Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bank müdirinin qətlində kamera müəmması

Bank müdirinin qətlində kamera müəmması

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu il aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə otelin təhlükəsizlik xidmətinin rəisi Emin Həmidov ifadə verib.

E.Həmidov bildirib ki, hadisə günü oteldə olmayıb: “Mənə işdən zəng edib dedilər ki, belə bir hadisə olub. Bizdə təhlükəsizlik xidmətinin 6 işçisi olub, amma onların heç biri idman zalına təhkim olunmur. Zalda da konkret post yoxdur. Otelin girişində nəzarətçi olur. Otelə gələn adamların silah və ya bıçaq keçirməsi ehtimalına qarşı yoxlama aparılmır”.

Zərərçəkənin hüquqi varisi, anası Gülsabah Əhmədova şahidə sual verib ki, kimsə otelə partlayıcı maddə gətirib oteli partlatsa, siz nə edəcəksiniz.

Şahid bildirib ki, belə bir problemə qarşı tədbirləri yoxdur: “Sizi başa düşürəm, amma bizdə təlimatda qonaqları yoxlamaq səlahiyyəti verilməyib”.

Vəkil Samir İsayevin suallarına cavab verən şahid Emin Həmidov bildirib ki, oteldə kameraların quraşdırılması birbaşa rəhbərliyin göstərişi ilə həyata keçirilib: “Bizdə idman zalında 9 kamera var. Onlardan ikisi “resepşn”da, üçü idman zalının içində, biri aerobika zalında, ikisi geyim otağında, biri isə dəhlizdə yerləşir. O kameraların hamısı daim işlək vəziyyətdə olur. Hadisə baş verən zaman da 9 kameranın hər biri işlək olub.

Növbə rəisi Rüfət Bağırov hadisə barədə ona məlumat verilən kimi hadisə yerinə gəlib. Hadisədən sonra kameraların quraşdırılmasında heç bir dəyişiklik edilməyib”.

Bundan sonra vəkil Cavid Rzazadənin suallarını cavablandıran E.Həmidov deyib ki, “resepşn”da olan iki kamera bir-birinə əks istiqamətdə yerləşib: “Dəhliz maili olduğu üçün oradakı kamera zalın girişini çəkə bilir. “Resepşn”da yerləşən əks kameradan giriş qapısı və qeydiyyat stolunun qarşısı görünür. Mən hadisədən bir gün sonra kamera görüntülərini izlədim”.

Vəkil Vasif İsrafilovun suallarına cavab olaraq otelin təhlükəsizlik xidmətinin rəisi E.Həmidov bildirib ki, oteldə kameralar vasitəsilə daimi müşahidə aparılır: “Görüntülər təxminən 10-15 gün yaddaşda saxlanılır, sonra isə silinir. Amma xüsusi hallar baş verən zaman hadisələrin görüntüləri daimi olaraq arxivdə saxlanılır. Hadisədən sonra “resepşn”dakı hər iki kameradan qeydə alınan görüntüləri izləmişəm”.

Vəkil C.Rzazadə şahiddən ibtidai istintaqa ifadəsində Ruslan Əfəndiyevi “oteldə məşqçi” kimi adlandırmasını aydınlaşdırmağını istəyib. O bildirib ki, Ruslan rəsmi olaraq məşqçi olmasa da idman zalında öz tələbələrinə dərs keçib.

Hakim Səbuhi Hüseynov bildirib ki, şahidin məhkəmə ifadələri ilə ibtidai istintaqa verdiyi ifadələr arasında ziddiyyət var: “Siz ibtidai istintaqa ifadənizdə demisiniz ki, hadisə barədə otelin əməkdaşlarından eşitmisiniz. Onlar sizə nə dedilər?”

Vəkil Cavid Rzazadə hakimin bu sualına etiraz edib: “Qeyri-müəyyən mənbədən verilən məlumatlar sübut kimi dəyərləndirilə bilməz”.

Etiraz qəbul edilib və sual çıxarılıb.

Bundan sonra C.Rzazadə vəsatət verərək hadisə zamanı kameraları müşahidə edən adamın məhkəməyə çağırılmasını istəyib.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi vəsatətə etiraz edib və qəbul edilməməsini istəyib.

Hakimlər Kollegiyası yerində müşavirə edərək qərarını açıqlayıb: “Vəsatət verən şəxs şahidin ad-soyadını, yaşayış yerini və digər məlumatları dəqiqləşdirməlidir. Vəsatət konkret olmadığı üçün qəbul edilməyib”.

Vəkil Vasif İsrafilov vəsatət verərək xahiş edib ki, hadisə baş verən gün – 21 aprel, 2015-ci ildə kamera otağında kimin növbə çəkməsi barədə məlumatın təqdim edilməsi üçün otel rəhbərliyinə sorğu göndərilsin.

Hakimlər kollegiyasının qərarı ilə vəsatət təmin edilib.

V.İsrafilov otel rəhbərliyinə göndərilən sorğuda kamera görüntülərinin istintaqa yaddaş kartı yox, CD diskdə verilməsi barədə sualın əlavə edilməsini istəyib: “Biz görüntülərin montaj olunması barədə narahatlığımızı bildirmişik. Yaddaş kartında görüntülərə dəyişiklik etmək olur, diskdə isə yox. İstintaqa bütün kameraların görüntüləri təqdim edilməyib, xahiş edirəm 9 kameranın hər birinin görüntüləri təqdim edilsin”.

Vəkil Cavid Rzazadə vəsatətə münasibət bildirib və sorğuya “Avropa” otelindən görüntülərin tam formada təqdim edilməsinin əlavə edilməsini istəyib: “Çünki yaddaş kartında olan faylları kəsib doğramaq olur. Bizə bütün görüntülər tam formada təqdim edilsin”.

Dövlət ittihamçısı bildirib ki, məhkəmədə videogörüntülər təqdim edilmədən onun montaj olunub-olunmadığı bilinmir: “Videogörüntülər məhkəmədə tədqiq edilsin, sonra müdafiə tərəfi vəsatətlərini verər”.

Hakimlər Kollegiyası yerində müşavirə edərək qərar verib: “Hazırkı mərhələdə sübutlar tədqiq edilmədiyi üçün vəsatət baxılmamış saxlanılır”.

Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər (“Qafqazinfo”).

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın