Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Baş Prokurorluq generalın oğlunun həbsi barədə açıqlama yaydı – (Yenilənib 2, Foto)

Baş Prokurorluq generalın oğlunun həbsi barədə açıqlama yaydı – (Yenilənib 2, Foto)

Baş Prokurorluq aprelin 10-da Bakının “Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə baş vermiş dava-dalaş barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org saytına açıqlamasında bildirib ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

E.Sultanov onu da qeyd etdi ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.

*   *   *16:00

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb.

Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

Beləliklə, Azərbaycanda yeni presedent, yeni ənənə yaranır. Yüksək rütbəli generalın oğlu, digər nüfuzlu şəxsin – Şeyxülislamın isə bacısının oğlu qanunazidd əməllərinə görə həbs edilir. Bu hadisə yerlibazlığa, tayfabazlığa ciddi və sarsıdıcı zərbə kimi də qiymətləndirilə bilər.

Bu həbs həm də qanunazidd əməllər törətdikləri üçün qanun qarşısında cavab verən bir çox müxalifətçilərin həbsini “sifarişli və siyasi xarakterli” sayanların iddialarının əsassızlığı deməkdir.

*   *   *14:32

Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında polis generalının oğlunun iştirakı ilə dava-dalaş baş verib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə eyni vaxtda bir neçə yerli KİV-lər xəbər yayıblar.

Hadisənin aprelin 10-da baş verdiyi, bir neçə nəfərin iştirakı ilə baş vermiş davada bıçaqlanan adamın olduğu bildirilir. Davanın iştirakçılarından biri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev olub.

O, hadisə yerindən qaçaraq gizlənib. Dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanılıb.

Xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr edib.

Növbətçi məhkəmənin qərarı ilə generalın oğlu barədə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd ediblər.

Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlayıb.

Tamerlan Əsədullayev (sağda)

Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.

Belə görünür ki, generalın oğlunun növbəti dəfə bir nəfərin bıçaqlanması ilə müşayiət olunan davaya qarışması onun atasını boğaza yığıb və Əsədullayev oğlunu həbs etdirməkdən başqa yol görməyib.

İnsidentlə bağlı virtualaz.org saytı DİN-in mətbuat xidmətindən və Yasamal RPİ 26-cı polis bölməsindən şərh ala bilməyib.

Bununla belə hüquq-mühafizə orqanlarındakı mənbələrdən belə hadisənin baş verdiyini saytımıza təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Generalın öz oğlunu tutub polisə gətirməsi barədə yayılan məlumatları isə mənbə təsdiq və ya təkzib etməyib.

Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın