Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bütün ifadələr Arif Əsgərovun “itkin” oğlunu göstərir -Sabiq nazir müavinin oğlu hardadır?

Bütün ifadələr Arif Əsgərovun “itkin” oğlunu göstərir -Sabiq nazir müavinin oğlu hardadır?

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib.
Məhkəmədə zərərçəkmiş Şəmmədzadə Mahmud ifadə verib.
O deyib ki, Emil Hüseynova iş görmək üçün 35 min dollar verib.
“Emillə birlikdə nəqliyyat şirkətində işləmişik. Tanışılığımız da orada olub. Sonra bir neçə dəfə kiçik işimiz olub. Görülən işlərdən mənə az da olsa qazanc verib. Amma axırıncı işdə məni elə ziyana saldı ki, hələ də altından qalxa bilmirəm. Sonra Emil mənə Gürcüstandan mal gətirməyi təklif etdi. Bunun üçün 35 min dollar istədi. Hətta bu iş üçün bir dəfə də Türkiyəyə getdik. Orada Samed adlı şəxslə görüşdük. Onun ofisində olanda, işi ilə maraqlananda Emilə dedim ki, “bu adam iş görənə oxşamır”. Emil dedi ki, narahat olmayım. Sonra Bakıya qayıtdıq. Mən dedim ki, həmin Samedi Bakıya dəvət eləsin. Samed Bakıya gəldi, danışdıq. Pulu Emilə verdim”.
Zərərçəkmiş Şəmmədzadə əlavə edib ki, verdiyi 35 min dollardan 10 minini geri ala bilib: “Həmin ərəfədə 10 mini qaytardı. Sonra vəziyyət bu yerə gəlib çıxdı. Mən də şikayət etdim. İstintaq dövründə 25 min zərər gördüyümü bildirdim. 5 min dollar Emilin qardaşı, 4 min isə anası qaytardı. İndi 16 min dollar alacağım var”.
Zərərçəkmiş suallara cavab verərkən Arif Əsgərovun oğlu Elnar Əsgərovla da görüşdüyünü deyib: “Emil bu işi görəndə, məndən pulu alanda demişdi ki, iş Elnarındır. Amma mən Elnarla görüşməmişəm. Problem yaranandan sonra Elnarla görüşdüm. Elnar dedi ki, bu iş onluq deyil. Emil də deyir ki, iş Elnarındır”.
Məhkəmədə şahid qismində Müşfiq Hüseynov da dindirilib. Onun dindirilməsində məqsəd tərəflər arasındakı söhbətlərə şahidlik etməsidir.
Müşfiq Hüseynov taksi sürücüsü kimi zərərçəkmişlərdən Tural Hüseynovun və təqsirləndirilən Emil Hüseynovun işlərini gördüyünü deyib: “Məni maşın lazım olanda çağırırdılar. Turalı, Emili dəfələrlə getdikləri yerə aparmışam. Bəzən pul da veriblər, aparıb ünvana çatdırmışam”.
Şahid suallara cavabında Turalla Emil arasında yaranmış mübahisə barədə bunları deyib: “Bir dəfə Emili Turalın yanına apardım. Tural da məni tanıyırdı. Dedi ki, həyətdə durma, gəl çay iç. Orada olanda işdən, puldan danışırdılar. Nəsə mal alıb satırdılar. Orada Tural dedi ki, sizin yanınızda Emil deyir ki, pulu ayın 25-də qaytaracaq. Məbləği dəqiq bilmirəm. 450 min, 950 min məbləğlərindən danışırdılar”.
Məhkəmənin növbəti iclası sentyabrın 8-nə təyin edilib.
Bildirək ki, E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o azadlığa çıxıb.
E.Hüseynov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilir. O, Tural Hüseynovun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar və Mərziyyə Rzayevanın isə 19 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnterpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirirlir.(musavat.com)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın