Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı – ARAŞDIRMA

Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı – ARAŞDIRMA

“Evlilikdə duyğu məqamı olduğundan sarsılmaz deyil, əksinə qeyri sabitdir və özündə pozulma imkanını ehtiva edir. Lakin qanunvericiliklər bu imkanın reallaşmasını yüksək dərəcədə əngəlləməli və şıltaqlıq qarşısında mənəviyyət haqqını qorumalıdır”. Bu sözlər klassik alman fəlsəfəsinin banilərindən olan Qeorq Qeqelə məxsusdur.

Ailəni istənilən cəmiyyətin fundamenti kimi götürsək onda günümüzdə Azərbaycanda bu təməlin ciddi sarsıntı keçirirdiyini deyə bilərik. Buna səbəb ölkəmizdə rəsmi qeydə alınmış boşanmaların sayının kritik həddə çatmasıdır. İlk həyəcan təbili hələ 2017-ci ildə çalınmışdı. Həmin il boşanmaların sayı 82 ilin maksimumunu təzələyərək 14 minlik psixoloji baryeri aşdı. Boşanmaların sayı qeyd etdiyimiz baryerin üzərində 1935-ci və 1990-cı illərdə olub. Ötən il isə bu rəqəm bir az daha artmış oldu. Bu ilin ilk beş ayına görə boşanmaların sayında müşayət edilən tendensiyanı nəzərə alsaq ilin yekununda daha acınacaqlı bir mənzərə ilə qarşılaşacağımız labüddür. 
Bəs bu gün Azərbaycanda ailələrin dağılması hansı səbəblərdən baş verir?
Məsələni şərh edən psixoloq Gülnar Orucova ilk olaraq boşanmaların səbəbini hər iki cinsdə gördüyü qeyd etdi. 
“Əvvəlki dövrlərlə müqayisədə boşanmaların sayı xeyli çoxalıb. Kimsə deyirsə ki, həyat yoldaşımla maddi sıxıntımız var ona görə ayrılıq bu boşanma üçün əsas ola bilməz. Maddi sıxıntı hər zaman olub ancaq bunun üzündən az sayda ailə dağılır. Ailələrin əksəriyyətinin dağılmasına səbəb isə xəyanət və məişət zorakılığıdır. Xəyanətlərin sayı artıb və buna yol açan amillərdən biri sosial şəbəkələrdən həddən atrıq istifadədir. Zərif cins nümayəndələri daha emisional olduğlarından xəyanəti qəbul etmir və bu da ayrılmalara gətirir. Qadınlar daha səbirsiz, kişilər daha xəyanətkar olublar. 
Bu məsələdə qadın azadlığı da mühüm faktor kimi çıxış edir. Əvvəllər qadınlara bu qədər azadlıq verilmirdi və ya onlar ondan bu qədər sui istifadə etmirdilər. Pul qazanan və maddi asıllığı olmayan qadın yoldaşından əziyyət gördükdə və ya xəyanətlə üzləşdirkdə öz ayaqları üzərində durduğunun fərqində olduğundan boşanmaya daha meyilli olur. Bu gün cəmiyyətimizdə qaynana gəlin problemi həddindən artıq qabardılır. Əvvəl belə problemlər qısa müddət ərzində həllini tapırdı. Oğlan və ya qızın valideyinlərinin ailə həyatına müdaxiləsi isə bu həddə deyildi”.
“Hesab edirəm ki, evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır”. 
“İnsanların özlərini və ailələrini maddi cəhətdən təmin edə biləcəkləri yaşda evlənmələri çox vacibdir. Belə ki, oğlan maddiyat baxımından ata-anadan asılı olanda gəlinin hər hansı cəhəti xoşlarına gəlməyəndə təminatı kəsirlər. Bu isə öz növbəsində ailənin dağılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır. Çünki bu yaşa çatmış gənclər hətta fizioloji baxımdan belə evliliyə hazır deyil. Bu yaşda ərə gedən qadının daun sindromlu uşaq dünyaya gətirmək ehtimalı da çox olur. Ona görə fiziki, mənəvi və maddi cəhətlərdən evliliyə hazır olmayanlar bu işə məcbur edilməməlidir. Evlilik baş tutandan sonra isə valideyinlər yeni qurulan ailənin işlərinə maksimal dərcədə az müdaxilə etməlidirlər. Əgər onlar dalaşıblarsa öz aralarında barışmalarına imkan verməlidirlər. Məsələni böyüdüb çütlükdə bir-birlərinə qarşı nifrət yaratmamalıdırlar.
Ailə həyatı quranların bir-birini kifayət qədər tanımamaları da nəticə etibarilə ayrılmalara gətirib çıxaran faktorlardan biridir. Ailə həyatı qurmaq istəyən cütlüklər ən azı 2-3 ay ərazində bir-birinin xarakterlərinə bələd olmalıdırlar. Bizdə isə əksər hallarda bir dəfə görüşəndən sonra evliliyə qərar verirlər. Sonra da görürlər ki, tam fərqli bir insanla bir araya gəliblər.
Əgər qadın ailəni təmin edirsə hegemon mövqedə dayanmalıdır kimi bir anlayış olmamalıdır. Ailədə daha çox nəzarət edən tərəf məhz qadınlar olur. Onlar həyat yoldaşlarının telefonlarını, digər cihazlarını nəzarət altında saxlayırlar. Bəzi hallarda kişilər yaranmış situasiyada öz fikirlərini tam ifadə edə bilmədiyi üçün haqlı olduqları halda belə haqsız duruma düşə bilirlər. Davamlı nəzarətdə qalmaq sonda onları bezdirir. Buna görə qadınlar həyat yoldaşlarını idarə etməyə çalışmamalıdırlar. Çünki insan qadağan olunana daha çox meyl edir. Bu baxımdan ona azadlıq verməniz daha düzgün olar. Ər və arvadın bir-birinə hörmətlə, səbrlə yanaşması və dəyər verməsi uğurlu ailə həyatının təməlini təşkil edir”, – xanım psixoloq əlavə edib.
Boşanma qərarı alındıqdan sonra ailələr hansı hüquqi prosedurlardan keçir? Alimentlərin tutulması necə həyata keçirirlir və onların ödənilməsində hansı problemlər mövcuddur?
Vəkil Mirkəbir Salmanlıya görə, bəzən kişinin maddi durumu yaxşı olsa da, keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərgin olduğundan qəsdən aliment məbləğini ödəmək istəmir.
“Aliment ödəməkdən yayınmaya görə azadlıqdan məhrum etmə hallarına bizdə çox az rast gəlinir”.
“Aliment həm sabit məbləğdə, həm də əmək haqqının müəyyən hissəsindən tutula bilər. 1 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanun”a görə uşaqlar üçün minimum yaşayış məbləği 160 manat müəyyən edilib. Aliment əmək haqqından tutulduqda isə bir uşağa görə əmək haqqının ¼, iki uşağa görə 1/3 hissəsinə, 3 və daha çox uşağa görə isə əmək haqqının yarısından tutulur. Bundan əlavə, 3 yaşına qədər olan uşaq anada qalarsa ana məhkəməyə müraciət edərək özü üçün də aliment tələb edə bilər. Borclu şəxsin əlillik dərəcəsi olarsa bu zaman aliment həmin şəxsin pensiyasından tutulur. Lakin əgər qarşı tərəf işləyirsə, məhkəmə qaydasında alimentin məbləğinin azaldılması və ya borclunun alimenti ödəməkdən azad edilməsi məsələləri müzakirə edilə bilər.
Əgər tərəflər arasında əmlakla bağlı mübahisə varsa, bu zaman hakim məsələni əlavə icraata ayırır və ona ayrıca bir iş kimi baxır. Bu zaman birgə nikah dövründə əldə edilən əmlak tərəflərin birgə əmlakı hesab olunur və boşanma zamanı yarı bölünür. Burada, istisna hallar da ola bilər. Məsələn, uşaq anada qalarsa ona daha çox pay bölgüsü düşə bilər. Aliment ödəməli olan tərəf icra məmurunun çağırışına gəlməzsə, alimenti ödəməkdən yayınmağa çalışarsa, bu zaman icra məmuru tərəfindən məhkəməyə təqdimat verməklə qanunla təsbit edilən şəxsin ölkədən çıxışına qadağa, əmlakı üzərinə həbslərin qoyulması, bank hesablarının yoxlanılması, aktivlərinin üzərinə həbslərin qoyulması kimi məcburi icra tədbirləri həyata keçirilir. İcra hərəkətlərindən qərəzli şəkildə boyun qaçırma halları davamlı şəkildə olarsa şəxs avtomatik olaraq Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Belə olan təqdirdə, aliment ödəməli olan şəxsin azadlıqdan məhrum edilməsi onun aliment öhdəliyinə xitam vermir. Lakin aliment ödəməkdən yayınmaya görə azadlıqdan məhrum etmə hallarına bizdə çox az rast gəlinir. 
Alimentlərin ödənilməsindəki problemlərə toxunan vəkil Azərbaycanda alimentlərlə bağlı çıxarılan hər 10 qərardan təxminən 6-7-sində məcburi icra tədbirlərin tətbiq ediliyini deyib. 
“Aliment ödəməkdən yayınma sırf maddi imkanın aşağı olması ilə bağlı olmaya da bilir. Bəzən kişinin maddi durumu yaxşı olsa da, keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərgin olduğundan qəsdən aliment məbləğini ödəmək istəmir. Azərbaycanda alimentlərlə bağlı çıxarılan hər 10 qərardan təxminən 6-7-sində məcburi icra tədbirləri tətbiq edilir. Hesab edərək ki, bu gün alimentlərin ödənilməsində olan problemlərin köklü şəkildə həll olunması ölkədə Aliment Fondunun yaradılamasına birbaşa bağlıdır”, – vəkil əlavə edib.
Qeyd edək ki, dünya təcrübəsində aliment ödənişləri ilə bağlı problemləri minimuma endirmək üçün Aliment Fondları yaradılır. Belə fondlar Böyük Britaniya, Kanada, ABŞ, Avstraliya, Norveç daxil olmaqla bir çox xarici ölkələrdə fəaliyyət göstərir. Onlar əsasən borclulardan alınan pul hesabına formalaşır. Aliment fondları geniş səlahiyyətlərə malikdirlər: iddiaçının adından məhkəmədə çıxış edirlər, borcuları axtarır, onun həqiqi əmlak durumunu müəyyən edirlər. Fondlar məhkəmə çəkişməsi olmadan alimentiborclunun əmək haqınından birbaşa olaraq çıxırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova  təmsil etdiyi qurumun hazırda aliment fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənirdiyini bildirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova
“Tərəfimizdən Azərbaycanda belə bir mexanizmin necə tətbiq edilməsi barədə təhlillər aparılır”.
Onun sözlərinə görə, aliment fondları yaradılsa ölkədə hüquqları pozulan uşaqların müdafiəsi üçün çəkilən maliyyə yükü də azalar: “Bunun nəticəsi olaraq, həmin xərclər daha zəruri vəsait tələb edən sahələrə yönəldilər. Biz də dövlət qurumu olaraq hazırda aliment fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənirik. Tərəfimizdən Azərbaycanda belə bir mexanizmin necə tətbiq edilməsi barədə təhlillər aparılır. Xüsusən hüquqşünaslarımız bu məsələ üzərində çalışırlar. Bütün təşkilati, hüquqi, iqtisadi məsələlər, o cümlədən fondun iş prinsipinə nəzarət mexanizminin necə qurulacağı ətraflı müzakirə olunur. Yekun olaraq komitə tərəfindən bu məsələnin necə reallaşması ilə bağlı təkliflər hazırlanacaq”.(Report)

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …