Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Direktoru həbs edilən “Avis” aptekləri işləyir: 1220 manata olan dərman nə üçündür? – FOTOLAR

Direktoru həbs edilən “Avis” aptekləri işləyir: 1220 manata olan dərman nə üçündür? – FOTOLAR

“Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən “Avis” tibbi marketlər şəbəkəsinin direktoru Elmir Məhərov həbsdədir. Şəbəkənin apteklərindən biri bağlansa da, digərləri fəaliyyətini davam etdirir.
Musavat.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının şəbəkənin Nərimanov rayonunda, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən aptekində istintaq-əməliyyat tədbiri həyata keçirilib.
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir ki, apteklər şəbəkəsində süni qiymət artımı müşahidə edilib, şəbəkənin bir neçə mağazasında və anbarında idxal üçün rəsmi icazəsi olmayan, dövlət qeydiyyatına alınmayan, gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz satılması müəyyən edilib.
Rəsmi məlumatda “Avis” aptekdə bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satıldığı da qeyd edilirdi.
Prokurorluğun məlumatında şəbəkənin digər şöbələrində də qanunsuzluqların aşkarlandığı qeyd edilsə də, yalnız əməliyyatın keçirildiyi aptek bağlanıb. Əməkdaşımız şəbəkənin digər filiallarına baş çəkərək onların işləyib-işləmədiyini və son vəziyyəti öyrənməyə çalışıb.
Əvvəlcə onu qeyd edək ki, “Avis”in Xətai, Yasamal, Səbail rayonlarında yerləşən şöbələrinin hamısı fəaliyyətini davam etdirir. Şəbəkənin ümumilkdə 10 şöbəsi var və hazırda 9-u işləyir.
Direktorunun həbsdə olduğu şəbəkənin apteklərində olarkən əvvəlcə prokurorluğun yaydığı rəsmi məlumatda adı çəkilən 1220 manata satılan “Pegintron 80” dərmanını soruşduq. Yollandığımız bütün filallardan bu dərman yığışdırılıb. Satıcılar adını çəkdiyimiz dərmanın olmadığını və hətta əvvəl satıldığı qiyməti belə deməkdən imitina etdilər.
Əsasən dərman vasitələrinin digər apteklərə nisbətən bahalı olması ilə gündəmə gələn bu apteklərdə sifarişlə müxtəlif dərman vasitələrini almaq mümkündür. Biz də bu dərmanı sifariş etmək istədiyimizi desək də satıcılar, ümumiyyətlə, bu dərmanın gətirilməyəcəyini bildirdilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, dərmanın qiyməti həqiqətən də süni şəkildə artırılıb.
Onun sözlərinə görə, bu dərman orqanizmin immun sisteminin stimulyasiya etmək üçün, Hepatit viruslarının, xüsusilə də “Hepatit C”nin müalicəsi üçün istifadə olunur.
A.Qeybulla bu dərmanın 180 manat civarında olduğunu qeyd edir: “Əvvəllər bu cür xəstəlikdən əziyyət çəkənlər gündəlik “interferon” dərmanından istifadə edirdi. Sonradan bu dərmanın uzun müddətli təsir göstərən əvəzedicilərindən istifadə edilməyə başlandı.
“Pegintron 80” dərmanı əvvəl ölkə bazarında 250-300 manat civarında idi. Hazırda dərmanın qiyməti 180 manatdır. Bu dərmanın qiymətinin 1220 manat göstərilməsi süni şəkildə şişirdilmiş hesab oluna bilər. Hansı məntiqlə bu qədər şişirdildiyini demək çətindir. “Pegintron 80”-nin əvəzedicisi “Pegasus” 180 manatdır. Keyfiyyətcə “Pegintron”la eynidir. Bu dərmanların hər ikisi ölkə bazarında əvvəl 250-300 manat idi. Sonra bu qiymət yavaş-yavaş düşməyə başladı. Hazırda hər ikisi 180 manat civarındadır. Bu dərmanların qiyməti arasında cüzi fərq var. Dərman qeydiyyatdan keçirilmədən ölkəyə qeyri-qanuni yollarla da gətirilə bilər. Ola da bilər ki, qeydiyyatdan keçirilib. Amma qiyməti bu şəkildə qoyulub”.
“Avis” apteklərin baş ofisindən isə suallarımızı cavablandırmaqdan imtina etdilər.
Xatırladaq ki, yanvarın 28-də saxlanılan direktor Elmir Məhərov barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E.Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın