Ana səhifə / Araşdırma / DTX-nın idarə rəisləri MTN-dən çıxarılan milyonlar haqda danışıblar – “Nazirin imzası ilə…”

DTX-nın idarə rəisləri MTN-dən çıxarılan milyonlar haqda danışıblar – “Nazirin imzası ilə…”

Ləğv edilmiş MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən milyonlarla bağlı ifadə veriblər.

Onlar MTN-in dövründə əməliyyatlara, agentlərə verilməsi adı ilə mənimsənilən 7,6 milyon manat, 1,8 milyon dolları və 407 min avronun kassadan necə çıxarılmasından danışıblar.

Musavat.com-un əldə etdiyi məlumata görə, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərləri barəsində açılmış cinayət işinə görə bir çox şahidlər dindirilib.

Cinayət işinin ibtidai istintaqı zamanı dindirilən şahidlərdən biri Elmar Mehdiyevdir. MTN-nin Maliyyə idarəsinin xüsusi xərclər şöbəsinin rəisi, indi isə DTX-nın Maliyyə idarəsinin xüsusi xərclər şöbəsinin rəisi işləyən Elmar Mehdiyev ifadəsində deyib ki, MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin Maliyyə idarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilmiş raportlarla verilirmiş. Həmin raportlar da sabiq nazir və yaxud onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilirmiş. Bu göstəriş tərtib edilmiş raportlarda imza ilə əksini tapırmış.

E.Mehdiyev ifadəsinə əlavə edib ki, həmin raportlar Maliyyə idarəsinə icra edilməsi üçün yönəldilib: “Kassa məxaric orderi hazırlanaraq ödəniş üçün Maliyyə idarəsinin xəzinəsinə təqdim edilirdi. Maliyyə idarəsinin xəzinədarı tərəfindən həmin sənəd üzrə ödəniş aparılırdı. Məbləğ ancaq raportda adı qeyd edilən nazirliyin əməkdaşlarına təqdim edilirdi”.

Şahid E.Mehdiyev istintaqa ifadəsində cəmi 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avro məbləğində pul əskinaslarının kassadan götürülməsi barədə kassa məxaric orderlərinə və raportlara baxaraq təsdiq edib ki, bu məbləğlər nağd qaydada Maliyyə İdarəsindən verilib.

Elmar Mehdiyev pulların hara xərclənməsi haqda istintaqa bildirib ki, bu barədə onun heç bir məlumatı yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar.

Bu iş üzrə şahid qismində DTX Maliyyə idarəsinin rəisi Rəşad Hüseynov da dindirilib. O, əvvəl də MTN-in Maliyyə idarəsinin rəisi vəzifəsində işləyib.

R.Hüseynov ifadəsində bildirib ki, MTN-də bir qayda olaraq əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilmiş raportlarda sabiq nazirin və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilirib. Bu göstəriş də tərtib edilmiş raportlarda imza ilə əksini tapırdı.

İdarə rəisi deyib ki, həmin raportlar Maliyyə idarəsinə daxil olduqdan sonra icraçıya icra edilməsi üçün yönəldilirdi.

R.Hüseynov ifadəsində istintaqın qeyd etdiyi məbləğdə pulun Maliyyə idarəsinin kassasından həmin nazirliyin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevin imzası əks olunmuş raportlar əsasında həmin idarənin müxtəlif əməkdaşları tərəfindən nağd şəkildə götürüldüyünü təsdiqləyib. Amma idarə rəisi pulların hara və kimə xərclənməsi barədə məlumatsız olduğunu söyləyib.

Bu iş üzrə DTX Maliyyə idarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva da ifadə verib. O da ləğv edilmiş MTN-də vəzifə tutanlardandır.

N.Ağayeva ifadəsində deyib ki, işlədiyi müddətdə xəzinədar kimi vəzifəsi daxil olmuş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub.

O da digər DTX əməkdaşları kimi ləğv edilmiş MTN-in Maliyyə idarəsinin kassasından general Elçin Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.

Şahid pulların sonra hara xərclənməsindən xəzinədar kimi vəzifə səlahiyyətlərinə aid olmadığı üçün məlumatsız olduğunu söyləyib.

Qeyd edək ki, cinayət işi materiallarında bildirilir ki, DTX tərəfindən istintaqa təqdim edilmiş arayışdan və ona əlavə edilmiş məlumatlardan görünür ki, 2011-2015-ci illərdə əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə xüsusi xərclər smetasından ayrılaraq keçmiş MTN-nin ATM-in əməkdaşları tərəfindən Maliyyə idarəsinin kassasından götürülmüş pul vəsaitlərindən 6.363.900 manat, 1.712.500 dollar və 32.800 avro məbləğlərində hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələbləri pozularaq bir sıra hallarda heç bir sənədləşdirmə aparılmadan təyinatı üzrə xərclənməyib.

Bu DTX trəfindən aparılan xidməti yoxlama zamanı təsdiq edilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın