Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Deputat oğlunun düşdüyü “piramida”- gömrükdəki mallar, Milli Məclis və məhkəmədəki tenderlər

Deputat oğlunun düşdüyü “piramida”- gömrükdəki mallar, Milli Məclis və məhkəmədəki tenderlər

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi keçirilən proses davam edir.

Bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İbrahimov Elnur Rauf oğlu istintaqa ifadəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovla aralarındakı ticarət əlaqələrindən və sonra yaranan borc məsələsindən danışıb.

Əvvəlcə onu qeyd edək ki, Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir.

O deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. Həmin şirkətin satış müdiri vəzifəsində də çalışan E.İbrahimov işdən çıxaraq 2011-ci ildə özünə ofis və dəftərxana ləvazimatlarının və katriclərin satışını həyata keçirmək üçün “E Plus E Company” MMC şirkətini yaradıb.

İttiham olunan şəxs ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

E.İbrahimov kartric alverini əsasən “Falkon” şirkətinin direktoru Rövşən Məmmədovla edirmiş.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

E.İbrahimovun qazanc vəd edən bu işinə Rövşən Məmmədovun tanışı Müjgan Mehtiyeva qoşulub. Müjgan Mehtiyeva də bu işə qardaşı Muradı cəlb edib.

Fuad daha sonra dostu Anar Babayevdən borca pul alıb, qazancı ilə geri qaytarıb. Babayev də öz dostu Anar Surxayzadəni bu işə qoşub. Bu iş deputat oğlu Həbib Axundova qədər gedib çatıb. Həbib Axundov da tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi də bu işə qoşaraq onların da qazanc əldə etmələrinə şərait yaratmaq istəyib.

E.İbrahimov xaricdən ucuz qiymətə aldığı kartric və digər ofis ləvazimatları ilə qısa zamanda pul qazandığını vəd edərək yuxarıda adı çəkilən və daha bir neçə şəxsdən külli miqdarda pul alıb. İlk başda onalara günlük, həftəlik və aylıq qazanclar versə də, sonradan vədinə əməl etməyib.

Elnur İbrahimov Həbib Axundovla əlaqələri və biznesi barədə bunları danışıb:

“Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim. O da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlüyə 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulunun olmadığını dedi, Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxslə danışdılar. Ondan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min məbləği bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə pulları qaytara bilmədim. Həbib özünün, Fərmanın və Nazirin pulunu tələb edirdi.

2013-cü ildə söhbət zamanı məlum oldu ki, onlardan aldığım ümumi məbləğ 535 min manatdır. Həbib tanışları Orxan və Zarinadan aldığım pulları da ona qaytarmağımı tələb etdi. Buna görə də aramızda 735 min manatlıq borc müqaviləsi imzalamığımızı istədi.

Mən onlara bu müddət ərzində qazanc verdiyimi dedim və heç olmasa əsas məbləğdən həmin qazancın çıxılmasını istədim. Fərman 125 min qazanc götürdüyünü və ona 450 min pul ödəməli olduğumuzu dedi. 200 min də Orxan və Zarinanın idi. Sonra Həbib Axundov da məcbur qalıb həmin məbləği Fərmana ödəyib. Çünki pulu onun adına görə almışdım”.

Zərərçəkmiş Fərman Məmmədov da bu iş üzrə ifadə verib.

O ifadəsində Elnur İbrahimovla yox, Həbib Axundovla iş görmək adı ilə danışdığını bildrib.

Qeyd edib ki, Həbib Axundov ona dostu Elnurla biznes sahəsi yaratdıqlarını və yaxşı qazanc əldə edəcəklərini deyib.

“Ofis ləvazimatları və kartricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Həbib borca pul istədi. Qaytaranda qazancdan verəcəyini dedi. Mən də ona inanırdım. İlk dəfə Həbibə 10 min verdim. 11 min qaytardı. Həmin pulun Elnura verildiyini bilmirdim.

Sonra müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm.

2013-cü ildə görüşəndə Həbib dedi ki, Elnur pulları ələ keçirib. Mənim pulumu qəpiyinə qədər geri qaytaracağını dedi.

Həmin gün Həbib zəng elədi ki, uşaqlar Elnuru tutub Şüvəlandakı bağlarına aparırlar. Mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf elədi”.

Image result for həbib axundov

 

Zərərçəkmiş Fərman Məmmədov deyir ki, pullarını geri almaq üçün Elmira Axundova ilə də görüşüb:

“Bir gün sonra Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Həbiblə görüşdük. Ona mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm”.

İş üzrə Həbib Axundov da ifadə verib. O söyləyib ki, Elnur İbrahimov onu və digər tanışlarını aldadaraq “piramida” qurub.

Ayrı-ayrı şəxslərdən aldığı pulu digər şəxsrlə qazanc kimi verərək onların etibarını qazanıb. Və daha sonra onlardan külli miqdarda pul alıb.

Həbib Axundov özünün də Elnur İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən Fərman Məmmədovun Elnur İbrahimova verdiyi pullalara görə zamin durmasına da münasibət bildirən Həbib Axundov qeyd edib ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb.

H.Axundov qeyd edib ki, Fərman Məmmədovun Elnura verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb. Daha sonra isə 50 min manat ödəyib.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır.

E.İbrahimovun H.Axundova məxsus 100 min manat pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Məlumata görə, E.İbrahimovla deputatın oğlu dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …