Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Araşdırma / Deputat maaşlarının ümumi məbləğini gizlətdi, amma: “Bizim 1200 manatadək digər xərclər də qarşılanır…”

Deputat maaşlarının ümumi məbləğini gizlətdi, amma: “Bizim 1200 manatadək digər xərclər də qarşılanır…”

“İnsanlar arxayın olsunlar ki, Milli Məclisdə deputatlarımız bir o qədər də yüksək maaş almır, amma yenə də öz maaşlarından razıdırlar”.

Azinforum.az xəbər verir ki, bunu Cebhe.info-ya Milli Məclisin üzvü Rüfət Quliyev son günlər deputatların maaşı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

Deputat bildirib ki, istər dövlət qulluğunda işləyənlərin, istərsə də deputatların, ümumimlikdə vəzifədə olan insanların iş həcminə görə onlara belə desək, “maaş kəsirlər”:

“Mən şəxsən öz payıma və onlarla deputatın əvəzinə deyə bilərəm ki, biz maaşımızdan narazı deyilik. Yəni kifayət qədər maaş alırıq. Aylıq maaşın içərisində bizim dövlət tərəfindən qarşılanan aylıq xərclərimiz də yer alır. Bura regionlara gedib- gəlmək , avtonəqliyyatla əlaqəli xərclər (benzin pulu, maşının istismar xərcləri), sürücünün maaşı, görüşlər, gələn qonaqların qarşılanması, yola salınması və s. daxildir. Görüşlərin yaddaqalan olması üçün gələn qonaqlara hədiyyələrin-Azərbaycan çayı, konyakı, şirniyyatının verilməsi də xərclərə daxildir. İctimai əsaslarla ikinci köməkçi vəzifəsini icra edən insanların qarşılanan aylıq xərcləri də var. İndiki durumda deputatlara verilən maaş normaldır. Həmin maaşla normal qaydada yaşamaq olar. Biz işimizi görürük, dövlətimizə, seçicilərimizə qulluq edirik. Bunu göydə Allah, yerdə seçicilər bəyənir. Biz insanlarla işləyirik, onların arzuları, şikayətləri olur. Problemlərin həll olunması üçün onlara kömək edir, zəng vurur, xahiş edirik. Hətta elə məmur var ki, ondan tələb edirik ki, sən bunu etməlisən. Əlimizdə ərizə olduğunu deyir, bildiririk ki, elə etməsinlər ki, rəsmi formada strukturlarına sənəd göndərilsin və narazılıq bilinsin”.

Deputat bildirib ki, Azərbaycan MBD məkanında maaşa görə 3 ya 4- cü yerdədir: “Ölkəmizi digər ölkələrlə müqayisə etmək düzgün deyil. Hər bir ölkənin iqtisadi gücü, imkanı var”.

Deputat bildirib ki, maaşdan əlavə deputatların 700-800 manatdan 1200 manatadək əlavə xərcləri qarşılanır:

“Biz cəmi 125 millət vəkiliyik, amma dövlət strukturlarında məmurlar var ki, onların sayı 3000-dəkdir. Onlara sual versinlər ki, maaş və təminatları necədir? Millət vəkilləri ilə əlaqədar hamının kifayət qədər məlumatı var. Aldığımız maaş, bizə olunan güzəştlər və maddi durumumuz çox şəffafdır. Düşünürəm ki, insanlar gərək özləri çalışıb, üzərlərində işləsinlər ki, daha artıq pul qazansınlar. Bu, dövlət qulluğu və ya deputatlara aid deyil, sahibkarlıq, elm və digər işlərlə məşğul olan insanlara aiddir. İnsanlar arxayın olsunlar ki, Milli Məclisdə deputatlarımız bir o qədər də yüksək maaş almır, amma yenə də öz maaşlarından razıdırlar. Allah bizə imkan versin, Qarabağ problemini həll edək, orada tikinti-quruculuq işləri qurtarsın, daha sonra maaş məsələsi da həll olunacaq”.

Həmçinin oxuyun

Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

XVlll əsrdə Osmanlı imperiyasını parçalamaq üçün anqlo-saklar ,ruslar imperiyanın ərazisində yaşayan xalqları türklərə düşmən etmək …