Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Baş Prokurorluq Elşad Babayevin ölüm işini tələb etdi

Baş Prokurorluq Elşad Babayevin ölüm işini tələb etdi

Simuzər Babayeva: “Qardaşımın ölümündə günahı olan şəxsləri qanun qarşısında cavab verməyə məcbur etməyi tələb edirəm”

Dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin işi üzrə araşdırma Baş Prokurorluqda aparılacaq.
Bu haqda “Yeni Müsavat”a öldürülən məhkumun bacısı Simuzər Babayeva məlumat verib. O deyib ki, bir qədər əvvəl onların tələbinə əsasən qardaşının meyiti ekshumasiya (qəbirdən çıxarılaraq) olunaraq yenidən tibbi ekspertizadan keçirilib: “Rəy Bakı Şəhər Prokurorluğuna təqdim edilsə də, nümayəndəmiz Xalid Bağırova verilməyib”.
X.Bağırov isə deyib ki, rəy veriləndən sonra işi Baş Prokurorluq Bakı Şəhər Prokurluğundan tələb edib. X.Bağırov rəyin ona təqdim edilməməsinin səbəbini bilmədiyini açıqlayıb. O, belə hesab edir ki, iş üzrə verilən sonuncu rəy əvvəlkindən fərqli olub deyə işi Baş Prokurorluq tələb edib.
Mərhumun bacısı S.Babayeva qardaşının öldürülməsindən sonra anasının psixoloji sarsıntı keçirdiyini, yaşlı qadının hər gün oğlunu gözlədiyini söyləyib: “Qardaşımı avqustda azad etməli idilər. Anam Elşadın yolunu gözləyir. Onun ölümünə inanmır, ağlayır”.
S.Babayeva bildirib ki, qardaşının öldürən şəxslər layiqli cəzalarını almayınca mübarizə aparacaq: “Hamı bilir ki, Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşımı məhkumları döyməklə, işgəncə verməklə ad çıxaran nəzarətçilər Firdosi, Faiq, Rahib vəhşicəsinə döyüb, işgəncə verib öldürüblər. Ölümündən 10 gün əvvəl  “do prixod”a aparıb orada döyüb işgəncələrə məruz qoyublar. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək, su verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər. Demişəm, bir daha deyirəm, qardaşımı döyüb öldürən Firdovsi, Faiq, Rahib evlərində rahat yatmasınlar, eşitsinlər, bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm. Anamın göz yaşlarına görə də cavab verəcəklər. Qanun qarşısında, Allah qarşısında etdiklərinin qarşılığı olacaq. Övladlarına desinlər ki, əlləri qana batıb, onlara apardıqları çörək döyülən, işgəncəyə məruz qalan məhkumların qanına bulaşıb. Öz uşaqlarından da bağışlanılmalarını istəsinlər. Mən onları bağışlamayacağam!”
S.Babayeva Baş Prokurorluqda iş üzrə araşdırma aparan vəzifə sahiblərinə səslənib: “Mənim qardaşımı türmə işçiləri məhkumların gözü qarşısında döyüb öldürüblər. Həmin məhkumların bəzilərinin başına oyun açdılar. Onları xəstə adı ilə “tubzon”a göndərib orada amansız işgəncələrə məruz qoydular. Bu qanunsuzluqlar bu gün də davam edir. Sizlərdən bu qanunsuzluqlara göz yummamağı, qardaşımın ölümündə günahı olan şəxsləri qanun qarşısında cavab verməyə məcbur etməyi tələb edirəm”.
S.Babayeva qardaşının ölüm səbəbinin saxtalaşdırldığını və cinayət işinin gedişatının daha çox olayın ört-basdır olunmasına xidmət etdiyini deyib: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasından mənə verilən ölüm kağızında yazmışdılar ki, güya qardaşım ürək tutmasından – kardiomiopatiyadan ölüb. Amma türmədə hamı bilir ki, qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağrımayıb. Həmin rəyi verən məhkəmə tibb ekperti qardaşımı öldürənlərə şərik oldu.Onların cinayətinin öz saxta rəyi ilə gizlədilməsinə xidmət etdi. Həmin ekspertin də cəzalandırılması məsələsini prokurorluq həll etməlidir. Mən bir daha təkrar edirəm, qardaşımın qatilləri cəzalarını almayınca mübarizə aparacağam. İndiki rəydən məlumatsızıq, obyektiv olmayacaqsa qəbul etməyəcəyik”.
S.Babayevanın qardaşının öldürülməsi haqda dürüst ifadə verə biləcək məhkumlardan biri də baş redaktor Araz Quliyevdir. Onun barəsində bu il martın 19-da 14 saylı cəzaçəkmə müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevin 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqda qərar qəbul edib. Qərarda A.Quliyevin həbsxanada intizam qaydalarını pozduğu, müəssisənin təmir işlərinə köməklik etmədiyi, dustaqlar arasında dini təbliğat apardığı(?!), dini mərsiyələr oxuduğu qeyd olunub. Araz Quliyev və onun vəkili Yavər Hüseyn qərarı əldə edəndən sonra apelyasiya şikayəti veriblər. Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları – Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar. Məhkum Elşad Babayevin ölümündən sonra onun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci – vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər. Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurluğuna verilib. Göründüyü kimi iş sayca 3-cü və daha yüksək instansiyada istintaq ediləcək.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın