Cümə , Oktyabr 30 2020
Ana səhifə / Araşdırma / BDU Ukrayna səfirliyinə tədbir üçün yer verməyib, yoxsa…

BDU Ukrayna səfirliyinə tədbir üçün yer verməyib, yoxsa…

Pərvanə İbrahimova: “Növbəti günlərdə belə bir tədbirin keçirilməsi müzakirə oluna bilər”

Bakı Dövlət Universitetində Ukrayna səfirliyinin təşkilatçılığı ilə 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının (“Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa baş tutmayıb. Noyabrın 15-də keçirilməli olan tədbir məlum olmayan səbəblərdən alınmayıb.

Bu barədə Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkələrdə bu statusu paylaşıb: “Deməli, noyabrın 15-də Bakı Dövlət Universitetində Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının (”Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilməli idi. Dəyirmi masada Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməliydi. Dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib. Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək.

Ukraynada “Qolodomor” illərində 4 ilə 7 milyon insan həlak olub. Bu, Stalin rejiminin repressiyasıdır. “Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində “Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər? Bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa, nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?”

Pərvanə İbrahimova ile ilgili görsel sonucu

Məsələ ilə bağlı BDU-ya zəng etdik. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Yeni Müsavat”a açıqlamasında tədbirlə bağlı müraciət edildiyini təsdiqlədi: “Bakı Dövlət Universitetinə belə bir məktub daxil olsa da, tədbirin noyabrın 15-də keçirilməsi ilə bağlı hansısa razılaşma olmayıb. Sadəcə, noyabrın 15-də universitetdə öncədən planlaşdırılmış tədbirlərin keçirilməsi səbəbindən (H.Cavidin 135 illiyi qeyd olunacaq, Xarici ölkələrin iqtisadı və siyasi coğrafiyası kafedrasının müdirinin yubiley tədbiri keçiriləcək, eyni zamanda universitet rəhbərliyi akademiyanın Geologiya və Geofizika İnstitutunun yubileyində iştirak edəcək!) həmin dəyirmi masanın başqa vaxta təyin edilməsi məsələsi gündəmdə olub. Yəni biz razılıq verib sonra tədbirdən imtina etməmişik, cədvəl səbəbindən həmin gün alınmayıb. O ki qaldı dəvətnamələrin paylanmasına, bu, tədbirin keçirilməsi ilə bağlı ümumi razılıqdan sonra edilsəydi yaxşı olardı. Növbəti günlərdə belə bir tədbirin keçirilməsi müzakirə oluna bilər”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …