Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Cüdoçularımızın indiki durumu: Kim Olimpiadaya gedə bilir, kim yox? – ARAŞDIRMA

Cüdoçularımızın indiki durumu: Kim Olimpiadaya gedə bilir, kim yox? – ARAŞDIRMA

Azərbaycanlı cüdoçuların yeni reytinq cədvəli açıqlanıb.

Yeni Olimpiya reytinq cədvəlinə görə, hansı idmançılarımızın indiki durumda Tokio-2020-yə gedəcəyini müəyyənləşdirməyə çalışıdıq.

Əvvəla, onu bildirək ki, Olimpiadada kişi və qadın cüdoçuların hər biri üzrə yeddi çəki dərəcəsində mübarizə gerçəkləşəcək. Kişilər 60, 66, 73, 81, 90, 100 kq-dək və 100 kq-dan yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70, 78 kq-dək və 78 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar.

Ev sahibi Yaponiyaya hər çəkidə bir idmançı ilə təmsil olunmaq hüququ verilir. Bundan başqa, Olimpiya reytinqində ilk 18-likdə yer alan idmançılar Olimpiadaya vəsiqə qazanacaq. Həmin reytinqin 2020-ci ilin 30 mayında açıqlanan göstəricisi həlledici olacaq. 

Həmçinin kontinental kvota yerlər də olacaq. Belə ki, Avropada 13 kişi və 12 qadın, Afrikada 12 kişi və 12 qadın, Pan Amerikada 10 kişi və 11 qadın, Asiyada 10 kişi və 10 qadın və Okeaniyada 5 kişi və 5 qadın idmançı reytinqlə vəsiqə qazana bilməyibsə, sıralamada bu qitələrin ən yüksək pillədə olan idmançıları yarışa buraxılacaq. Ən sonda hər çəki üzrə bir Milli Olimpiya Komitəsinin idmançısı dəvətnamə (buna bəzən “wild card” da deyirlər) əsasında yarışa çağırılacaq. Bu daha çox cüdoda inkişaf etməmiş ölkələrin nümayəndələrinə verilir. 

Hazırkı duruma əsasən altı idmançımız Olimpiadaya gedə bilir. Onlar kimlərdir?

Kişilər

-60 kq
Kəramət Hüseynov 39-cu, Əhməd Yusifov 50-ci, Davud Məmmədsoy 60-cı, Orxan Səfərov 77-ci və Oruc Vəlizadə 79-cu olduğundan, Olimpiadaya vəsiqə hələ ki qazana bilməyiblər. Amma 856 Olimpiya xalı olan Kəramətin qarşıdakı yarışlardakı uğurlu nəticələri ilə vəsiqə qazanması mümkündür.

-66 kq
Nicat Şıxəlizadə 1100 xalla 32-cidir və kontinental kvota ilə Olimpiadaya gedə bilir. Bununla belə, qeyd etdiyimiz kimi yarışlar mayadək davam edəcək. Bu üzdən 34-cü yerdə olan İbrahim Əliyevin də şansları var. Lakin Azərbaycan Cüdo Federasiyası daha çox bu çəkidə Nicatla Orxan Səfərovdan birinin Olimpiadaya getməsini istəyir. 60 kq-dakı uğursuzluqdan sonra çəkisini qaldıran Orxan artıq Əbu Dabidəki ilk ciddi sınağında (Böyük Dəbilqə) gümüş medal qazanmaqla aktivinə xal yazdırmağı bacardı. Dünya reytinqində 34 pillə irəliləyən Orxan Olimpiya reytinqində 950 xalla 40-cı yerə yüksələ bilib. Bu çəkidə İsmayıl İbrahimov 89-cudur.

-73 kq
Olimpiadada medal qazana biləcəyimiz çəkidir. Bu çəkidə Olimpiadaya vəsiqəni iki idmançımız indiki durumda qazanıb. Rüstəm Orucov yenə bu çəkinin lideridir. Hidayət Heydərov isə 3-cüdür. Lakin qaydalara görə, hər çəkidə bir ölkənin təmsilçisi mübarizə apara bilər deyə, Hidayət kənarda qalacaq. Bu, 53-cü sırada olan Telman Vəliyevə də aiddir.

-81 kq
Bu çəkidə də hələ ki vəziyyət yaxşı deyil. Murad Fətiyev 54-cüdür. Hidayət Heydərov isə Rüstəm Orucova görə 73 kq-da yox, 81 kq-da mübarizə aparmağa başlayıb. Hələ ki 260 xalla 94-cü olan Hidayətin əzm və istəyi ilə mövsümün sonunda Olimpiadaya vəsiqə qazanacağına inam böyükdür.

-90 kq
Məmmədəli Mehdiyev 2561 xalla Olimpiadaya vəsiqə verən 7-ci yerdədir. Tural Səfquliyev 65-ci, legioner Əliömər Tumayev 85-cidir.

-100 kq
Osetin legionerimiz Zelim Kotsoyev də 7-ci yerlə vəsiqəni artıq özünə təmin etmiş kimi görünür. Bu üzdən 15-ci sırada olan Olimpiya mükafatçımız Elmar Qasımov Olimpiadaya vəsiqə qazansa belə, gedə bilməyəcək. Zelimin xalı 2511-dirsə, Elmarda 2212-dir.

+100 kq
Gürcü legionerimiz Uşanqi Kokauri də indi qərarlaşdığı 12-ci yerlə Olimpiadaya gedə bilir. Şahin Qəhrəmanov (49-cu yer), İmran Yusifov (74) və Rüstəm Kotsoyevin (78) özləri də mübarizədən artıq qopub.

Qadınlar

-48 kq
Leyla Əliyeva 27-ci və Aişə Qurbanlı 30-cu yerdədir. Bununla belə Olimpiadaya vəsiqə verən sıralamadan çox uzaq olmadıqlarını nəzərə alsaq, ikisindən birinin Tokioya getmək imkanları yüksəkdir.

-52 kq
Burda da vəziyyət oxşardır. Gültac Məmmədəliyeva 32-cidir. Olimpiada üçün bu il heyətimizə cəlb olunmuş rumıniyalı Aleksandra-Larisa Florian isə 64-cüdür.

-57 kq
Aleksandra-Larisa Florian bu çəki dərəcəsində ölkəmizi Olimpiadada təmsil etməyə yaxındır. Ancaq onun qərarlaşdığı 45-ci yer də hələ də vəsiqə vermir. Bu çəkidə digər legionerimiz, monqolustanlı İçinxorlu Munxtsedev 54-cüdür. Böyük ehtimalla, digər həmyerliləri kimi, ümidləri doğrultmayan Munxtsedevlə də yollar ayrılacaq.

-63 kq
Üç çəkidən biridir ki, Top-100-də heç bir idmançımız yoxdur. Yalnız Diana Şoranova 114-cüdür ki, onun da malik olduğu 80 xalla Olimpiadaya getməsi mümkünsüzdür.

-70 kq
Bu çəkidə də ilk 100-lüyə idmançımız daxil ola bilməyib. Günel Həsənlinin 122-ci olduğunu nəzərə alsaq, bu çəkidə Olimpiadada Azərbaycanın olmayacağı dəqiqdir.

-78 kq
Bu çəkidə nəinki ilk 100-lükdə, heç reytinq cədvəlində yer alan 164 cüdoçu arasında idmançımız yoxdur.

+78 kq
Burda yeganə təmsilçimiz İrina Kindzerskayadır. Ukraynalı legionerimiz demək olar ki, işinin öhdəsindən gəlib. O, 3014 xalla 7-cidir və bu durumda Olimpiadaya gedə bilir.

Qarışıq komandalar

Kişi və qadınlardan ibarət qarışıq komanda yarışları altı çəki dərəcəsi üzrə keçiriləcək. Qadınlar 57, 70 və +70 kq çəki dərəcələrində, kişilər 73, 90 və +90 kq-da mübarizə aparacaq. Qarışıq komanda yarışlarında meydan sahibi Yaponiyanın iştirakı dəqiqdir.

Həmçinin indiki durumda Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya, Niderland, Rusiya və Cənubi Koreya vəsiqəni təmin edib. Bundan sonra 11 komanda gəlir ki, onlar yalnız bir çəki dərəcəsində normativi doldura bilmədiyindən, hələ Olimpiadaya vəsiqə qazana bilməyib.

Azərbaycan isə iki çəki dərəcəsində yüksək nəticə göstərə bilməyən doqquz ölkə arasındadır. Komandamız yenə qadın cüdoçulara görə axsayır. Belə ki, qadınlarda 57 və 70 kq-dək çəkilərdə normativi verə bilsək, Olimpiadaya vəsiqə qazanacağıq.

Lakin bu da mümkünsüz görünür. Məsələ burasındadır ki, 57 kq-da fərdi yarışlarda Aleksandra-Larisa Florian Olimpiadaya vəsiqə qazansa belə, -70 kq-da idmançımız olmayacaq. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, nə 63, nə də 70 kq-da Top-100-də olan idmançımız yoxdur.

Qeyd edək ki, cüdoda fərdi yarışlar 25 iyul – 31 iyul tarixlərində keçiriləcək. Qarışıq komanda yarışları isə 1 avqustda baş tutacaq. oxu.az

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …