Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Binəqədidə tikinti özbaşınalığı: “Binalar Füzulinin icra başçısına məxsusdur” – REPORTAJ, VİDEO, FOTOLAR

Binəqədidə tikinti özbaşınalığı: “Binalar Füzulinin icra başçısına məxsusdur” – REPORTAJ, VİDEO, FOTOLAR

Bu gün Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsinin sakinləri tikinti özbaşınalığına qarşı etirazlarını bildiriblər.

Belə ki, evlərin bir addımlığında çoxmərtəbəli binaların tikintisi əhalinin güzəranını günü-gündən ağırlaşdırıb. İllərdir ki, aparılan tikinti işləri sakinləri cana yığıb.

Musavat.com-un müxbiri tikinti aparılan əraziyə baş çəkib, sakinlərin gileyini dinləyib.

İlk təəssuratımız o oldu ki, şirkət bu işləri apararkən tikinti normalarına əməl etməyərək, qanun pozuntusuna yol verib. Bina ilə evlərin ara məsafəsi 10-15 metrdir. Bina tikintisi evlərin bir addımlığında aparıldığından otaqlarda çatlar yaranıb, daş hasarlar aşıb. Tikinti aparılan ərazidə inşa olunacaq binaların layihəsi asılıb. Həmin lövhədə də qarşı-qarşıya iki çoxmərtəbəli binanın inşa olunacağı göstərilib.

Onu da öyrəndik ki, tikinti işləri “İnam-İnşaat 555” MMC tərəfindən aparılır: “Tikinti gedən ərazidə əvvəllər bağça fəaliyyət göstərib. Sonradan bir nəfər köhnə bağçanı uçurub, boş qalan yerdə bina tikməyə başladı. Bütün bunlar küçə sakinlərinin rəyini almadan, zor gücü ilə həyata keçirildi. İnsanları əzə-əzə 16 mərtəbəli bina tikdilər. Dəfələrlə aidiyyatı qurumlara şikayətimizi bildirdik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikinti aparılan əraziyə gələrək, iş prosesini əngəllədi. Mütəxəssislər tərəfindən xüsusi lentlər çəkildi. Lakin şirkət buna məhəl qoymadı. İki ilin içərisində həmin bina tikildi. Hazırda heç bir yaşayış yoxdur”.

Sakinlər bildirdi ki, şirkət daha bir çoxmərtəbəli bina tikintisi üçün hazırlıq işləri aparır. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, şirkət sakinlərin hərəkət etdiyi yolun bir hissəsinin hasarlayıb, nəticədə gediş-gəliş çətinləşib: “Faiq Rüstəmov küçəsinin əsas yolunu acınacaqlı vəziyyətə salıblar. İndi inşa etdikləri binanın yanında birini də tikməyə hazırlaşırlar. Evlərdə yaranan çatlar, camaatın şikayəti bunlara dərs olmadı. Binanın özülü qazıldığı üçün evlərdə silkələnmə olur. Torpaq alt hissədən aşınır. Bu səbəbdən də asfalt örtüyündə dərin çatlar əmələ gəlib. Hər an təhlükə qarşısında qala bilərik”.

Sakinlərlə söhbət zamanı onu da öyrəndik ki, “Azadlıq city” yaşayış kompleksinin sahibi Füzuli rayonunun icra başçısıdır: Çoxmərtəbəli binalar Füzuli rayon icra başçısına məxsusdur. Bu yaxınlarda şirkətin öz işçiləri bunu bizə dedi. Bir dəfə tikinti işlərini aparan şəxslərlə görüşə getdim. İçəri daxil olduğumda tikintiyə məsul olan Nazim adlı şəxslə görüşdüm. Aparılan tikinti işlərinin bizi narahat etdiyini dedim. Həmin şəxs mənə istehza ilə bildirdi ki, bu binalar tikiləcək, qarşısını almaq mümkün deyil. Binalar şəxsən Füzuli Rayon İcra başçısı Alı Alıyevə məxusdur. Bu işin vəzifəli şəxslərdən birinə aid olduğunu bilirdik. Lakin bir icra başçısına məxsus olduğunu bilmirdik. Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə şikayətimizi bildirsək də, heç bir nəticə vermir”.

Daha ətraflı təqdim etdiyimiz videorportajdan izləyə bilərsiniz.

 

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …