Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / Bankirin 2 qardaşının öldürməsinin sensasion təfərrüatları

Bankirin 2 qardaşının öldürməsinin sensasion təfərrüatları

Zaur Tərlanov: “Gecəyarısı evimə soxulub həyat yoldaşımı silahla hədələməklə təcavüz ediblər”

 
Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Bank Standart”ın işçisi, ömürülük həbs cəzası almış  Zaur Tərlanovun apelyasiya şikayətinə baxılır. Yanvarın 27-nə təyin olunmuş prosesdə Z.Tərlanovun çıxış edəcəyi gözlənilir. Z.Tərlanov 2015-ci il yanvarın 8-də axşam saatlarında Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-ci il təvəllüdlü Cavid Rəhimovlarla uzun çəkişmədən sonra onlara odlu silahdan atəş açmışdı. Qardaşlar hadisə yerində dünyalarını dəyişmişdi. 
İndi aydın olur ki, baş vermiş olaydan əvvəl Rəhimov qardaşları Zaur Tərlanova, onun ailə üzvlərinə qarşı son dərəcə qanunsuz addımlar atıblar. Z.Tərlanov təqib və təzyiqlərdən yayınmaq üçün yaşadığı ünvanı aylarla tərk etməli olub. Yaşadığı qəsəbəyə qayıtdıqdan sonra isə belə bir ağır cinayət baş verib. 
Bankiri silaha əl atmağa nə vadar edib? 
2 qardaşın ölümünə səbəb olan olayın meydanagəlmə səbəbləri haqda Z.Tərlanov Bakı Apelyasiya Məhkəməsinə yazdığı şikayətdə son dərəcə ilginc məqamlar yer alıb. Belə aydın olur ki, məlum qətldən aylar əvvəl qardaşlar Z.Tərlanovun evinə basqın ediblər, onun 34 min manatını ələ keçiriblər. Bundan başqa, həyat yoldaşına təcavüz olunub.
Şikayətdən bəzi məqamları təqdim edirik: 
“Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Evliyəm, 3 körpə uşağım var. Bakı Dövlət İqtisad Univerisitetini 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Uzun müddət bank sektorunda öz ixtisasım üzrə çalışmışam. Sonuncu iş yerim ”Bank Standart” olub. Eyni zamanda idmanla məşğul olmuşam, bu sahədə diplomlarım və digər uğurlu nailiyyətlərim vardır. Peşəkar idmançı kimi gənclərə dərs verərək, idmanın sirlərini öyrətmişəm. Bundan başqa, özümün kiçik kommersiya biznesim də olub. Avtomobillərin və onun ehtiyat hissələrinin alqı-satqısı ilə də məşğul olmuşam. 2010-cu ildə mənimlə birlikdə “Bank Standart”da çalışan Xanım Aslanova ilə el adəti ilə evlənmişəm. Atama məxsus Sahil qəsəbəsində yerləşən 4 otaqli mənzildə birgə yaşamışıq”.
 
Qardaşlardan biri bankirin həyat yoldaşını silahla hədələyərək ona təcavüz edib!
Z.Tərlanov şikayətində Rəhimov qardaşlarının anası Niyar Rəhimovanın günahının olduğunu diqqətə çatdırır:
“Niyar Rəhimova ilə 2007-ci ildən tanışam. Mən kredit şöbəsində işlədiyimdən, onun bankdan tez-tez kredit götürdüyünün şahidi olurdum. 2013-cü ildə Xanım Aslanova ilə Niyar Rəhimovanın münasibətlərini müşahidə etməyə başladım. Mən Xanımın telefonunda tez-tez Niyarın telefon nömrəsini görəndə, Xanıma onunla ehtiyatlı olmağı tapşırdım. Çünki Rəhimova Niyar Həmzə qızı dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmusdu. Hətta 2009-cu ildə saxta sənədlərlə muştərilərin adına kredit  göturub,  digər şəxslərə sələm verdiyi uçun ANS telekanalında, ”Günəbaxan” verilişində bunu ictimailəşdirmişdilər. O “sələmçi Niyar” adı ilə məşhur olduğu üçün onunla sıx münasibətdə olmamağını tapşırdım. Elə həmin vaxtlardan Niyar Rəhimova Xanımı ələ almaq, ondan öz məqsədləri üçün istifadə etmək planını həyata keçirməyə başlayıb və sonda özünün bu çirkin planını həyata keçirmək üçün oğlu Cavidi də qoşub. Cavid də anasının tapşırıqlarını yerinə yetirərək, hər vasitə ilə Xanımı ələ almağa çalışıb, heç nə alınmayanda 2014-cü ilin avqust ayında, gecə radələrində mənim evdə olmamağımdan istifadə edərək evimə soxulub, Xanımı silahla hədələyərək ona təcavüz edib. Bu da bəs deyilmiş kimi, evimdən 34 min manat pul götürüb. Mən onun bu çirkin əməlindən 2014-cü ilin sentyabr ayının əvvəllərində xəbər tutmuşam”.
Image result for Zaur Tərlanov
““Ağzına silahla atacağam, səni gec-tez öldurəcəyəm” deyə təhdid edirdi”
Z.Tərlanov qeyd edib ki, bundan sonra C.Rəhimovla görüşüb:  “Sentyabrın 4-də onunla görüşüb söhbət edən zaman mubahisəmiz yarandı və biz savaşdıq. Niyar Rəhimovanın oğlu Cavid və onun başçılıq etdiyi cinayətkar dəstənin üzvləri tərəfindən məni öldürmək istədiyindən xəbər tutanda, ailəmlə 4 ay müddətində Ağsu rayonunda gizləndim.  Ağsu şəhərində yaşadığım 4 ay müddətində bir neçə dəfə Cavidlə əlaqə saxladım, bu söhbətə son qoymağını, ya da böyuklərimizin bu barədə görüşüb söhbət etməsini xahiş etdim. Mən barışmaq üçün dəfələrlə addım atsam da, Cavid buna heç bir əhəmiyyət vermədi. ”Əgər səni tapsam ağzından atacam”, “səni gec-tez öldürəcəyəm” deyə hədələyirdi. Sonra tanımadığım nömrələrdən mənə zəng edib hədə-qorxu gəlirdi. Bu səbəbdən mən telefonlarımı söndürdüm, digər nömrə işlətdim. Bu 4 ay müddətində Cavid dələduzluqla məşğul olan dəstəsi ilə mənim dostlarıma təzyiq göstərib, silahla hədə-qorxu gəlib, onlara qarşı müəyyən alçaldıcı hərəkətlər edib. Bu yolla yerimi deməyi tələb etmişdi. Bunlara oxşar hərəkətləri mənim 1-ci  dərəcəli ailə üzvlərimə, yeznələrimə, bacılarıma və mənə yaxın olan digər qəsəbə sakinlərinə qarşı da təkrar etmişdilər. Bundan əlavə, mənim və Xanım Aslanovanın ata evinə, işlədiyimiz banka zənglər edərək müəyyən replikalar atırdılar. Hətta öz dostları Zamiq Əliyev, İlkin Rüstəmov, Elşən, Tofiq və digərləri də mənə xəbərdarlıq etmişdilər ki, Cavid səninlə barışmayacaq, gec-tez səni öldurəcək, çalış qəsəbəyə gəlmə!”
“Məni zorla, ağır təhqirlərlə dəniz kənarına öldurmək məqsədilə apardılar”
Z.Tərlanov qəsəbəyə gəlişinin səbəbinin qızının ağır xəstəliyi ilə əlaqəli olduğunu diqqətə çatdırır: “7 yanvar 2015-ci ildə qızım Zəhra su çiçəyi tutduğundan yaşadığım ünvana gəldim. Səhərisi gun Ağsu şəhərinə geri qayıtmaq istəyəndə, qar yağdığından bir gün qalmalı oldum. Səhər Ağsu şəhərinə geri qayıdacağım haqda Xanım Aslanova ilə SMS  yazışmam da mövcuddur. 8 yanvar 2015- ci ildə dostum Anar tərəfindən ”Dəniz” kafesinə çay içməyə dəvət aldım. Həmin kafedə olarkən, Cavid və dostları kafeyə iki maşınla gəldilər. Oradan məni zorla, ağır təhqirlərlə çıxardaraq dəniz kənarına öldurmək məqsədilə apardılar. Nəticədə bu arzuolunmaz hadisə baş verdi. Mən bu hadisəni geniş şəkildə öz ifadələrimdə qeyd etmişəm.
Bankirin öldürüləcəyi haqda səs yazısı da varmış!
“İş üzrə 29 nəfər şahid qismində dindirilib. Bütün şahidlər verdikləri ifadələrindəki xüsusatlar Cavid Rəhimovun məni qəti olaraq öldürmək istəyini, mənim evimə girməsi, həyat yoldaşıma təcavüz etməsi, məni qorxu-həyəcan altında saxlaması da tam sübuta yetirir. 29 nəfər şahid qismində dindirilmiş şəxslərin içərisindən 1-i belə mənim bu hadisədə günahkar olduğum barədə ifadə verməyib. Əksinə, bütün bu ifadələr mənim günahsız olduğumu göstərir və mənim lehimədir. Buradan barəmdə çıxarılmış hökmün nə qədər ”ədalətli və qanuna uyğun” olduğu aşkar şəkildə görünür!
Şahid ifadələrindən başqa iş üzrə 8928 saylı, 15.07.2015-ci il tarixli fonoskopik ekspertiza rəyi var. Səs yazısına əsaslanan həmin rəydə Rəhimov Cavidin məni dəfələrlə öldürməklə hədələməsi, dostlarıma, qohumlarıma təzyiq göstərməsi, evimə girməsi, 34 min manat pulun oğurlanması, həyat yoldaşıma təcavüz etməsi və s. şahidlərin və mənim söylədiyim faktlar bir daha öz təsdiqini tapır. Əgər fonoskopik ekspertiza rəyində məni öldürəcəkləri faktı Cavidin və anası Niyar Rəhimovanın öz dilindən eşidilirsə, məni axtarmaqları, mənim yerimi öyrənmək üçün yaxınlarıma təzyiq göstərdikləri, dostlarımın adlarını hallandırmaları, onların döyülməsi faktını təsdiq etmələri, həmçinin onlar tərəfindən qohumlarımın təzyiqlərə məruz qalması, Cavidin evimə soxularaq ailəmə təcavüz edərək pul oğurlaması və bundan peşman olmadığını etiraf etməsi, məni təhqiramiz ifadələrlə söyməsi, gec-tez onsuz da məni öldürəcəyini şəxsən özləri etiraf edirsə – bundan artıq dəlil-sübuta ehtiyac varmı?”
 
“Hökm bütövlükdə yalan üstündə qurulub”
Bundan başqa, Z.Tərlanov Niyar Rəhimovanın qəsəbə sakinləri arasında söylədiyi fikirləri də diqqətə çatdırır: ““Sələmçi Niyar”ın “mənim iki oğlum var, Zaur isə təkdir, onsuz da onu öldürəcəyik” deməsi də yuxarıda qeyd olunan faktları bir daha təsdiq edir. Hətta Niyar Rəhimovanın çəkinməyərək, oğlunun dəfn mərasimində və məhkəmə iclas zalında – “mən oğullarımı öldürməyə göndərmişdim, ölməyə yox” deməsi də məhz Cavid və Cahidi məni öldürməyə göndərməsinin səbəbkarı olmasının sübutudur.  Bu əməlləri ilə də hamıya sübut edir ki, əsl müqəssir, günahkar məhz “müqəddəs ana” adını daşıyan Niyar Rəhimova özüdür! Niyar Rəhimovanın mütəşəkkil bir dəstə yaratdığı və bu dəstəyə birbaşa rəhbərlik etməsi, cinayət işi materiallarında, fonoskopik ekspertiza rəyində, telefon danışıqlarında, SMS yazışmalarında, cinayətkar dəstənin üzvlərinin verdikləri ifadələrdə də öz təsdiqini tapıb. Lakin məhkəmə bu faktların, sübutların heç birinə hüquqi qiymət vermədi. Dəfələrlə məhkəmə istintaqı zamanı Cavidin üzərindən çıxan 6 ədəd patronu əsas götürərək, onların silahı olmağı ilə bağlı araşdırma aparılmasını və yenidən hüquqi qiymət verilməsini xahiş etsəm də, məhkəmə bu sübutlara heç bir əhəmiyyət vermədi. Mənim  2-ci, 3-cü atəşi qarşı tərəfin silahı mənə tərəf tuşlayıb, “səni öldürəcəyəm” deməsindən sonra, özünümüdafiə zəminində açdığımı protokolda qeyd etmədilər. Bəs niyə mən onların  ölümünə  səbəb oldum? Bu sualların cavabı xüsusilə məhkəmə fonoskopik ekspertiza rəyində tam əks olunur. 1-ci instansiya məhkəməsi bu faktlara əsasən aramızda olan ədavəti, düşmənçiliyi təsdiqləyir, lakin hansı motiv əsasında törədildiyini müəyyən etmir, heç bir hüquqi qiymət vermir. Hökm bütövlükdə yalan üstündə qurulub”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın