Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Araşdırma / Britaniya ştammının COVİD-19-dan fərqi nədir?

Britaniya ştammının COVİD-19-dan fərqi nədir?

Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda aparılmış genom analizləri nəticəsində 3 nəfərdə yeni növ Britaniya ştammına tutulma halı müəyyən edilib. 

“Qafqazinfo” “COVID-19”un mutasiyaya uğramış yeni növünün xüsusiyyətlərini araşdırıb. 

Əvvəlcə bildirək ki, Avropa və ABŞ-da aparılan son araşdırmaların nəticələrində qeyd olunurdu ki, martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının xüsusilə “Britaniya ştammı” ön plana çıxacaq.

Belə ki, aşkarlanan yeni yoluxmaların yarısından çoxunun yeni ştammlar olacağı təxmin edilir.

Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb. Son statistikalara görə, Britaniya ştammı 110-dan çox ölkədə aşkarlanıb. Bir sıra ölkələrdə, məsələn, Estoniya isə bu ştammın yoluxma sayına görə koronavirusun ilkin növünü ötdüyü bildirilib. ABŞ-da statistik hesablamalara görə, ümumi yoluxma hallarının 25-30 faizini virusun bu növü təşkil edir. Alimlər bu ştammın əvvəlki növlərlə müqayisədə 50 faiz daha yoluxucu və 65 faiz daha öldürücü olduğunu müəyyənləşdirib.

Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran və Türkiyədə də yeni ştammlar aşkarlanıb.

Türkiyədə indiyədək 41 mindən çox insanda koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınıb. Son məlumatlara görə, Gürcüstanda 31, İranda isə 62 nəfərdə bu növə yoluxma halı aşkarlanıb.

Britaniya ştammı əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir.

Təşkilat İngiltərədə koronavirusa yoluxmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.

Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.

Müəyyənləşdirilib ki, xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatının  Avropa Regional Bürosunun direktoru Hans Klüge açıqlamalarının birində yeni ştammın daha çox gənc yaş qrupları arasında yayılma ehtimalının olduğunu bildirmişdi.

Həmçinin oxuyun

Rüstəm Muradovun Xankəndidə sual doğuran görüşləri – Fotolar

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən …