Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Bilirdik ki, bir gün qapı döyüləcək, amma edirdik”- Nazirlik işçisi milyonların talanmasından danışır

“Bilirdik ki, bir gün qapı döyüləcək, amma edirdik”- Nazirlik işçisi milyonların talanmasından danışır

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, noyabrın 30-da baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxslərdən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev və digərləri ifadə verib.
“Gördüyümüz iş monopoliya idi”
A.Mustafayev digərlərindən fərqli olaraq etirafedici ifadə verərək tutduqları əməlləri etiraf edib.
Anar Mustafayev istintaqın qərəzli aparılmasından, ona qarşı irəli sürülən mənimsəmə rəqəmlərinin şişirdilməsindən, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmamasından narazı olduğunu bildirib.
“10 milyon vermişəm, özümə isə 567 min manat götürdüm”
O, təşkilatçı kimi qələmə verilməsindən də gileylənib: “Guya, planı mən hazırlamışam. Əgər planı mən yazmışdımsa, belə ağlım, bacarığım vardısa, niyə istintaqın qənaətinə görə, Beytulla Hüseynov və Vidadi Zeynalovun hər birinə 10 milyon vermişəm, özümə isə 567 min manat götürdüm?  Mən bununla günahsız olduğumu demək istəmirəm. Günahımı ilk gündən etiraf etmişəm. Ancaq burada doğru olmayan ittihamlar var”.
Keçmiş baş mühasib əlavə edib ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaitdən hər ay 7 min manat “paket” olaraq əməkhaqqı alması barədə iş materiallarında yazılanlar həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, ayda rəsmi maaşdan əlavə 2 min manat pul alıb: “Əməliyyat olunan zaman Beytulla müəllim mənə 8 min, 5 min və 4 min manat pul verib. Ayda 7 min alırdımsa, Beytulla müəllimdən niyə pul alırdım? Düzdür, ayda mənə 7 min verilib, amma cəmi 2 mini mənə çatıb, qalanı müxtəlif məsələlərə, o cümlədən işçilərin xəstəliklərinin müalicəsindən tutmuş, onların övladlarının təhsilinə, bayram tədbirlərinə qədər müxtəlif işlərə xərclənib”.
“Bilirdik ki, bir gün qapı döyüləcək, amma edirdik”
Təqsirləndirilən şəxs deyir ki, baş mühasibi olduğu quruma daxil olan bütün vəsaitlər təyinatı üzrə tam xərclənib.
“Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydi. Hərçənd, bilirdik ki, bir gün qapı döyüləcək, amma eləyirdik. Layihələr hazırlanırdı, onların icrasını inandığımız adamlara həvalə edirdik. Amma onlara əvvəlcədən deyirdik ki, siz qazanc götürməyəcəksiz. O adamlara şişirtmə nəticəsində qalan vəsaitdən “paket” əməkhaqqı verilirdi. Bu baxımdan, biz dövlət əmlakını mənimsəməmişik, Bayram müəllimin, Emin müəllimin, Namazalı müəllimin qazancına girmişik. Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb. Həqiqətən də ədalətli araşdırılsa, görünər ki, zərrə qədər yayınma yoxdur. Başqa şirkətlərlə işləsəydik, daha baha başa gələcəkdi”- deyə Anar Mustafayev əməllərini etiraf edərkən söyləyib.
“5 mini işçilərin müalicəsinə, toylara, yaslara gedirdi”
Anar Mustafayev prokuror Fərid Nağıyevin suallarını cavablandırarkən nazirliyə bağlamalarda pul apardığını da etiraf edib. Amma məbləğ barədə məlumatının olmadığını söyləyib.
Anar Mustafayev suallara cavab verib. O deyib ki, B.Hüseynovdan ümumi olaraq maaşdan əlavə təxminən 100 min manat alıb: “Aylıq aldığım 7 min manatdan 5 mini işçilərin müalicəsinə, toylara, yaslara gedirdi”.
Digər təqsirləndirilən şəxs Bayram Vəliyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.
Məhkəmədə onun istintaqa ifadəsi elan olunub.
 
“1000 manat maaş, 1500 manat isə paket alırdım”
O deyib ki, şirkətləri təsis edərək Beytulla Hüseynova işləmək istədiyini deyib: “Gömrükdə işdən təzə çıxmışdım, işsiz idim. Bundan sonra mən rəsmi olaraq rəhbər qalsam da, faktiki olaraq Beytulla Hüseynov rəhbərlik edirdi. O, tenderlərdə həmin şirkətlərin qalib olmasını təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə qol çəkirdim”.
Vidadi Zeynalov ittiham aktını almadığını deyib. Hakim veriləcəyini bildirib.
Ötən prosesdə ifadə verən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov bu dəfəki prosesdə sualları cavablandırıb.
O, Vidadi Zeynalovun vəkillərinin suallarına cavabında istintaqa verdiyi ifadəsini təsdiqlədiyini əlavə suallara cavab vermək istəmədiyini deyib.
B.Hüseynov bütün işləri rəhbərliyin göstərişi ilə yerinə yetirdiyini desə də vəkillərin israrına baxmayaraq ad çəkmək istəmədiyini bildirib.
Bu səbəbdən də məhkəmədə onun istintaqa ifadəsi elan olunub. Beytulla Hüseynov bir daha onu təsdiqləyib.
Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın