Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / COZEF MAKKARTİNİN MƏMMƏDOV DAVAMÇILARI VƏ ONLARIN ƏLALTILARI

COZEF MAKKARTİNİN MƏMMƏDOV DAVAMÇILARI VƏ ONLARIN ƏLALTILARI

Bir neçə gün əvvəl vaxtı ilə Nəqliyyat Nazirliyində məsul vəzifədə çalışan Elnur Abdullayev barədə veteninfo.az saytı yazmışdır ki, Gülənin Azərbaycan üzrə imamı odur.

Həmin maraqlı yazıda bildirilir ki, Azərbaycanda Fətullah Gülən və onun yaratmış olduğu təriqətə sitayiş edənlər bir il əvvəl dövlətin müxtəlif orqanlarından sökülüb atılsalar da, bu şəbəkənin imamları, təriqətin biznes qolunda yer alan biznesmenlər FETO-ya olan bağlılıqlarından maskalanaraq Pensilvaniyadan gələn əmr üzrə yeraltı hücrələrə çəkiliblər:

“Deyəsən çaylar-sellər axdı və FETO Azərbaycanda yenidən XORTLAMAĞA çalışır.

Son günlər bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. İddalara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni İMAMI seçməli oldu. Bu imam isə Elnur Abdullayevdir.

Bu iddalara görə, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir.

Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi”

Çox çəkmədi Oxu.az saytında imzasız bir məqalə çıxdı və ad çəkmədən veteninfo.az saytında həmin yazıya cavab olaraq bildirdilər ki, guya bu yazı həmin sayta sifarişlə verilib. Və yuxarı eşalonda Cozef Makkartinin davamçısı var ki, o da kimdənsə xoşu gəlməyəndə nəzarətində olan saytlara göstəriş verir və onlar da hədəfə aldıqları şəxs barədə SSRİ vaxtlarındakı kimi donosbazlıq edirlər.

Həmin yazının aşağıda təqdim etdiyim bəzi hissələrində bildirilir ki: “Son illər öz səliqəli və təşkil olunmuş işi ilə xalqına və dövlətinə sadiqliyini sübut etmiş onlarla şəxs bir sıra mətbuat orqanlarının hədəfinə çevrilərək, “gülənçi”lərə – qardaş Türkiyədə fəaliyyəti qanundan kənar elan edilmiş və Azərbaycanda da alqışlanmayan Fətullah Gülənin terror təşkilatının ardıcılları damğası ilə ləkələnib.

…Bəzi “KİV”-nin yazılarını nəzərdən keçirdikdə birmənalı şəkildə bu nəticəyə gəlmək olar ki, bu gün Azərbaycanda müəyyən dairələr tərəfindən “cadugər ovu” aparılır, Azərbaycanda sovet dövrünün donosbazlarının ardıcılları, senator Makkartinin ardıcılları indiyədək qalmaqdadır.

Əgər kimsə onların qaydaları ilə hərəkət etmirsə, özünün yeni, ölkəyə və dövlətə lazım olan fəaliyyətini qurursa, avtomatik olaraq, paxıllıq rejimi qoşulur və yeganə məqsədi öz ölkəsinə, xalqına və prezidentinə xidmət olan insanlara qarşı kampaniya başlayır.

Tarixdən danışdıqsa, gəlin, SSRİ-də donos yazanların fəaliyyətinin, Makkartinin düşünülməmiş ittihamlarının nəticələrini xatırlayaq – onlar ilk növbədə, öz şəxsi maraqlarına xidmət edən ittihamlarla nə qədər insanın həyatını məhv etdilər?!

…Tarix həmişə öz düzəlişlərini edir, ədalətin daim bərqərar olmaq kimi bir adəti var. Sovet İttifaqı daha yoxdur, Cozef Makkarti ifşa olundu və alkoqolizmdən öldü. Azərbaycanda müəyyən insanlar öz oyunlarını oynayır, öz “cadugər ovunu” aparırlar.

Lakin tərəqqi onların işini asanlaşdırıb – indi donos yazmaq lazım deyil, azad və demokratik bir ölkədə belə donoslar heç kimə lazım deyil. Parlamentdə dinləmələrə ehtiyac yoxdur.

…Öz növbəmizdə, biz jurnalist araşdırması apararaq, hər şeyi ölkənin deyil, şəxsi rifahı üçün edən həmin bu nüfuzlu şəxsin adını açıqlamaq hüququnu özümüzdə saxlayırıq”.

Bu yazıda səsləndirilən fikirlər məni bu yazıya münasibət bildirməyə sövq etdi. Belə ki, Ziya Məmmədovun vaxtı ilə rəhbərlik etdiyi Dəmir Yol İdarəsində uzun illər müfəttiş vəzifəsində işləməsəydim bu yazılara çox güman reaksiya verməzdim.

Mənim orada müfəttiş işlədiyim ilk gündən Ziya Məmmədovun məni görən gözü olmayıb. O vaxtlar da mən bir neçə mətbu orqanla əməkdaşlıq etdiyim üçün Ziya Məmmədovun mənə qarşı son qərarı, məni şərləyib həbs etdirmək olub.

Ancaq Ziya Məmmədovun yatıb yuxusuna da gəlməzdi ki, mən həbsxanadan çıxandan sonra onun ən çox ehtiyat etdiyi sahəyə gələcəm və 365info.az saytını təsis edərək elə onun korrupsiya əməllərindən yazmağa başlayacam.

Amma korrupsiyaya bulaşmış Ziya Məmmədov da dinc oturmadı, adı mətbuatda mənfi mənada özündən az hallanmayan oğlu Anar Məmmədovla birlikdə çoxsaylı saytlar yaratdı, bir sözlə nəqliyyat sahəsindən korrupsiya yolu ilə əldə olunan milyardları Elnur Baimov və Elnur Abdullayev kimi “komsomolların” layihələrinə buraxdı. Və oxu.az-ın yazdığı kimi Cozef Makkartinin yolunu Ziya Məmmədov davam etdi, digər gözü götürmədiyi nazirləri oxu.az kimi saytlara sifariş verərək donos yazılar yazdırtdı.

Əlbəttə ki, qarşı tərəf də zəif deyildi. Sonda Elnur Baimov ölkəni tərk edib Amerikaya qaçdı, Elnur Abdullayev isə NN ləğv olunan kimi yiyəsiz qaldı. Ziyanın kurasiyasında olan saytlara nəzarət edən Elnur Abdullayev indi yuxarı eşalonda oturan şəxsi Cozef Makkartiya bənzədərək oxu.az-da imzasız yazı verir…

Görünür bu gün imza yazmağa nə Elnurun, nə də onun yeni havadarlarının cəsarəti çatmır. Ancaq yeni havadarlar hansısa yazıya baxanda özləri imza sahibini axtarıblar.

P.S.Dünən isə məlum oldu oxu.az sözügedən yazını saytdan silib.

Amma bununla təbii ki, mahiyyət etibarı ilə heç nə dəyişmir.

Birincisi həmin yazının skrinşotu var,ikincisi yazı oxu.az-a istinadən başqa saytlarda da gedib. Üçüncüsü isə bununla kimlərsə özlərini ifşa etdilər.

Necə deyərlər,yazını silməklə nəyisə ört-basdır etmyə çalışmaq mənasızdır. Çünki qatar artıq gedib…

Anar Asimoğlu, 365info.az saytının baş redaktoru

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …