Cümə , Oktyabr 30 2020
Ana səhifə / Araşdırma / Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı

Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı

Davud Bağırov: “…hətta məhkəmə hakimlərinin də adlarını hallandırmaqla onlara təsir etməyə, öz qanununu tətbiq etməyə çalışır”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham etməsinə sonuncu münasibət bildirib. D.Bağırovun redaksiyamızın elektron ünvanına göndərdiyi mövqe-müraciətində deyilir:

“Musavat.com saytında Abdulla Əfəndizadənin 9 avqust və 12 avqust 2017-ci il tarixlərində ”Dubay Prokurorluğu Azərbaycana uzanan uşaq oğurluğu ilə bağlı cinayət işi açdı” və “Uşaq oğurluğu ilə bağlı gizli məhkəmə təxirə salındı” başlığı altında fikirləri yer alıb. Həmin yazıda yenidən absurd, yalan və qərəzli məlumatlar qeyd edilib. Özünü hüquq müdafiəçisi adlandıran A.Əfəndizadə tərəfindən mütəmadi olaraq haqqımda qəzetinizdə verilən məlumatlar əsassızdır. Bir daha bildirirəm ki, hazırda övladımla bağlı iş məhkəmə qaydasında prosedur qaydalarına uyğun olaraq həll edilir. Lakin hər dəfə uşaqla bağlı məsələnin məhkəmədə müzakirə ediləcək günün öncəsi Əfəndizadə yenidən özünə uyğun hazırladığı planı işə salır. Bax, belə yalan məlumatları mediaya ötürməklə ictimaiyyətin diqqətini cəlb etmək, mənə qarşı qınaq yaratmaq, habelə məhkəməyə təsir, təzyiq vasitəsi kimi bir alət olaraq istifadə etməklə öz marağına nail olmağa çalışır. Bir daha qeyd edirəm ki, özünü “hüquq müdafiəçisi” adlandıran, bu proseslərin birbaşa iştirakçısı olan şəxsin məhkəmə qərarına şübhə ilə yanaşması, bunları qəbul etməməsi, mediada açıq şəkildə yayma, prosesə hansısa vasitə ilə təsir etməyə çalışması özü-özlüyündə bir cinayət əməlidir. A.Əfəndizadə özü də çox gözəl bilir ki, hazırda tərəflər arasında olan məhkəmə prosesi açıq və şəffaf şəkildə aparılır, lakin o bununla barışmaq istəyini nədənsə unudur.

Yeni yazıda A.Əfəndizadə qeyd edir ki, onu pulla ələ almaq istəyimiz olub. “Hüquq müdafiəçisi”nin əslində mənə təsir göstərərək pul almaq niyyəti özünü həmişə büruzə verib. Digər tərəfdən yazıda qeyd olunan əsassız bir məlumat odur ki, guya Zarina Jakşenbayeva adlı şəxs öz övladımı “oğurlamaq”da mənə kömək edib. Bu tamamilə yalan məlumatdır. A.Əfəndizadə belə yalan məlumatları qeyd edir, ancaq unudur ki, hazırda məndə Zarina Jakşenbayevanın yazılı ifadəsi var və mən həmin yazıları məhkəməyə təqdim edəcəyəm.

Burada keçmiş həyat yoldaşımın Zarinaya “Whatsapp” vasitəsilə mesaj yazaraq qızımın məndən gizlədilməsi, müəyyən planların qurulması məsələləri yer alıb. Digər tərəfdən yazıda yalan məlumat olaraq göstərilir ki, keçmiş həyat yoldaşım Merim Beishekeyeva bank sektorunda çalışıb və xüsusi sifarişlə onun müəyyən müddətdə tutulmasına nail olunub. Qeyd edirəm ki, o heç vaxt bank sektorunda işləməyib, restoran və digər xidmət sahələrində (Dubayda “Paris Gallery” və “City Bistro Restaurant”da) qulluqçu kimi çalışıb, mənimlə ailə həyatı qurduqdan sonra isə mənim vizamda olub.

Bununla bağlı ayrıca olaraq məndə yazılı məlumat mövcuddur. Həmçinin, onun həmin müddətdə saxlanılması ilə bağlı Dubay Baş Polis Rəhbərliyi apardığı araşdırma nəticəsində qərar verib, tərəflərin polisə verdiyi izahatlarda bu məsələ öz təfərrüatı ilə göstərilib. Həmin sorğuda Merim Beishekeyeva da iştirak edib, öz ifadəsini polisə verib. Bütün bu məlumatları da lazım olduğu təqdirdə məhkəməyə təqdim edəcəyəm. Bundan başqa, A.Əfəndizadə müxtəlif KİV-lərə ötürdüyü məlumatlarda məhkəmə prosesinə nəinki şübhə ilə yanaşır, hətta məhkəmə hakimlərinin də adlarını hallandırmaqla onlara təsir etməyə, öz qanununu tətbiq etməyə çalışır. Düşünürəm ki, bu barədə də müvafiq tədbir görülməlidir və bunu A.Əfəndizadə bir “hüquqşünas” olaraq dərk etməlidir”.

Qeyd edək ki, M.Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə problem yaranıb. Merim Beishekeyeva 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə “nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib.

D.Bağırovun polisə verdiyi məlumatla əlaqədar M.Beishekeyeva saxlanıb, 8-9 saat ərzində onu dindiriblər. Onun narkotik aslılığı, spirtli içki aludəçisi, zöhrəvi xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq üçün ekspertizalar təyin edilib. Ekspertizaların nəticəsi M. Beishekeyeva haqda şikayətdə göstərilən iddiaların əsassızlığını ortaya qoyub.

M.Beishekeyeva ali təhsildir, 3 xarici dili yüksək səviyyədə bilir, əvvəllər bank sistemində məsul vəzifələrdə çalışan gənc xanımdır. M.Beishekeyeva dindirmələrlə əlaqədar saxlanıldığı müddətdə D.Bağırov onun yaşadığı mənzilə girib, oradan sənədləri, azyaşlı qızı Ceyla Bağırovanı aparıb. Uşağı 3 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə aparıb, oradan isə Bakıya gətirib. Dubay Prokurorluğu uşağın anasının icazəsi olmadan ölkədən çıxarılmasını uşaq oğurluğu kimi qiymətləndirib və müvafiq maddə ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın