Ana səhifə / Araşdırma / Baş Prokurorluqdan Cahangir Hacıyevlə bağlı – Açıqlama

Baş Prokurorluqdan Cahangir Hacıyevlə bağlı – Açıqlama

“Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Azinforum.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib.

E.Sultanov xatırladıb ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub.

E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.

Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın