Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Büdcədən idman yarışlarına ayrılan vəsaitlər necə mənimsənildi? – MƏHKƏMƏ

Büdcədən idman yarışlarına ayrılan vəsaitlər necə mənimsənildi? – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

B.Məmmədov və A.Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. X.Mirzəyeva barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

“Boş blanklara qol çəkdirilməsi barədə tapşırıq verməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Bilal Məmmədov ifadəsində 2010-2014-cü illər ərzində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru vəzifəsində çalışdığını, məşqçi müəllimlərə filialın direktor müavini Anar Nağdıyev tərəfindən nağd qaydada pul vəsaitlərinin verilməsindən xəbərsiz olduğunu, məşqlər və yarışlar zamanı hər hansı müəllimdən əməkhaqqı kartını almadığını, əməkhaqqı kartlarından pul çıxarmadığını göstərib:

”Müəllimlərin adlarına yazılmış pulların alınması, kassa-məxaric orderləri əsasında verilməsi ilə bağlı hansısa qanun pozuntusundan xəbərim olmayıb. Bu məsələlər mühasibatlığa aid olduğundan bununla müvafiq şəxslər məşğul olur. Müəllimlərə boş blanklara iştirakçılara qol çəkdirilməsi barədə tapşırıq verməmişəm. Əməkhaqqı kartlarının Anar Nağdıyev tərəfindən alınmasından, məşqçi-müəllimlərə ezamiyyə səfərləri və təlim məşq toplanışları ilə bağlı pulun az və ya çox verilməsindən məlumatım olmayıb”.

 

“Müəllimlərin əməkhaqqı kartlarını almamışam”

Təqsirləndirilən Anar Nağdıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, 1996-2005-ci illər ərzində 1 saylı Uşaq Gənclər İdman Məktəbində baş məşqçi, 2005-2015-ə qədər isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işlədiyini göstərib. Direktor müavini il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırladığını, bunun əsasında filiala pul ayrıldığını bildirib:

”Əksər hallarda vəsaitlərin ayrılması yarışın və tədbirin keçirilməsindən sonra baş tutduğu üçün ezamiyyə xərclərini əvvəlcədən verə bilmirdik. Ona görə də, bəzi hallarda müəllimlər yarışa gedib qayıtdıqdan sonra ezamiyyə xərclərini alırdılar. Müəllimlərin əməkhaqqı kartlarını almamışam, onlara boş blanklara qol çəkdirmələri ilə bağlı tapşırıq verməyimi xatırlamıram”.

 

“Təlim-məşq toplanışları ilə bağlı vəsaitlər kart hesabına köçürülürdü”

Təqsirləndirilən Xalidə Mirzəyeva ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər baş mühasib, 2013-cü ildən etibarən isə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmçinin əməkhaqqı almadan xəzinədar vəzifəsini icra etdiyini göstərib: ”Ezamiyyə səfəri ilə bağlı pullar səfər başa çatdıqdan, təlimlərlə bağlı pullar təlim başa çatdıqdan sonra köçürülürdü. Müəllimlərə əvvəlcədən filial rəhbərliyi tərəfindən pul ödənildiyindən xəbərim olmayıb. Baş mühasib işlədiyim dövrdə ezamiyyə xərcləri və təlim-məşq toplanışları ilə bağlı vəsaitlər kart hesabına köçürülürdü”.

X.Mirzəyeva ifadəsində göstərib ki, B.Məmmədovun əmri ilə filialda xəzinədar işlədiyi zaman əməkhaqqı kartından başqa onun adına əlavə kart sifariş olunub. Həmin karta 52.237,49 manat pul köçürülüb. Pulları alan kimi onları kartla birlikdə B.Məmmədova təhvil verib. Həmin məbləğ direktorun otağındakı seyfdə saxlanılıb.

 

“Ezamiyyə xərci ayrılmasından yoxlama dövrü xəbər tutmuşam”

“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında işləyən məşqçi-müəllim Elman Məmmədov ifadəsində göstərib ki, ezamiyyə xərcləri, təlim-məşq toplanışları ilə bağlı əməkhaqqı kartına köçürülən və kassadan verilən pulların məbləğindən Maliyyə Nazirliyinin əməkdaşı yoxlama aparan zaman xəbər tutub:

“Ezamiyyə xərcləri və təlim-məşq toplanışları ilə bağlı əməkhaqqı kartına köçürülən və kassadan verilən pulların məbləğindən yoxlama aparılan zaman xəbər tutmuşam. Anar Nağdıyevin tapşırığı əsasında əməkhaqqı kartımı filiala gətirib müdir Bilal Məmmədovun masasının üstünə qoydum. Təlim üçün ayrılmış yemək pulunun kartıma köçürlüdüyünü, vəsaitin kartdan çıxarılacağını dedilər. Şirvan şəhərində futbol üzrə yeniyetmələr arasında Respublika Birinciliyinə seçim yarışları ilə bağlı mənə cəmi 300 manat pul verilib. Həmin vəsait ezamiyyə səfərinə xərclənib, pul az olduğuna görə yarışda bir gün iştirak edib geri qayıtmışıq. Həmin yarışda iştirak üçün 2.071,62 manat ezamiyyə xərci ayrılmasından yoxlama dövründə xəbər tutmuşam”.

E.Məmmədov ifadəsində həmçinin kassa-mədaxil orderinə filial müdiri Bilal Məmmədovun tapşırığı ilə qol çəkdiyini deyib: “Xalidə Mirzəyeva orderi imzalatdırdıqda orada rəqəmlər yazılmamışdı. Mənə verilən 300 manatın rəsmiləşdirildiyini düşünüb sənədi imzaladım. Xərclərə dair cədvəldə olan imzalar isə iştirak edən idmançıların özləri tərəfindən icra edilib”.

“Maliyyə Nazirliyinin yoxlaması zamanı xəbər tutdum ki…”

“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 1996-cı ildən etibarən boks bölməsində məşqçi-müəllim işləyən Nəvai Quliyev ifadəsində təlim-məşq toplanışları üçün ezamiyyə və digər xərclər üçün yüksək məbləğlərdə pulun onun hesabına köçürülməsindən yalnız Maliyyə Nazirliyinin yoxlaması zamanı xəbər tutduğunu göstərib:

“Filialın direktoru Bilal Məmmədovun və müavini Anar Nağdıyevin tapşırığı ilə ezamiyyə, təlim-məşqlər üzrə xərclərə dair rəqəmlər və məbləğlər hissəsi boş blankları imzalatdırmışam. Həmin blankların idmançılardan kimin yarışa gedib-getməməsini müəyyənləşdirmək məqsədilə tərtib edildiyini güman edirdim. Təlim toplanışları vaxtı bizə 250-300 manat pul verilirdi. Həmin pulla təlimdə iştirak edən iştirakçıları yeməklə təmin etmişəm”.

Şahid qismində dindirilən məşqçi-müəllim Zamin Yusifov ifadəsində əməkhaqqı kartını Anar Nağdıyevə verdiyini göstərib: “Ezamiyyə xərcləri və təlim-məşq toplanışları ilə bağlı əmək haqqı kartına köçürülən, kassadan pulların məbləğindən xəbərim olmayıb. Sumqayıtdakı təlim-məşq toplanışı ilə bağlı Anar Nağdıyev mənə 200 manat pul verib, həmin vəsaitlə idmançıları yeməklə təmin etmişəm. Hər gün 22 nəfər idmançı kafedə nahar edib”.

İş üzrə dindirilən digər məşqçi müəllimlər də oxşar ifadələr veriblər.

Məhkəmə prosesi avqustun 11-də davam edəcək. (Virtualaz.org)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın