Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Ehtiyatlı olun! Sizə öncə milyonlar vəd edəcək, sonra isə soyacaqlar…. – XƏBƏRDARLIQ

Ehtiyatlı olun! Sizə öncə milyonlar vəd edəcək, sonra isə soyacaqlar…. – XƏBƏRDARLIQ

Həm də sonuncu qəpiyinizə qədər!
Son günlər facebook sosial şəbəkəsində aktivliyi ilə diqqət çəkən bəzi şəxslərə müxtəlif profillərdən ilk baxışdan olduqca cəlbedici görülən təkliflər gəlməkdədir. Moderator.az-ın araşdırmaları nəticəsində bəlli olub ki, adətən xəstə qadın şəklinin əks olunduğu profildən gələn və türk dilində olan bu mesajda qarşı şəxsə nə az nə çox – milyonlarla manat vəsait vəd olunur. Mesaj sahibi iddia edir ki, o, ölümə məhkum ağır xəstədir və çox güman ki, yaxın həftələrdə dünyasını dəyişəcək. Bu səbəbdən də sahib olduğu bütün pulları qarşısındakı şəxsə vəsiyyət etmək istəyir. İşin ən maraqlı tərəfi isə budur ki, “ölümə məhkum milyoner qadın” bu məsələdə heç bir təmənna güdmür. Yeganə təmənnası o olur ki, bu pulları alan şəxs onun 30%-ni şəxsi ehtiyacı üçün götürəndən sonra qalan vəsaiti imkansız, köməyə möhtac olan şəxslərin ehtiyacına sərf etsin.
 
Taleyin möcüzəsi, yoxsa qeyri-adi fırıldaq?
Araşdırmalar göstərir ki, bu tip mesaj alan insanların bir çoxu bunu sözün həqiqi mənasında taleyin möcüzəsi hesab edir. Onların bəzisi hesab edir ki, bu mesaj uzun illərin məəqqətli həyatından sonra Allahın onlara təqdim etdiyi xilas yoludur. Hansı ki, bu yolu sona qədər təqib etməklə maddi zənginliyə çıxmaq, yalnız özünün deyil, bütün doğmaların “gələcəyini qurtarmaq” mümkündür. Lakin ilk məqamda çox az adam bunun “ilahi möcüzə” olmadığını, virtual soyğun məqsədli qeyri-adi fırıldaq olduğunu dərk edir.
“Pul əlinizə gəlib çatana kimi heç kimə heç nə deməyin!” 
İnsanları “milyonluq vəsiyyət” yalanına inandırmağa çalışan fırıldaqçılar başlatdıqları soyğun planını uğurla sona çatdırmaq üçün bu cür mesaj alan şəxslərə aldıqları mesaj haqqında heç kimə heç nə deməməyi tələb edir. “Xəstə milyoner” qarşısındaknı inandırmağa çalışır ki, əgər o, bu barədə kiməsə desə, o zaman bu “müqəddəs iş”, “xeyirxahlıq missiyası” kənar müdaxilə nəticəsində pozula bilər. Bu səbəbdən də “xeyriyyəçi” israrla məsləhət görür ki, bu barədə yaxın dostlarına və ya ailə üzvlərinə yalnız milyonları alandan sonra məlumat ver. Əslində isə məqsəd potensial qurbanın yaxınları baş verənlərlə bağlı xəbər tutana qədər virtual soyğunu başa çatdırmaqdır.
“Mənə özünüzlə bağlı hər şeyi yazın: ünvanı, telefonu, sənətinizi, hər şeyi”
Virtual soyğunun əlamətlərindən biri də qarşı tərəfin hədəfə götürdüyü şəxsdən özü haqqında bütün informasiyaları yazmasını istəməsidir. “Ölümə məhkum milyonçu” iddia edir ki, pulları heç bir problem olmadan köçürmək üçün onunla bağlı bütün informasiyaya ehtiyacı var. Bu səbəbdən də o, öz potensial qurbanından tələb edir ki, özü ilə bağlı bütün informasiyanı dəqiqliklə yazsın. Bura hesab nömrəsi, e-mail, ünvan, telefon nömrələri, məşğul olduğu sənət və s. daxildir.
Pulu göndərəcək “milyonçu” isə özü haqqında demək olar ki, heç nə demir. Sadəcə,  qarşı tərəfi şübhəyə salmamaq üçün özü ilə bağlı uydurma bir ünvan qeyd edir.
Soyğun üçün virtual oğruya uzadılan açar…
Qurbanından özü il bağlı bütün şəxsi məlumatları tələb edən soyğunçu elə bu informasiyaların köməyi ilə də onun bank hesabına müdaxilə edir. Nəticədə həmin hesabdakı bütün pulları sonuncu qəpiyinə qədər mənimsəyir. Başqa sözlə desək, milyonlarla bağlı yalana inanan şəxs özü ilə bağlı informasiyaları qarşı tərəfə verməklə, bir növ bank hesabı üzərindəki kilidi açmaq üçün ona açar uzadır. Nəticədə, bu açardan istifadə edən kibercinayətkar öz məqsədinə asanlıqla nail olur.
“Allah görür” adı ilə gerçəkləşdirilən soyğun…
İnternet üzərindən gerçəklədiirlən bu soyğunun daha bir özəlliyi isə onun  “Allah görür” ifadəsi altında reallaşdırılması ilə bağlıdır. Belə ki, virtual soyğunçu diqqəti baş verənlərin əsl mahiyyətindən yayındırmaq, qarşı tərəfin hər hansı şübhəyə düşməsini əngəlləmək üçün çox tez-tez verəcəyi pulları “ictimai maraqlar naminə”, həqiqətən də köməyə ehtiyacı olan şəxslərin problemlərinin həlli üçün xərcləməyi məsəhət görür. Yaşlıları, kimsəsiz uşaqları, xəstələri unutmamağa səsləyir. Həmçinin, tez-tez xatırladır ki, xeyriyyə mqəsədi ilə ayrılan puldan ailə üzvlərinin, yaxın dostlarının təsirinə düşüb şəxsi məqsədlər üçün istifadə etməsin. Çünki “mən görməsəm də Allah görür və Allah bunu bağışlamaz”!
İnamsızlıq görən “xəstə milyoner” sadəcə “buxarlanır”
Qarşı tərəfdən inamsızlıq görən və ya söylədiyi yalanın hansısa mərhələdə ifşa olunduğunu görən “xəstə milyoner” elə həmin an sözün həqiqi mənasında “buxarlanır”. Yəni öz profilini silir və ondan, habelə onun “xeyirxah istəklərindən” geriyə heç nə qalmır.  Və bu, bütün proses boyu reallaşan ən böyük möcüzə olur.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …