Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Beynəlxalq Şəffaflıq” təşkilatının özü nə qədər şəffafdır – sensasion və inanılmaz faktlar

“Beynəlxalq Şəffaflıq” təşkilatının özü nə qədər şəffafdır – sensasion və inanılmaz faktlar

Korrupsiya içində korrupsiyaya qarşı mübarizə?; Bu təşkilat ABŞ haqqında: “Ağ Ev Amerikada ən böyük korrupsiya mərkəzidir”

 Məlum olduğu kimi, “Transparency İnternational” (Beynəlxalq Şəffaflıq) təşkilatı növbəti hesabatını açıqlayıb. Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 180 ölkə arasında 122-ci yeri tutub. Ürəkaçan mənzərə deyil.

Bu hesabatı az qala “Quran ayəsi” qismində qəbul edən müxalif qüvvələr iqtidara qarşı hücuma keçib. Sözügedən təşkilat haqqında isə əksəriyyətinin məlumatı belə yoxdur. Məsələn, korrupsiyaya qarşı mübariz kimi təqdim olunan bu təşkilatın özü korrupsiyaya görə ittiham olunubmu? İnanmayacaqsız. Ancaq belə faktlar var. Özü də az deyil. Başqa bir maraqlı məqam. Bu təşkilatın ABŞ-dakı bürosu rəsmən qapadılıb. Niyə? Məhz korrupsiyaya görə. Bu barədə bir az aşağıda ətraflı məlumat verəcəm.

Onu da bilməyinizdə fayda var ki, “Beynəlxalq Şəffaflıq” təşkilatının ABŞ bürosu rəsmən qapadıldıqdan sonra təşkilat Amerikada korrupsiya və rüşvətxorluğun səviyyəsi ilə bağlı ağlasığmaz hesabat yayıb. Bu hesabata inansaq, əminliklə deyə bilərik ki, məhz ABŞ dünyada ən çox korrupsiyaya uğramış ölkədir. Həmin hesabatın da diqqətçəkən hissələrini sizlərlə bölüşəcəm. Bizim müxalifətimiz belə faktların üstündən bir qayda olaraq sükutla keçir. Bəlkə bir vaxt tankın qarşısında dim-dik dayanıb, iqtidara gəldikdən sonra isə rüşvətin qarşısnda diz çökdüklərinə görə belə edirlər? Bəlli deyil. Bəlli olan odur ki, sadəlövh insanları aldatmaq, onların rəyi ilə manipulyasiya etməyə çalışırlar.

“Beynəlxalq Şəffaflıq” haqqında məlumatların xülasəsinə diqqət edək. Bu qurum 1993-cü ildə yaranıb. Beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır. Mərkəzi qərargahı Berlində yerləşir. Dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Əsası Peter Eigen tərəfindən qoyulub. O, almandır və bir vaxtlar Beynəlxalq Bankın regional rəhbərlərindən biri olub.

O da sirr deyil ki, Beynəlxalq Bank ABŞ-ın yeritdiyi xarici siyasətdə əsas maliyyə silahıdır. Və bu bank həm korrupsiyaya qarşı mübarizəyə dəstək verib, həm də korrupsiyaya görə ittiham olunub. Yeri gəlmişkən 2012-ci ildən Dünya Bankına rəhbərlik edən koreya mənşəli amerikalı Jim Yong Kim (bugünlərdə istefa verdi) “Economic Times”a verdiyi müsahibəsində deyib: “Nə yazıq ki, dünyanın hər bir ölkəsində korrupsiya var”. Yəni, dünyanın heç bir ölkəsini korrupsiyadan kənarda qalmayıb.

O da maraqlıdır ki, Dünya Bankına həmişə amerikalılar rəhbərlik edir. Niyəsini yuxarıda ötəri də olsa vurğuladım. 
İndi isə “Beynəlxalq Şəffaflıq” təşkilatının ABŞ-la bağlı 2017-ci ilə aid hesabatına diqqət edək. Hesabatın mövzuya müvafiq yerlərini sizlərə təqdim edirk. (Arzu edənlər həmin hesabatı orijinalda bütöv şəkildə oxuya bilər. Linklər aşağıda)


2017-ci ilin nəticəsi

Amerikanların 44 faizi güman edir ki, korrupsiya Ağ Evdə geniş yayılıb, 2016-cı ildə bu göstərici 36 faiz idi.

Hər 10 adamdan 7-si inanır ki, hökumətin korrupsiyaya qarşı apardığı mübarizə uğursuzluğa düçar olub, 2016-cı ildə isə hər 10 nəfərdən 5-i belə düşünürdü. 

Afrika əsilli amerikalıların üçdəbiri əmindir ki, Amerika polisi korrupsiya içindədir, ötən il isə onların beşdəbiri bu fikirdə idi.

Rəyi soruşulanların 55 faizi bəyan edib ki, korrupsiya ilə bağlı məlumatı polisə ötürmək qorxuludur, çünki ittiham etdiyin tərəf sənə ciddi zərbə endirə bilər. 2016-cı ildə isə rəyi soruşulanların yalnız 31 faizi belə düşünürdü.

Rəyi soruşulanların 74 faiz əmindir ki, sadə adamlar korrupsiyaya qarşı mübarizənin gedişinə təsir edə bilər.

2017-ci ildə hər 10 nəfərdən 6-sı deyib ki, ABŞ hökuməti ötən ilə nisbətən daha çox korrupsiyaya uğrayıb. Ağ Ev isə ABŞ-da korrupsiyaya uğramış ən böyük idarədir. Elə bu səbəbdən də xalqın hökumətə inamı daha da sarsılıb.

Tədqiqat zamanı doqquz nüfuzlu qrup arasında korrupsiyanın dərəcəsi araşdırılıb. Bunlar milli hökumət (prezidentin ofisi, konqres üzvləri, hökumət məmurları), ictimai müstəvidə olan məmurlar (vergi məmurları, polis, hakimlər, yerli məmurlar) hökumətin bir hissəsi olmayan, ancaq güclü təsirə malik şəxslər (işgüzar rəhbərlər, dini liderlər) bu 9 qrupu özündə ehtiva edir.

Bu qruplar arasında hökumət və rəsmi Vaşinqtondakı məmurlar Amerikada ən korlanmış korrupsioner məmurlar hesab olunur. Amerikanların 44 faizi deyir ki, prezidentin ofisində çalışanların çoxu, hətta hamısı ABŞ-da korrupsiyanın ən öncül hissəsini təşkil edir. Keçən il amerikalıların yalnız 36 faizi belə düşünürdü….

Yəni, bizim müxalifətin ağzı köpüklənə-köpüklənə Azərbaycana nümunə göstərdiyi Amerika bugündədir. Bizə belə nümunə lazımdırmı?

“Transparency International USA”- “Beynəlxalq Şəffaflıq” təşkilatının ABŞ bölümü niyə ləğv olundu?

10 yanvar 2017-ci ildə təşkilatın Beynəlxalq Direktorlar Şurası belə bir qərarı vermək zorunda qaldı. Çünki təşkilatın beynəlxalq nüfuzu zərbə altına düşdü. Məlum oldu ki, təşkilatın Amerika bölümünü dünya çapında tanınan şirkətlər maliyyələşdirib. Həmin şirkətlərin bir çoxu isə korrupsiyaya görə dəfələrlə ittiham olunub. “TI-USA” (təşkilatın ABŞ bölüm) hər il verdiyi “ən təmiz” maliyyə təşkilatı mükafatının “Klinton Fondu”na təqdim olunması ideyasının müdafiəçisinə çevrildi. Halbuki istər Bill Klinton, istərsə də Hillari Klintonun “ o qədər də təmiz olmayan” maliyyə mənbələri vardı. Əsasən bu iki səbəbdən “TI-USA” buraxıldı. Təşkilat eyni addımı Xorvatiya ilə bağlı da atıb. Özü də şübhəli maliyyə mənbələrindən ianə alan təkcə “Tİ-USA” olmayıb. “Beynəlxalq Şəffaflıq” təşkilatının mərkəzi qərargahı Almaniyanın “Simens” şirkətindən maliyyə dəstəyi alıb. Bu şirkət isə Yunanıstan, Norveç, İraq, Vyetnam, İtaliya, İsrail, Argentina, Venesuela, Çin və Rusiya kimi ölkələrdə korrupsiya əməllərinə yol verdiyinə görə Məhkəmə tərəfindən ittiham edilib və 1.6 milyard dollar həcmində cərimə ödəyib.

Təşkilatın Yeni Zellandiya bölümündə də ciddi narazılıqlar olub. Berlindəki mərkəzi ofis bu narazılığı ört-basdır etməyə çalışsa da, bu faktı gizlətmək mümkün olmayıb.

2015-ciildə isə təşkilatın əməkdaşı olan Anna Bucconi bəyan etdi ki, təşkilat ona və onun iş yoldaşlarına qarşı qisasçılıq siyasəti yeridir. Çünki onlar təşkilatın şübhəli maliyyə əməliyyatları barədə “İntegritv Water TI” şəbəkəsi üzərində geniş məlumat yayıb. Elə bu səbəbdən də onu işdən qovdular…

O da həqiqətdir ki, keçmiş SSRİ (Baltikyanı ölkələr istisna olmaqla) məkanında korrupsiya və rüşvətxorluğun səviyyəsi Avropa Birliyi, ABŞ, Kanada kimi ölkələrlə müqayisədə çox-çox üstündür. Təbii ki, bu, çox pisdir və bu vəziyyətlə barışmaq olmaz. Bu istiqamətdə mübarizəni gücləndirmək gərəkdir. Keçmiş SSRİ məkanında xüsusi çəkisi olan Rusiyada bu proses demək olar ki, getmir. Vladimir Putinin Rusiyada korrupsiyanın vəziyyəti ilə bağlı çıxışlarının birində dediyi “Əminəm ki, Çeçenistanda korrupsiyanın səviyyəsi ən minimum həddədir”, fikri gülüşlə qarşılanıb. Çünki məhz Çeçenistan Rusiyada ən çox korrupsiyaya uğramış bölgələrdən biri hesab olunur…

***

Fikrimcə, “Beynəlxalq Şəffaflıq” təşkilatının bu hesabatı son 1-2 ildə Azərbaycanda baş verən dəyişiklikləri özündə əks etdirmir. Məncə, ölkəmizdə korrupsiyanın səviyyəsi xeyli aşağı düşüb. Məntiqlə bu tendensiya hesabatda öz əksini tapmalı idi. Ancaq biz tam əksini görürük. Bəs, Azərbaycanda korrupsiyanın səviyyəsi nədən aşağı düşüb? Çünki son 1-2 ildə oliqarx-məmurların önəmli bir hissəsi iqtidardan kənara atılıb. Korrupsiya öndərlərinin yerinə isə gənc və müsbət imici olan şəxslər gətirilib. Heç şübhəsiz ki, bu proses davam edəcək.

O da aydındır ki, bu prosesə cənab prezident rəhbərlik edir. Daha çox kölgədə qalmağa üstünlük verən vitse-prezidentin də bu məsələdə sərt mövqe sərgiləməsi siyasi prosesləri izləyənlər üçün sirr deyil. Düzdür, bizim mətbuatda bu barədə demək olar ki, heç bir şey yazılmır. Amma bu işdə Mehriban xanımın da əməyinin olması mütləq qeyd olunmalıdır.

Dediyim kimi, iqtidardan oliqarx məmurların təmizlənməsi prosesi davam edəcək. Bu isə o deməkdir ki, gələn il “Beynəlxalq Şəffaflıq” təşkilatının təbirincə desək, “Korrupsiyanı Qavrama İndeksinə” görə Azərbaycan daha münasib yerdə olmalıdır. Olacaqmı? Bu, hesabat daha çox subyektiv amillərə söykəndiyinə görə bəribaşdan nə isə demək çətindir. Üstəlik, “Beynəlxalq Şəffaflıq” təşkilatı nə qədər şəffafdır, sualı da tez-tez müzakirələrə səbəb olur…

Əlbəttə, Azərbaycanda korrupsiyaya qarşı mübarizədən danışarkən “ASAN” (Azerbaijani Service and Assessment Network) xidməti unutmaq olmaz. Prezident İlham Əliyevin layihəsi olan bu təşkilatın Azərbaycanda daha geniş müstəvidə tətbiq olunması korrupsiyaya qarşı mübarizədə real və müsbət nəticələrin ortaya çıxmasına təkan verə bilər.
Bütövlükdə götürdükdə, proses gedir, sadəcə, bu prosesin daha sürətli getməsi gərəkir.

Sevimli peyğəmbərimizin aşağıdakı fikrinə də xüsusi diqqət etmək gərəkir: “Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana lənət etsin”.

musavat.com

https://www.transparency.org/news/feature/corruption_in_the_usa_the_difference_a_year_makes
https://mlexmarketinsight.com/insights-center/editors-picks/anti-bribery-and-corruption/europe/corrupt-world-bank-consultant-has-sparked-slew-of-european-criminal-probes
https://www.occrp.org/en/27-ccwatch/cc-watch-briefs/7980-world-bank-will-track-own-funds-as-corruption-is-everywhere
https://de.wikipedia.org/wiki/Transparency_International

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …