Ana səhifə / Araşdırma / “Çovdarov dedi ki, bu brilyantlar Eldar Mahmudova çatacaq” – məhkəmədə gərginlik

“Çovdarov dedi ki, bu brilyantlar Eldar Mahmudova çatacaq” – məhkəmədə gərginlik

Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən proses jurnalistlərin iştirakı olmadan keçirilib. Məhkəmə prosesinin qapalı olması ilə bağlı qərar verilməsə də jurnalistlərin iştirakına yaradılan problemin səbəbi göstərilmir. Məhkəmə prosesinə sədrlik edən Həbib Həsənov da bu barədə jurnalistlərin sualını cavablandırmaq istəməyib.
Digər bir məqam isə başda Akif Çovdarov olmaqla, digər təqsirləndirilən şəxslərin mövqeyi ilə bağlıdır. Belə ki, Çovdarov və digərləri onlara qarşı irəli sürülmüş ittihamlarla özlərini təqsirli bilmədiklərini, günahsız olduqlarını dedikləri halda, media nümayəndələrinin prosesdə iştirakında maraqlı deyillər. Bu səbəbdəndir ki, 4 sabiq MTN əməkdaşının vəkilləri məhkəmə prosesinin açıq, media nümayəndələrinin iştirakı ilə keçirilməsi üçün heç bir təşəbbüs irəli sürmür, məhkəməyə bununla bağlı vəsatət və ya müraciət ünvanlamırlar. Bu da yəqin ki, təqsirləndirilən şəxslərin şəxsi maraqlarından irəli gəlir.
Bu günkü proses haqda bildirək ki, saat 11:00-a təyin edilimiş iclas adəti üzrə 1 saat gecikib. 2 saat sonra prosesdə fasilə verilib.
Akif Çovdarovun vəkili Şahin Rəfiyev fasilə zamanı musavat.com-a məlumat verib. Vəkil deyib ki, prosesdə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini istəyib. Digər bir vəsatət isə Çovdarovun saxlanıldığı təcridxanada vəkilləri ilə görüşünə şərait yaradılmaması ilə bağlı olub. Ş.Rəfiyev deyib ki, məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Vəkil əlavə edib ki, məhkəmədə zərərçəkmiş kimi tanınan Şahmar Qurbanov ifadə verib, prokuror və vəkillərin suallarını cavablandırıb.
Ş.Rəfiyev deyir ki, zərərçəkmiş şəxs suallarının əksəriyyətinə “xatırlamıram” və “mənə aidiyyəti yoxdur” cavablarını verib. Vəkil zərərçəkmişin onlara qarşı aqressiv cavab verdiyini də söyləyib. Ş.Rəfiyev bildirib ki, Şahmar Qurbanov ölkəyə qanunsuz yolla qızıl gətirdiyini etiraf edib.
Vəkil qeyd edib ki, Akif Çovdarova 500 min dollar və brilyant verdiyini deyən Şahmar Qurbanov pulun məbləğini və brilyantın miqdarını xatırlasa da, nə zaman və harada verməsini xatırlamadığını söyləyib.
Zərərçəkmiş Şahmar Qurbanov da fasilədə musavat.com-a açıqlama verib. O, prosesdə Akif Çovdarovun vəkillərinin ona iş üzrə aidiyyəti olmayan suallar verdiyini deyib. O, Akif Çovdarova nağd şəkildə 500 min dollar verdiyini söyləyib. MTN əməkdaşları tərəfindən saxlanıldıqdan sonra tanışlarından bu məbləği aldığını deyən Ş.Qurbanov əlavə olaraq Çovdarov və sabiq nazir Eldar Mahmudov üçün birlyant gətirdiyini də söyləyib.
“Doqquz ədəd 1 karatlıq, bir ədəd isə 3 karatlıq brilyantı Çovdarovun özünə vermişəm. Eldar Mahmudov üçün isə 2 ədəd 4 karatlıq, 1 ədəd isə 5 karatlıq brilyant gətirmişəm. Çovdarov dedi ki, “Eldar Mahmudova çatacaq” – deyə zərərçəkmiş bildirib.
O, qeyd edib ki, Mahmudov və Çovdarova verdiyi brilyantların ümumi dəyəri 300 min dollar olub. Zərərçəkmiş pulu və brilyantı harada və nə vaxt verdiyini xatırlamamısını belə izah edib: “Adamın bir ay əvvəl yediyi yadından çıxır. Necə xatırlaya bilərəm? Neçə il keçib bu işdən”.
Prosesdə zərərçəkmişlə Çovdarovun vəkilləri arasında sual-cavab əsnasında gərginlik yaşanıb.
Qeyd edək ki, məhkəmə prosesində fasilə verilməsinə səbəb Çovdarovun səhhətinin pisləşməsi olub. Nəfəs almaqda çətinlik çəkdiyini deyən Çovdarov həkimlər tərəfindən müayinə edilib.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın