Çərşənbə , İyun 26 2019
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev 12 vəsatət verdi, heç biri qəbul olunmadı – Məhkəmə prosesi

Cahangir Hacıyev 12 vəsatət verdi, heç biri qəbul olunmadı – Məhkəmə prosesi

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Əflatun Qasımov bildirib ki, məhkəməyə C. Hacıyevin vəkilləri tərəfindən 12 vəsatət təqdim olunub, lakin bu vəsatətlər müvafiq sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və başqa məsələlərlə bağlıdır. Hakim vəsatətlərin təmin olunmadığını bildirib:
“Ancaq bunlar məhkəmə istintaqında həll olunası məsələlərdir. Biz isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişik. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Buna görə də vəsatətlərin heç biri təmin olunmur”.
Sonra hakim çıxış üçün vəkillərə söz verib.
Təqsirləndirilən Azad Cavadovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs ittihamları qəbul etmir: “Azad Cavadovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını da qanunsuz və əsassız hesab edirik. Eyni ittihamla Azad Cavadov bundan əvvəl də məhkum olunub. Bir əmələ görə iki dəfə cəzalandırılmaq yolverilməzdir. Azad Cavadovun yaxın qohumlarının adına bankdan kreditlər rəsmiləşib, amma o vəsaitlər götürülməyib, bankın özünə qaytarılıb”.
Vəkil A. Cavadova verilmiş qanunsuz silah saxlama ittihamına da toxunaraq, silahın müdafiə etdiyi şəxsə məxsus olmadığını deyib.
Daha sonra C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edərək, bildirib ki, ittihamları sübut edən heç bir dəlil yoxdur: “İttihamı sübut eləmək ittiham tərəfinin vəzifəsidir. Yəni şəxsin üzərində təqsirsiz olduğunu sübut eləmək vəzifəsi yoxdur. İttiham tərəfi də bunu sübut edə bilmir. Amma biz təqsirsizliyi sübut etməkdə israrlıyıq. Bunu da ancaq vəsatətlər vasitəsilə etmək mümkündür. Ona görə də bizim yeni vəsatətlərimiz olacaq. Mən məhkəmədən vaxt istəyirəm”.
C. Hacıyevin digər vəkili Aqil Layıcov da vəsatətlərin heç birinin təmin olunmamasından narazılığını bildirərək, daha 5 vəsatətinin olduğunu deyib.
Digər vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmə prosesi mayın 11-də davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. İlkin baxış iclasında vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin oxuyun

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. Paytaxt sakinlərinin …

Bir cavab yazın