Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Araşdırma / Dəmirəllə əsgərliyə getdi, Türkiyədə möcüzə yaratdı, “Təzəpir”də namaz qıldı

Dəmirəllə əsgərliyə getdi, Türkiyədə möcüzə yaratdı, “Təzəpir”də namaz qıldı

Onu “Türkiyə iqtisadi möcüzəsinin atası” adlandırırlar. Deyilənə görə, ölüm xəbəri o zamankı Azərbaycan prezidenti Elçibəyə çatdırılanda, başını tutmuşdu: “Evimiz yıxıldı!”.
Qismən kürd mənşəlidir. Qollarından biri digərinə görə daha qısa idi. 2 dəfə evlənmiş, 33 yaşında əsgərliyə getmişdi. Bu gün onun, bəstəboy NƏHƏNG KİŞİnin ad günüdür.
Lent.az “Onu tanı”da Turqut Özaldan bəhs edəcək.

Turqut Özal 13 oktyabr 1928-ci ildə Malatyadada anadan olub. Atası Məmməd Siddiq Özal bank işçisi, anası Hafizə xanım isə ibtidai sinif müəllimi olub. Siddiqin işi ilə əlaqədar həyatının ilk illərində fərqli yerdə yaşayıb. 4 yaşında ailəsiylə birlikdə Biləcik rayonuna, daha sonra Silifkəyə köçüblər. Silifkədə olanda Özal eşşəyin üstündən yıxılaraq qolundan şikəst qalıb. Məhz bu əlilliyi səbəbindən uşaqlıq xəyalı olan pilotluqdan əl çəkməyə məcbur olub. Orta məktəbi bitirdikdən sonra Konyada pullu internat məktəbdə təhsilini davam etdirib. Həmin ərəfədə qardaşı Qorqud Özal da orta məktəbdən məzun olub, amma ailənin maddi vəziyyəti hər iki uşağı da pullu internat məktəbində oxutmağa imkan verməyib. Buna görə uşaqlar əmiləri Süleymanın yanına – Malatyaya göndərilib. Universitetə təqaüdlü girən Özal elektrik mühəndisliyi fakültəsini bitirib. 1950-ci ildə məzun olduqdan sonra, bir müddət mühəndisliklə məşğul olub. 1952-ci ildə mühəndislik iqtisadiyyatı üzrə ixtisaslaşma üzrə Amerikanın Texas Texniki Universitetində təhsil alıb. Geri qayıtdıqdan sonra, Elektrik İşləri Etüd İdarəsi baş direktorunun köməkçisi olub və Türkiyədə elektrifikasiya üzrə layihələrdə işləyib. Turqut Özal 27 May Çevrilişindən sonra əsgərliyə çağırılıb. Onunla birgə əsgərliyə gedənlər arasında 33 il sonra, doqquzuncu prezident seçilən Süleyman Dəmirəl də var idi. Əsgərlikdən sonra Dövlət Planlaşdırma Təşkilatının quruluşunda xidmət edən Özal, daha sonra Ortadoğu Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

20 may 1983-cü ildə Ana Vətən Partiyasını quran Özal bir il sonra seçimlərdə 400 nəfərdən ibarət parlamentdə 211 millət vəkilinin onun partiyasından seçilməsi ilə tək başına iqtidar və 45-ci Hökumətin Baş Naziri oldu. 1984-cü il seçkilərindən də uğurla çıxan Özal, 13 aprel 1985-ci ildə keçirilən konqresdə bir daha seçildi.
1987-ci ildə keçirilən seçimlərdə də 292 millət vəkili Ana Vətən Partiyasından seçildi və üstünlüyü bir daha ələ alan Özal 46-cı Hökumətin Baş Naziri oldu. İqtidarda olduğu 1983–1991-ci illər ərzində Türkiyə iqtisadiyyatı təqribən illik yüzdə 5,2 dəfə böyümüşdü.
31 oktyabr 1989-cu ildə müxalifətin iştirak etmədiyi 3-cü mərhələdə Turqut Özal 263 səs alaraq Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti oldu. 9 noyabr 1989-cu il tarixində rəsmi olaraq vəzifəsinin icrasına başladı.

Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat etmişdi. 65 yaşında ölən Özalın dəfn mərasiminə yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya qədər endirilmişdi. Dövrün ABŞ Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə dəfn mərasimində iştirak etməmişdi.
Özalın sui-qəsd qurbanı olması ehtimalı da illərdir müzakirə edilir. Onun içkisinə zəhər qatılaraq öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsini ABŞ-da yoxlatdırdığını bildirir. 2 oktyabr 2012-ci ildə Özalın qəbri 19 ildən sonra açılmış və ölümünün sui-qəsd olub olmadığı araşdırılmışdı.
Turqut Özal dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə mövqe qazanması üçün hər cür dəstəyi göstərmiş, ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr başda olmaqla bütün sahələrdə ortaq addımlar atılmışdı.

O, 1991-ci ilin martında Azərbaycana səfər etmişdi. 1992-ci il yanvarın 14-də Azərbaycanla imzalanan protokolla diplomatik əlaqələr qurulmuş və Bakıda Türkiyə Səfirliyi açılmışdı.

Özal Təzəpir məscidində namaz qılmağa da getmişdi. Bu səfər zamanı Bakı Dövlət Universitetində düzənlənən tədbirdə Turqut Özala doktorluq dərəcəsi də verilmişdi…

Həmçinin oxuyun

Yelisey sarayından başlayan FİFAgeyt – Araşdırma

FİFA tarixinin 2015-ci ildə baş verən ən böyük korrupsiya qalmaqalını dünya jurnalistləri “FIFAgeyt” adlandırırdılar. Həmin …