Ana səhifə / Araşdırma / Baş allerqoloq: Astma xəstəliyi yayılıb, xüsusilə də cənub zonasında

Baş allerqoloq: Astma xəstəliyi yayılıb, xüsusilə də cənub zonasında

Ötən il 7701 nəfərdə astma xəstəliyi aşkarlanıb. Amma xəstələrin sayının qeydiyyatdan keçənlərdən çox olduğu ehtimal edilir. Virtualaz.org bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8 faiz təşkil edir. “Qeydiyyatdan keçməyənlərin sayı kifayət qədərdir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir. Astmada ən vacib amil genetik meylliyin olmasıdır”, – Məmmədov deyib.

Qeyd edək ki, bu gün – 4 May – Ümumdünya Astma Günüdür. Beynəlxalq astma günü hər il dünyanın 80 dən artıq ölkəsində bu xəstəliyin Qlobal Strateji Müalicə layihəsi çərçivəsində qeyd edilir. Məmmədov deyib ki, “Xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Azərbaycanda bronxial astma xəstələrini sayında illər üzrə azalma müşayiət edilir”.

Astma xəstəliyi daha çox İrlandiya, Baltikyanı ölkələr, Kanada, Şimali Amerikada yayılıb. Bəzi ölkələrdə bu göstərici 30-40 faiz təşkil edir.

Baş allerqoloq əlavə edib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bronxial astma yayılıb. “Bütün dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir. Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar”, – Məmmədov əlavə edib.

Professor qeyd edib ki, xəstəliyin əsas əlamətləri vaxtaşırı boğulmalardır. Bu hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. “Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir. Bu kimi utmalar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa ağciyərlərin emfizeması deyilən, ağırlaşmaya, sonda isə ağciyər ürək çatışmazlığıa gətirib çıxara bilər. Məhz bu baxımdan bu xəstəlik çox ciddi sayılmalı və əlamətləri müşahidə edildiyi zaman mütləq allerqoloqa müraciət edilməlidir. Vaxtında lazımi müdaxilə olunarsa xəstəni vəziyyətdən çıxarmaq və əvvəlki həyata qaytarmaq mümkündür”.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …