Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Dünyamin Xəlilov susdu, süpürgəçi, sürücü, qarovulçu onu ifşa etdi…

Dünyamin Xəlilov susdu, süpürgəçi, sürücü, qarovulçu onu ifşa etdi…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edənlərdən biri , sabiq deputat, oliqarx  Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Ötən prosesdə təqsirləndirilən şəxslər ifadə versələr də, sabiq deputat hazırkı mərhələdə ifadə vermək istəməmişdi. Bu günkü iclasda da eyni hal müşahidə olundu. Hakim yenə D.Xəlilova ifadə verməyi təklif etdi, təqsirləndirilən şəxs isə ifadə vermək istəmədi və bunu vəkilinin prosesdə iştirak etməməsi ilə əlaqələndirdi. Təqsirləndirilən şəxsin vəkili Elvin Səlimov prosesə gecikdiyindən məhkəmədə qısa fasilə elan olundu. Fasilədən sonra vəkili prosesə qatılsa da, iş adamı yenə də ifadə vermək istəmədi.

Xatırladaq ki, Dünyamin Xəlilov kağız üzərində bir neçə MMC yaradaraq onların adına ortağı Cahangir Hacıyevin rəhbərliyi ilə yüz milyonlarla dollar kredit götürüb, həmin pullar xarici offşor hesablara axıdılıb, iqtisadi rentabelliyi olmayan layihələrə yönəldilib və ya mənimsənilib. Keçmiş oliqarx faəaliyyəti ancaq kağız üzərində olan şirkətlərin adına böyük məbləğlərdə kreditlərin rəsmiləşdirilməsi ilə kifayətlənməyib, eyni zamanda faktiki rəhbəri olduğu şirkətlərin qəpik-quruş maaşa işləyən işçilərinin də adına milyonlarla dollarlıq kreditlər alıb, həmin pulları da xaricə ötürüb.

“Şəxsiyyət vəsiqələrimizi də götürdük, Beynəlxalq Banka gedib sənədləri imzaladıq”

 

Bu günkü prosesdə  şahid qismində “İnter Tekstil” ASC-nin işçiləri dindiriliblər. Öncə müəssisənin əməkdaşı Paşa Namazov ifadə verib. O, ifadəsində deyib ki, işçilərdən bankdan kredit götürmək üçün sənədləri imzalamaq tələb olunub. Amma onlar nə götürüləcək məbləğin məqsədini, nə də ki, miqdarını biliblər: ”Bizə dedilər ki, şirkət üçün lazımdır. Fikirləşdim ki, müəssisənin işləri üçün lazımdırsa, özləri də ödəyəcəklər. Şəxsiyyət vəsiqələrimizi də götürdük, Beynəlxalq Banka gedib sənədləri imzaladıq”.

Şahid D. Xəlilovun tez-tez fabrikə gəldiyini, onu müəssisəyə rəhbərlik edən şəxs kimi tanıdığını deyib: ”Mexanik işləyirdim, Dünyamin Xəlilovun müəssisəyə gəlməsini eşidəndə avadanlıqları səliqəyə salırdıq ki rəhbər gəlir. Biz əslində zavodun direktoru Şahin Musayevə (təqsirləndirilın şəxslərdən biri- virtualaz.org) tabe idik. Göstərişləri isə baş mühəndis İlham Ağayev verirdi. İşçilərin arasında da hamı bilirdi ki, buraları Dünyamin müəllim “kurirovat” eləyir. Çünki bizi ofisə – “Caspian Plaza”ya dəvət edir, hesabatlar, müzakirələr aparırdı”.

“Bandotdeldə soruşdular ki, milyonlar hanı?”

 

Şahid Ramiz Kərimov ifadəsində təsisçilik etdiyi firmaya görə bir il hər ay 100 manat aldığını göstərib. Amma özü mühafizəçi işləyib, rəhbərliyin göstərişi ilə banka gedib sənədləri imzalayıb:”Kağızlara baxmamışam, nəyə qol çəkdiyimi bilmirəmFormal olaraq təsisçi olmuşam. Kredit müqavilələrinə 2008-2009-cu illərdə qol çəkilib. O vaxt Xızıda külək enerjisi stansiyası tikilirdi. Məni bandotdelə aparanda soruşdular ki, 50-60 milyon hanı? Dedim bilmirəm”.

Şahid qismində məhkəmədə dindirilən Teymur Quliyev “İntertekstil” müəssisəsində elektrik işlədiyini, 8 il öncə işçilərlə birgə Beynəlxalq Banka gedib sənədlərə imza atdığını, sonradan adına 200 min manat pul götürülməsindən xəbər tutduğunu deyib.

 

Fabrikin işçiləri: “biz kim idik ki?”

 

Şahid Fərman Bağırov da anoloji ifadə verib. O, sürücü işləyib. Beynəlxalq Bankda sənədləri imzaladıqdan uzun müddət sonra isə  210 min manat kreditə qol çəkdiyini öyrənib.

Hakimin “Niyə qol çəkmisiniz? Bəlkə sizi göndərəcəkdilər ki, get adam öldür, öldürəcəkdiniz?”sualına şahid “deyirdik bəlkə zavodun inkişafı üçün lazımdır” cavabı verib.

“Dünyamin Xəlilov sizə hər hansı bir göstəriş veribmi?” sualına isə F.Bağırovun cavabı özünəməxsus tərzdə olub: ”Zavoda tez-tez gəlib gedirdi. Deyirdilər ki, fabrikin rəhbəri odur. Amma biz kim idik ki, o bizə göstəriş verəydi. Biz bunun üçün çox xırda adamlar idik…”

 

“Dedilər şirkətə pul ayrılıb”

 

Şahid Bayram Əliyev, Anar Novruzov və Şahin Qulamov da eyniməzmunlu ifadə veriblər. A.Novruzov oxumağı-yazmağı yaxşı bacarmadığını, göstərilən sənədlərə qol çəkdiyini deyib. Ş.Qulamov Dünyamin Xəlilovun göstərişi ilə banka getdiyini açıqlayıb:”Bizə baş mühasib dedi ki, Dünyamin müəllim bununla bağlı göstəriş verib, biz də gedib sənədləri imzaladıq”.

Şahid İlham Ağayev “İnter Tekstil” ASC-də mühəndis işlədiyini, Dünyamin Xəlilovu tanımadığını, işçilərin bəzilərinə Şahin Musayevin göstərişini çatdırdığını, onları banka göndərdiyini bildirib.

Şirkətdə xadimə işləyən Gülbuta İslamova işlədiyi müddətdə rəhbərliyin göstərişi ilə iki dəfə Beynəlxalq Banka getdiyini, sənədlərə imza atdığını deyib:”Dedilər şirkətə pul ayrılıb, gedib imzalamaq lazımdır. Dünyamin Xəlilov tez-tez fabrikə gəlirdi, maşınlara, avadanlıqlara baxırdı. O gəlməmişdən əvvəl bizə göstəriş verilirdi, ətrafda səlıqə-səhman yaradırdıq”.

Daha sonra prosesdə Etibar Babayev, Bəhram Tanrıverdiyev, Üzeyir Mirzəyev, Vidadi İsgəndərov, Mikayıl Camalov da dindirilib. Adları çəkilən şəxslərin hamısı “İntertekstil” ASC-nin işçiləri olublar.  Onlar D.Xəlilovu rəhbər kimi tanıdıqlarını, gedib bankda sənədlərə qol çəkdiklərini deyiblər.

 

“Səhmlərin alqı-satqısı ləğv edildi”

 

Şahid qismində dindirilən Tural Maqsudov ifadəsində təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu və Seyfulla Seyfullayevi tanıdığını göstərib.  O, bildirib ki, 2009-cu ildə “Səbail Mebel” ASC-nin idarə heyətinin sədri  Seyfulla Seyfullayev ona zəng vurub səhmləri adamı Dünyamin Xəlilov almaq istədiyini deyib. T.Maqsudov səhmləri 500 min manata satmağa razılaşıb:”Sonradan vergi ilə bağlı məsələ ortaya çıxdı. Fərid Məmmədov adlı dostuma etibarnamə vermişdim ki, səhmlərin alınıb-satılmasında iştirak etsin. O da mənə dedi ki, vergi orqanın əməkdaşı zəng vurub səhmlərin alqı-satqısı ilə bağlı 400 min manat vergi ödənilməli olduğunu deyib. Ona görə də səhmlərin alqı satqısı ləğv edilib”.

Məhkəmə prosesi martın 9-da davam edəcək. (Virtualaz.org)

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın