Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Daha bir həkim və sınıqçı səhvi faciə ilə bitdi: 9 yaşlı uşaq öldü – təfərrüat

Daha bir həkim və sınıqçı səhvi faciə ilə bitdi: 9 yaşlı uşaq öldü – təfərrüat

Ağdaşda qolu sınan yeniyetmə əməliyyat stolunda tələf oldu; faktla bağlı cinayət işi başlandı; məsələyə Səhiyyə Nazirliyindən reaksiya gəldi…

Ağdaş Mərkəzi Rayon Xəstəxanasına sağ said sümüyünün sınığı xəsarəti ilə daxil olan Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Qoşqar oğlu Mehralıyev orada ölüb. İlkin məlumata görə, S.Mehralıyev əməliyyata alınarkən ona verilən narkozun təsirindən dünyasını dəyişib. Uşağa narkozu həkim Nizaməddin Məsimov verib.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuri Nuriyev axar.az-a deyib ki, uşağın ölümünə səbəb anafilaktik şok olub. İynə vurulduqdan sonra uşağın ürəyi dayanıb. Baş həkimin sözlərinə görə, istənilən əməliyyatda anafilaktik şok ola bilər: “Qəbələ rayon sakini 2008-ci il təvəllüdlü Mehralıyev Seymur dünən sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Cərrahiyyə əməliyyatına başlamazdan öncə metilin iynəsi vurulub. Bundan sonra xəstə anafilaktik şok keçirib və uşağın ürəyi dayanıb. Belə hallar nadir hallarda baş versə də, qaçılmaz haldır”.

Baş həkimin sözlərinə görə, xəstəni vəziyyətdən çıxarmaq üçün əllərindən gələni ediblər: “Ekspertiza təyin edilib. Müayinədən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova lent.az-a bildirib ki, hazırda faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrinin araşdırılması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.

Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: “Buna da anesteziya məqsədilə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, başvermə tarixinin qeyd edildiyi materiallar komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”.

Müstəqil həkimlər isə deyir ki, anafilaktik şokun olmaması üçün uşağa həmin narkoz verilməzdən əvvəl yoxlama inyeksiyası (“prob”) edilə bilərdi: “Xüsusən antibiotiklərin parenteral istifadəsi zamanı bu prosedura ehtiyac var. Anafilaktik şok allergiyanın ən güclü forması, orqanizmin yad cismə ən güclü reaksiyasıdır və adətən xəstəxana şəraitində də belə xəstəni xilas eləmək mümkün olmur. Buna ”iynənin ucunda ölüm” də deyirlər”.

Açıqlama verən mərhumun atası Qoşqar Mehralıyev hadisənin təfərrüatını danışıb. O, həkimdən şikayət edəcəyini də bildirib: “Oğlum Seymur evimizin pilləkənindən yıxıldı, qolu sındı. Əvvəlcə sınıqçıya apardıq. Sınıqçı da qolunu bağladı. Yara sağaldı, amma gördük ki, qolu əyri bitib. Apardıq rentgenə, sümüklərin əyriliyi təsdiqləndi. Sonra uşağı götürüb, getdim Ağdaşa. İdris həkim dedi ki, əməliyyat olunmalıdır. Əməliyyatı 650 manata danışdıq. Həkimə dedim ki, problem olmaz? Dedi ki, məni bütün Azərbaycan tanıyır. Əməliyyatın heç bir riskinin olmadığını dedi. 10 manat da analizə pul verdim. Bütün iynə-dərmanı da aldırdı. Sonra da narkoz vurub, balamı öldürdü. Uşağın 3 mərasimi başa çatandan sonra həkimdən şikayət edəcəm”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın