Tanınmış jurnalist İmdad Əlizadənin mərhum atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən sürücü Seymur Qarayev barəsində məhkəmənin azadlıqdan mərhumetmə hökmü olmasına baxmayaraq, o, hələ də sərbəst gəzib-dolaşır.
Bunu Modern.azsaytına açıqlamasında jurnalist İmdad Əlizadə deyib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qarayev Seymur Vidadi oğluna 5 il həbs cəzası verilib, Bakı Apellyasiya Məhkəməsi bu hökmü 4 il 6 aya endirib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb:
“Yəni hazırda Seymur Qarayevin üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə hökmü var. Buna baxmayaraq, məhkum Seymur Qarayev nəinki müəyyənləşdirilən cəzaçəkmə müəssisəsində cəza çəkmir, hətta dövlət qurumu olan “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) işləyir”.
Yekun hökmə əsasən, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayev 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Burda həmçinin işin mülki hissəsi də olub. Mənim 166 min manatlıq mülki iddiam var idi, bundan yalnız 23 min manatı təmin edilmişdi. Sonrakı dövrdə apellasiya şikayəti vermişdik. Şikayətimizə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Bu ilin aprelin 2-də məhkəmə yekun qərarını elan edib. Qərara əsasən, Qarayev Seymur Vidadi oğlunun cəzası 4 il 11 ay 28 gündən 4 il 6 aya endirilib. Eyni zamanda, mənim mülki iddiam 120 min 931 manat həcmində təmin edilib. Həm Nərimanov Rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən Qarayev Seymur Vidadi oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı Apellyasiya Məhkəməsinin qərarında yazılıb ki, hökm elan olunduğu gündən, yəni aprel ayının 2-dən qüvvəyə minir. Amma Seymur Qarayev hələ də azadlıqdadır, hətta AZAL kimi bir strateji dövlət qurumunda işləyir”.