Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Bir həftədə iki sərəncam – Xalçaçılığa yönəldilən vəsait ölkəmizə nə vəd edir?

Bir həftədə iki sərəncam – Xalçaçılığa yönəldilən vəsait ölkəmizə nə vəd edir?

Dünən Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Bu, dövlət başçısının xalçaçılıqla bağlı son bir həftədə imzaladığı ikinci sərəncamdır. Ölkə rəhbəri fevralın 15-də Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında da sərəncam imzalamışdı. Prezidentin xalçaçılıqla bağlı bir həftədə iki sərəncam imzalaması, xalçaçılığa 4 milyon vəsait ayrılması ölkəmizdə bu sahəyə göstərilən qağının və verilən önəmin nəticəsidir.
Əvvəla onu qeyd edək ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yeri var. Xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutub və xalqın rəmzinə çevrilib. Xalçada bizim tariximiz, milli dəyərlərimiz, mədəniyyətimiz yaşadılır. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu mənada xalçaçılığın genişləndirilməsi, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün mühüm tədbirlər həyata keçirilir. Xalçaçılıqla bağlı indiyədək görülən işlərin zirvəsində isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması dayanır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə yaratdığı bu qurum Azərbaycan xalça sənətinə yeni həyat verib.
Ötən il Azərbaycanda 10 xalça emalatxanası yaradılıb. Bu il daha 10 bölgəmizdə “Azərxalça”nın filiallarının yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılacağını bildirib. Bu, bir tərəfdən ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi qayğının təzahürüdürsə, digər tərəfdən Prezidentin “Azərxalça”nın fəaliyyətinə verdiyi yüksək qiymətin, bu qurumun işindən razılığının nəticəsidir. Əgər “Azərxalça” ona tapşırılan işi bəzi qurumlar kimi, yarıtmasaydı, o zaman 2018-ci ildə daha 10 xalça emalatxanasının tikilməsi mümkün olmazdı. Ən azından bu iş bir az yubana bilərdi. Ancaq bu gün Füzuli, Şəmkir, Quba,  Xaçmaz, Ağstafa, Tovuz, Qazax, Qəbələ, İsmayıllı rayonlarında və Ağadam Quzanlıda xalça emalatxanaları fəaliyyət göstərir və bu rayonlarda 2 minə yaxın insan çalışır. Bu il daha on xalça emalatxanası istifadəyə verildikdən sonra bir bu qədər də iş yeri açılacaqdır.
Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu sahədə görülən işlər təkcə xalça toxuma emalatxanalarının yaradılması ilə məhdudlaşmayıb. Emalatxanalarda toxunacaq xalçaların xammalının əldə olunması üçün də tədbirlər görülür. Ötən il dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində təməli qoyulan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikində işlər sürətlə davam etdirilir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.
Bundan başqa bu il “Azərxalça”nın Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması da nəzərdə tutulub. Belə məntəqələrin fəaliyyətə başlaması həm heyvandarlığın inkişafına şərait yaradacaq, həm də “Azərxalça”nın fabrikləri yerli xammalla təchiz olunacaq. Bu da ölkəmizdə xalçaçılığın daha da inkişaf etməsinə təkan verəcək.
“Azərxalça” dövlətin dəstəyindən yararlanaraq öz işini xalça istehsalı emalatxanalarının yaradılması və xalça toxunması ilə bitmiş hesab etməyib. Qurum Azərbaycan xalçalarının dünyada tanıdılması istiqamətində də çox iş görüb. Hər il keçirilən beynəlxalq sərgilərdə Azərbaycan xalçaları da nümayiş etdirilir. “Azərxalça” bu il Almaniyanın Hannover şəhərində keçirilən “DOMOTEX-2018” beynəlxalq xalça sərgisində də iştirak edib. Bu sərgidə Azərbaycan xalçaları ziyarətçilərin böyük marağına səbəb olub. Ölkəmiz sərgiyə Azərbaycan brendi kimi xalçaçılıq məktəbimizin ən gözəl nümunələri – İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. Artıq ikinci dəfədir ki, bu sərgidə nümayiş etdirilən “Azərxalça”nın məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Əcnəbi ziyarətçilərin marağına səbəb olan Azərbaycan xalçaları arasında zəngin mədəniyyətimizin 150 illik və daha qədim  tarixindən xəbər verənləri də olub.
Dövlət başçısının böyük qayğısı, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti kollektivinin əməyi sayəsində yaradılan xalça istehsalı emalatxanalarında toxunan xalçalar artıq Azərbaycan brendi kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.
Xalça mütəxəssisləri dəfələrlə bildiriblər ki, xalçalarda açılmamış sirlər, kodlar var. Azərbaycan xalçaçıları dünyanın dörd bir tərəfinə göndərilən və göndəriləcək xalçalarımıza vurduqları naxışlarla bizim dostlarımıza da, düşmənlərimizə də öz mesajlarını çatdıracaqlar. Bu mənada Azərbaycan xalçaları bütün dünyada tədqiqat obyektinə çevriləcək.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …