Ana səhifə / Araşdırma / Dələduz bankirin atası da dələduzluq edir

Dələduz bankirin atası da dələduzluq edir

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun vətəndaşlardan oğurladığı pullar hesabına saldığı mülklərin atası Zakir Yusifov tərəfindən özününkiləşdirilməyə cəhd olunması ilə bağlı məhkəmə prosesi davam edir. Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə mülklərin kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.  

 

Teleqraf.com xəbər verir ki, fevralın 1-də məhkəmənin davam etdirilməsi nəzərdə tutulsa da, müvafiq qurumlardan mülklərlə bağlı sorğuya cavab verilmədiyi üçün proses təxirə salınıb. Məlumata görə, növbəti məhkəmə iclası fevralın 8-nə təyin edilib.

 

Qeyd edək ki, Zal Yusifov və onun mütəşəkkil dəstəsi 2008-ci ilin avqustun 1-də ifşa edilib. Zal Yusifovun oğlu İslam Yusifov və iki qardaşı ilə birlikdə 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsədiyi üzə çıxıb.

 

Məlum olub ki, Zal Yusifov dələduzluq yolu ilə əldə etdiyi pullar hesabına “Humay” şadlıq sarayı, dəyəri milyonlarla manat pulla ölçülən 2 bloklu 4 mərtəbəli imarət və digər mülklər salıb. İstintaq orqanı “Humay” şadlıq sarayı və digər mülklərin üzərinə həbs qoyub. Səbəb həmin mülklərin hərrac yolu ilə satılması və Zal Yusifov tərəfindən dələduzluqla üzləşən vətəndaşların pullarının qaytarılması olub.

 

Amma Zal Yusifovun atası Zakir Yusifov oğlu tərəfindən aldadılan vətəndaşların pulunu qaytarmamaqda israrlıdır. 81 yaşlı ahıl kişi oğlunun cinayət yolu ilə əldə etdiyi mülklərini özünükişləşdirmək istəyir. Bu yolla oğlunun dələduzluq əməllərini ahıl kişi dolayı yolla davam etdirir.

 

Bir müddət əvvəl Zal Yusifovun dələduzluğu ilə üzləşən vətəndaşlar indi də Zakir Yusifovun dələduzluq əməlləri ilə qarşı-qarşıyadırlar.

 

Zal Yusifovun dələduzluğu ilə üzləşən bir qrup vətəndaş redaksiyamıza müraciət edərək, millət vəkillərindən, hüquq müdafiəçilərindən və digər şəxslərdən pozulmuş hüquqlarının bərpasına kömək istəyiblər.

 

Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, qanunvericilik tələb edir ki, vətəndaşın cinayət yolu ilə mənimsənilmiş əmanəti zərərçəkmişə qaytarılsın: “Ortada məhkəmə qərarı var və bu qərar dərhal icra olunmalıdır. Məhkəməyə müraciət etmiş vətəndaşın haqlı tələbləri mövcud qanunvericilik əsasında həllini tapmalıdır”.

 

Deputatın fikrincə, məsələnin mərhələli şəkildə araşdırılması hüquq-mühafizə orqanlarının üzərinə düşür: “Mülkün həqiqi sahibinin müəyyənləşdirilməsi ilə müvafiq qurumlar ciddi məşğul olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq, inanıram ki, problem ədalətli yolla həll olunacaq”.

 

Jalə Əliyeva həmçinin gəlir bəyannaməsinin vacibliyini də qeyd edib. Deputat hesab edir ki, gəlirlərin açıq-aydın şəkildə göstərilməsi şəffaflığın göstəricisidir: “Azərbaycan müstəqillik qazanandan sonra qəbul olunan qanunların sayı minlərlədir. Eyni zamanda, vaxtı keçmiş, yaxud dəyişikliyə ehtiyacı olan qanunlar bir daha müzakirəyə çıxarılır, beynəlxalq standartlara uyğunlaşdırılır. Təbii, deyə bilmərik ki, qanunlarımızın hamısı mükəmməldir.

 

Qanunlara vaxt ötdükcə müəyyən dəyişikliklər və ya əlavələr olunursa, deməli, həmin sənədin zamanın tələbinə cavab verməsi üçün edirik. Gəlir bəyannaməsi haqqında qanuna da bir daha qayıdıla bilər. Bu qanunun özündə boşluq varsa, vətəndaşın mənfəətləri çərçivəsində müzakirə edib gündəliyə çıxarıla bilər”.

 

Deputat sözügedən məsələnin parlamentdə qaldırılması ehtimalına da toxunub: “Sosial sifariş varsa, cəmiyyət tərəfindən bu məsələnin həlli tələb olunursa və deputat həmkarlarımıza çox sayda müraciət gəlibsə, bu müraciətlərin çoxluğunu və aktuallığını nəzərə alaraq ayrı-ayrılıqda və ya cəm halında gündəliyə çıxara bilərik. Mənə də müvafiq müraciət gəlsə, deputat səlahiyyətlərimdən istifadə edərək məsələnin qanunvericilik əsasında həllinə çalışaram”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın