Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Beynəlxalq Bank işi ”nə görə tutulan iş adamının səhhəti pisləşdi

“Beynəlxalq Bank işi ”nə görə tutulan iş adamının səhhəti pisləşdi

Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan “Azərbaycan Konsaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun səhhətində ciddi problemlər yaranıb. Bu barədə Trend-ə E.Yavuzun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhətindəki problemlər ciddiləşib: “Ona “bel-oma fəqərələrinin osteoxondrozu, L-4 və L-5 fəqərələrarası diskdə epidural sol daralma, qabarma, L5-S1 fəqərəarası diskdə sağ və sol sinir körpücüklərini sıxan soltərəfli kökcük sindromu ilə olan xroniki diskogen bel-oma radikuliti” diaqnozu qoyulub. Bununla yanaşı, ona “S-vari bağırsağın divertikuliti” diaqnozu da təyin edilib. Hazırda onun ciddi ağrıları var və bu ağrılar onu hər gün narahat edir. Onun təcridxana şəraitində müalicəsi heç bir müsbət nəticə vermir. Hazırda o, Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimlərinin ciddi nəzarətində saxlanılır”.

Vəkil əlavə edib ki, müvəkkilinin ağrılarını sakitləşdirmək üçün ona keyidici iynələr vurulur.

E.Yavuzun Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülməsinə gəlincə, S.Rəsulov bildirib ki, istintaq hərəkətləri bitmədiyi üçün müvəkkili buna razılıq verməyib.

E.Yavuzun təcridxana şəraitində müalicəsinin müsbət təsirinin olmadığını deyən vəkil bildirib ki, bu məqsədlə o, müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin “ev dustaqlığı”na dəyişdirilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət edib. Məhkəmə yaxın günlərdə vəsatətə baxacaq.

Qeyd edək ki, Nərimanov rayon məhkəməsinin qərarı ilə E.Yavuzun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, E.Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın