Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Araşdırma / Dövlət Komitəsinin əməkdaşı: “Sübahir Qurbanova hər ay “haqq” verirdim”

Dövlət Komitəsinin əməkdaşı: “Sübahir Qurbanova hər ay “haqq” verirdim”

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, mayın 25-də keçirilmiş iclas zərərçəkmiş Arif Nəcəfovun ifadəsi ilə başladı.

 

“Obnaliçka”nın nə olduğunu bilirsiniz?”

Arif Nəcəfov ifadəsində bildirdi ki, 2015-ci ildə “28 May” metro stansiyasının yaxınlığında yerləşən valyutadəyişmə məntəqələrindən birinə gələrək 50 min dollara yaxın valyuta almaq istəyib. Məntəqədə istədiyi qədər pulun olmadığı barədə məlumat aldıqdan sonra zərərçəkmiş oradan uzaqlaşmaq istəyib, lakin həmin vaxt onu iki avtomobildən düşmüş MTN əməkdaşları saxlayıblar.

Zərərçəkmiş onu saxlayanlar arasında təqsirləndirilən Natiq Alıyevlə Zaur Məmmədovu tanıdığını deyib.

Arif Nəcəfov MTN-də bir gün saxlanıldıqdan sonra gecə saatlarında sərbəst buraxıldığını və yalnız valyuta almaq istəyinə görə saxlanıldığını bildirib.

Zərərçəkmişə müvafiq suallarla müraciət edən vəkillər məsələyə aydınlıq gətirərək qeyd ediblər ki, Arif Nəcəfovun saxlanılmasına səbəb qeyri-qanuni “obnaliçka” (nağdlaşdırma) əməliyyatlarında iştirak etməsi olub. Zərərçəkmişin bunu qətiyyətlə inkar etdiyini görən vəkil Adil İsmayılov Arif Nəcəfova sual verib: “Obnaliçka”nın nə olduğunu bilirsiniz?” Zərərçəkmişin cavabı qısa oldu: “Bunu Azərbaycanda kim bilmir ki?”

 

Yenə “Texmarin”, yenə Arif Həsənov

Son dövrlərdə Azərbaycanda keçirilən səs-küylü az məhkəmə araşdırması tapmaq olar ki, orada “Texmarin LTD” MMC-nin həmtəsisçisi olmuş, indi isə yeganə təsisçisi olan Arif Həsənov fiqurant olmasın. A.Həsənov zərərçəkmiş qismində “MTN işi” üzrə baxılan digər prosesdə – Akif Çovdarov və onun əlaltılarının cinayət işi üzrə məhkəmədə çıxış edib və az saylı zərərçəkmişlərdəndir ki, təqsirləndirilənlər onun maddi tələbini ödəyiblər və zərərçəkmiş şikayətinin olmadığını deyib.

Bugünkü iclasda da Arif Həsənov, demək olar ki, eyni ifadəni verdi. İfadənin məzmununu qısaca çatdıraraq bildirək ki, zərərçəkmiş “Texmarin LTD” MMC-nin digər həmtəsisçisi Söhrab Allahverdiyevi ofşor hesablara 6,5 milyon dollar pul köçürməkdə ittiham edir. Onun sözlərinə görə, MTN-in bu məsələ üzrə istintaq apardığı zaman Füzuli Əliyev zərərçəkmişdən 400 min manat alıb. Ertəsi gün isə “Texmarin LTD” MMC-nin MTN-dəki kuratoru Akif Əliyev bank hesablarında olan şəxsi vəsaitini – 100 min dollar və 100 min manat gətirməsini tələb edib. Qeyd edək ki, təqsirləndirilən general Akif Çovdarovun adamlarının zərərçəkmişə qaytardığı 200 min dollar məhz Akif Əliyevin tələb etdiyi pul olub.

 

Həsən Həsənov: “Liftdə sökülən kamera deyildi”

Zərərçəkmiş Arif Həsənovun oğlu, bu işdə zərərçəkmiş qismində tanınmış Həsən Həsənov bildirdi ki, “Texmarin LTD” MMC-də texniki menecer vəzifəsini icra edib. Onun sözlərinə görə, şirkətin həmtəsisçisi Söhrab Allahverdiyevin göstərişi ilə MTN əməkdaşları H.Həsənovun evində axtarış keçiriblər.

“Həmin binada atamın və ailəmin yaşadığı mərtəbələrdə kameralar quraşdırmışdım. Onların hamısını sökdülər, indiyə qədər yeri qalır. Deyirlər ki, liftə də kamera quraşdırmışam, bu yalandır. Liftə quraşdırdığım hərəkət datçiki idi və onun üçün idi ki, liftə daxil olan varsa, qapıları özbaşına bağılanmasın və insanlara xəsarət toxundurmasın”, – zərərçəkmiş deyib.

Bu sözlərdən sonra dövlət ittihamçısı Həsən Həsənova sual verdi: “Evinizdə axtarış aparanlardan biri və kameraları bilavasitə sökən MTN–in kompüter mütəxəssisi, özünü regionda yeganə kiber-kriminalist adlandıran Hacıağa Hacı olub. Sizcə, o, kameranı datçikdən ayıra bilmir?”

Bu suala Həsən Həsənov belə cavab verdi ki, olanları danışır və liftdə kamera quraşdırılmayıb.

 

Söhrab Allahverdiyev niyə zərərçəkmiş deyil?

İclasda bu epizod üzrə şahid qismində tanınmış “Texmarin LTD” MMC-nin digər həmtəsisçisi Söhrab Allahverdiyev də ifadə verdi.

Şahid ifadəsində başlamazdan əvvəl vəkil Adil İsmayılov üzünü məhkəmə heyətinə tutaraq bildirdi: “Möhtərəm hakim, cinayət işinin materiallarından və istintaqa verilmiş ifadələrdən məlum olur ki, Söhrab Allahverdiyev bir neçə dəfə MTN-ə çağırılıb, onun telefonu uzun müddət dinləmədə olub. Nəyə görə MTN-ə çağırılaraq cəmi 5 dəqiqə ərzində izahatı alınmış və telefonları dinlənilməmiş digər əməkdaşlar bu epizod üzrə zərərçəkmiş kimi, S.Allahverdiyev isə şahid kimi tanınıb? İstintaq özünə sərf etməyən adamı zərərçəkmiş kimi niyə tanımayıb?”

Məhkəmə prosesinə sədrlik edən hakim Həbib Həsənov bu suala cavab verərək qeyd etdi ki, məhkəmə istintaqın təqdim etdiyi adamları tanındıqları qismdə dindirir və şahidi zərərçəkmiş kimi tanımaq hüququ yoxdur.

 

Zərərçəkmiş: “Bəzi vacib adamlar işə cəlb edilməyib”

Söhrab Allahverdiyev şahid ifadəsində qeyd etdi ki, onun ofşor zonalarda açılmış hesablardan və köçürülən pullardan xəbəri yoxdur və belə hal olmayıb: “Özü baş direktor, oğlu texniki menecer, arvadı kadrlar şöbəsinin müdiri, digər qohumu anbar müdiri, kürəkəni təchizatçı, baldızının qızı baş mühasibin köməkçisi ola-ola mən hansı pulu hara köçürə bilərdim?”

Şahid ifadəsində qeyd edib ki, MTN əməkdaşlarının ofisə gəldiyi vaxt şirkətdə çalışan və sonradan nazirliyə izahat vermək üçün dəvət edilmiş bəzi keçmiş əməkdaşlar bu cinayət işinə cəlb edilməyib: “Katibə dindirilməyib, Validə və Lalə adlı tərcüməçilər işdən kənarda qalıb, halbuki bütün vacib sənədlər onların əlindən keçirdi”.

Şahid zərərçəkmiş Arif Həsənovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib. Zərərçəkmiş Həsən Həsənovun iddiasını şərh edərkən isə deyib: “Mən kim idim ki, MTN əməkdaşlarını adamın evinə axtarış aparmağa göndərim?”

Vəkillər epizodun araşdırılması zamanı səsləndirilmiş zidd fikirlərə aydınlıq gətirmək üçün iclasa dəvət edilmiş zərərçəkmiş, “Texmarin LTD” MMC-nin baş mühasibi vəzifəsində çalışmış Mətanət Allahverdiyevanın da fikrini öyrəndilər. M.Allahverdiyeva zərərçəkmiş Arif Həsənovun sözlərini təkzib etdi.

 

“Sübahir Qurbanov mənə qarşı çox haqsızlıq etdi”

Məhkəmədə baxılan digər epizod üzrə zərərçəkmiş qismində ifadə vermiş Saleh Səmədov bildirdi ki, hazırda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi vəzifəsində çalışır.

S.Səmədovun sözlərinə görə, bir gün evdə olduğu zaman telefonuna zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim etmiş şəxs onun həyətə düşməsini xahiş edib. “Elə ev geyimində həyətə düşdüm, gördüm MTN əməkdaşları və mənim sürücüm də oradadırlar. Mənə nazirliyə gəlməyimin lazım olduğunu bildirdilər”.

Zərərçəkmiş bir sıra nüanslara aydınlıq gətirməkdən imtina etsə də, deyib ki, spirtli içkilər istehsal edən “Araz” MMC-nin formal olaraq təsisçisidir. “Mənə MTN-də bir sıra suallar verildi, bir gün yarım nazirlikdə saxladılar. Sorğu-sualı aparan  Zaur Məmmədova, Natiq Alıyevə və Füzuli Əliyevə qarşı heç bir şikayətim yoxdur. Mənim işim general Sübahir Qurbanovladır. Bu adamla o vaxta kimi də münasibətimiz var idi, hər 3 aydan bir 10 min dollar haqq verirdik. Amma mənə orda bildirdilər ki, o iş başqa, bu iş başqa. 1 milyon manat istədilər, 300 min manatda dayandıq və o pulu verdim. İndi həmin pulu geri tələb edirəm”, – zərərçəkmiş deyib.

Vəkillər cinayət işinin materialları və ifadəsi üzrə zərərçəklmişə suallar verdilər.

Məhkəmənin növbəti iclası çərşənbə axşamı, mayın 30-na təyin edildi.

Həmçinin oxuyun

SABİQ NAZİR ÖLKƏDƏN 14 MİLYON DOLLARI NECƏ ÇIXARDI? – FOTOLAR

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini …

Bir cavab yazın