Ana səhifə / Araşdırma / Deputatlar məhkəməyə müraciət edəcəklər

Deputatlar məhkəməyə müraciət edəcəklər

2008-ci il avqustun 1-də həbs edilən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi illərdir davam edir. Buna səbəb dələduz bankirin ahıl atası Zakir Yusifovun absurd iddialarıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxslər 2010-ci il aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə məhkum olunsalar da, işin mülki hissəsi üzrə məhkəmə prosesi uzanır.

 

Publika.az xəbər verir ki, Zal Yusifov bankir vəzifəsində çalışarkən 81 nəfərin ümumilikdə 38 milyon manata qədər  pulunu mənimsəyib. İllər keçsə də zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Çünki dələduz bankirin təqaüdçü atası iddia edir ki, oğlunun cinayət yolu ilə əldə etdiyi mülklər ona məxsusdur.

 

Amma Zakir Yusifovun yalan danışması indiyədək Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdə üzə çıxıb. Zakir Yusifov həmin məhkəmə proseslərində mülklərin ona məxsus olması barədə tutarlı fakt ortaya qoya bilməyib. O, yalnız yaşadığı mülklərin kommunal xərcləri ilə bağlı çekləri məhkəməyə təqdim edib. Bu isə mülklərin ona məxsus olması barədə tutarlı fakt sayılmayıb.

 

Bu gün paytaxtda yüzlərlə insan kirayədə yaşayır və yaşadıqları evdə hər ay kommunal xidmət haqqı ödəyir. Belə çıxır ki, həmin insanlar məhkəməyə müraciət edə, kommunal xərclərlə bağlı çekləri məhkəməyə təqdim etməklə kirayədə qaldıqları evlərin onlara məxsus olduğu iddiasına düşə bilərlər.

 

Dələduz bankirin atası hər dəfə beləcə özünü ifşa edir. Yalanlarıyla dəfələrlə ifşa olunmasına baxmayaraq, o, öz əməllərindən əl çəkmir. Ahıl ata həm hüquq-mühafizə orqanlarını aldadır, həm də 100-ə yaxın insanın hüquqlarını pozur. Barəsində ölçü götürülmədiyini görən Zakir Yusifov hələ də iddia edir ki, mülklər onundur.

 

Hazırda Zakir Yusifovun iddiası üzrə mülklərin kimə məxsus olması barədə araşdırma Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesin ixtiyarındadır. Fevralın 1-də növbəti məhkəmə iclası keçiriləcək.

 

Ümid var ki, hakim kollegiyası növbəti dəfə qanunla müəyyən olunmuş qaydada 81 nəfər vətəndaşın hüquqlarını bərpa edəcək və Zakir Yusifovun  iddiasını rədd edəcək.

 

Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, bir neçə millət vəkilinin adından “Texnikabank”ın Bakı filialının sabiq rəhbərinin günahı ucbatından küllü miqdarda maddi ziyana düşən zərərçəkmişlərin hüquqlarının bərpası istiqamətində məhkəməyə məktub ünvanlanacaq: “Biz “Texnikabank” işi ilə tanışıq, zərərçəkmişlər bir neçə millət vəkilinə bu məsələnin yüksək instansiyalarda qaldırılması ilə bağlı müraciət ediblər.

 

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri 15 il müddətinə azadlıqdan məhrum edilib, onun əmlakının satılıb zərərçəkmişlərə ödənilməsi ilə bağlı müraciətlər var.

 

Yaxın günlərdə mən və bir neçə millət vəkili Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəyik.

 

Məsələ ilə bağlı zərərçəkmişlərin bizə müraciətində qeyd olunur ki, işin mülki hissəsi baxılması üçün bir neçə dəfə geri qaytarılıb və hazırda Apelyasiya Məhkəməsinin icraatındadır. Zərərçəkmişlər biz millət vəkillərindən onlara dəstək olmağı xahiş edirlər.

 

Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edəcəyik ki, zərərçəkənlərə dəyən ziyanın ödənilməsi istiqamətində ədalətli qərar qəbul olunsun”.

 

Çingiz Qənizadə qeyd edib ki, işbazların cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və mülklərin sonradan məhkəmə yolu ilə əldən çıxmaması üçün qohum və ya etibarlı adamın adına rəsmiləşdirməsi tendensiyası mövcuddur: “Təəssüf ki, bəzən bu cür hallarla mübarizə aparmaq mümkün olmur. Bununla belə, əmlak kimin adına rəsmiləşdirilibsə, məhkəmə araşdıra bilər ki, onun maddi imkanı bu əmlakı almağa yetirmi? Adətən, adamlar böyük əmlakı ancaq atanın, ananın, bacı və ya qardaşın adına  rəsmiləşdirir. “Texnikabank”ın sabiq sədrinin atası Zakir Yusifovun adına olan mülklər oğlunun cinayət törətdiyi dövrdə alınıbsa, bu düşünməyə əsas verir ki, o, məhz insanlardan mənimsədiyi pullar hesabına mülkləri alaraq atasının adına keçirib. Məhkəmə bütün faktları araşdırıb buna qiymət verilməlidir. Elə biz də məhkəmədən xahiş edəcəyik ki, bu faktlar araşdırılsın və ədalətli qərar qəbul olunsun”.

 

Deputat Məlahət İbrahimqızı deyib ki, bankların qeyri-qanuni əməllərindən əziyyət çəkən insanların sayı kifayət qədərdir: “Bir çox bankalar vətəndaşların başına oyun açır. İnsanlar da bəzən nəticəni düşünmədən banklara müraciət edir, öz əmlaklarını onlara əmanət edirlər. Azərbaycan hüquqi dövlətdir, məhkəmə hakimiyyəti var, bu cür mübahisəli məsələlər məhkəmədə ədalətlə həll oluna bilər. Hesab edirəm ki, belə insanların hüquqları bərpa olunacaq, onların batmış pulları geri qaytarılacaq.

 

Məsləhətim odur ki, sonadək işin üzərində dayansınlar, yerli məhkəmədə məqsədlərinə çatmaq üçün problem varsa, apelyasiya məhkəməsinə müraciət etsinlər”.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın