını dedi: “Cəriməni yaxın dəqiqələr ərzində ödəyəcəm. Ədliyyə şöbəsindən sənədlər verildi. Mən o ünvana post vasitəsilə o pulu oturdacam. 11 manat ödəyəcəm. Müsavat Partiyasına çatacaq ümumi məbləğ 1 manatdır. Bu, simvolikdir. Təkzibə gəlincə, bu barədə dediklərim əksər media orqanlarında yer alıb. Burada təkzib verməliyəm. Təkzib vermədiyim halda ölkəni tərk etmək hüququm olmur. Mən də 10 günlük məzuniyyətə gəlmişəm. Ailəmlə gəlmişəm. Gəlmişkən macəra yaşadım. Təkzib verəcəm. Belə şeylərə görə işlərimi yarımçıq qoya bilmərəm. Bununla belə, Müsavat rəhbərliyinə deyəcəyim odur ki, papağını qabağına qoyub, düşünsün. Bu siyasət yanlışdır və ciddi dəyişikliklər olmalıdır. Ən azı bir 10 il əvvəlki sistemi yenidən bərpa etməlidir. Bunu necə etmək olar? Sağlam niyyət, dəyərlər sistemi olmalıdır”.

 

Həmçinin oxuyun

“Deputat, qardaşı və qaynı pulumu yeyib” – iş adamı

“Əsabil Qasımovdan aldığım 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər …