Çərşənbə , May 22 2024
Ana səhifə / Araşdırma / Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir sıra tanınmış ictimai və sənət xadimlərinin vəfatı ilə yadda qaldı.

Bizim.Media 2024-cü ildə dünyadan köçmüş tanınmış simaları araşdırıb:

Gülbahar Şükürlü


Yanvarın 5-də Azərbaycanın əməkdar artisti, qarmon ustası Gülbahar Şükürlü vəfat edib. 62 yaşlı tanınmış qarmon ifaçısı uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Gülbahar Şükürlü 1962-ci ilin martın 20-də anadan olub. 1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Aygün Bəylər


Yanvarın 6-da müğənni, əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən dünyasını dəyişib. Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 2002-ci ildə “əməkdar artist” fəxri adına layiq görülüb. Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə solo konsertlər verib. A.Bəylər həmçinin “Qış nağılı. I film” (2002), “Qış Nağılı. II film” (2003) və “Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.

Rəfiqə Axundova


Fevralın 6-da baletmeyster Rəfiqə Axundova 93 yaşında vəfat edib. R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışıb. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster kimi fəaliyyət göstərib. Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Zarema (“Baxçasaray fontanı”, B.Astafyev), Jizel (“Jizel”, A.Adan) və s. rolları ifa edib.

Səlim Səlimov


Martın 23-də Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995) Səlim İsmayıl oğlu Səlimov vəfat edib. Səlim Səlimov 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilib. 1986-1988-ci illərdə Azərbaycan KP Laçın rayon komitəsinin II katibi işləyib.

Namiq Abbasov


Martın 27-də sabiq Milli Təhlükəsizlik naziri (1995–2004) Namiq Abbasov 84 yaşında dünyasını dəyişib. Namiq Abbasov 1940-cı ildə Ordubad şəhərində anadan olub. N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.


Hadi Rəcəbli


Aprelin 17-də sabiq deputat Hadi Musa oğlu Rəcəbli 76 yaşında vəfat edib. O, 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

İsgəndər Quliyev


Aprelin 17-də həmçinin Milli Məclisin sabiq üzvü İsgəndər Həsən oğlu Quliyev də vəfat edib. O, 1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub. 1965-ci ildə ali təhsilini başa vurub. 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. Tarix elmləri namizədi, dosent idi.

İsgəndər Quliyev Yeni Azərbaycan Partiyasının üzvü olub. 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

Həmçinin oxuyun

Özəlləşdirmə çekləri ilə bağlı acınacaqlı vəziyyət-Konstitusiya və Qanunların pozulur

Bu gün qanunla 20 000 $ əmlak ekvivalenti olan Özəlləşdirmə Çekləri barədə – Konstitusiya və …