Ana səhifə / Araşdırma / Bakının kabab tüstüsü azalıb

Bakının kabab tüstüsü azalıb

258 ictimai-iaşə obyektində havatəmizləyən  qurğu quraşdırılıb

Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizəsi  lazımi nəticəni verməkdədir.

Öncə məlumat üçün qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında havanı çirkləndirən məişət obyektlərinə də ciddi xəbərdarlıq edib.  Prezident bildirib ki, kim tələblərə əməl etməyəcəksə, o şadlıq evlərinin və məişət obyektlərinin qapısı bağlanacaq. Dekabr ayında isə ölkə başçısı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzaladı.

Əsasnaməyə əsasən, nazirliyə ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ verilib.  Dəyişikliyə əsasən, artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə bilər.

Kabab tüstüsü ile ilgili görsel sonucu

Lakin buna baxmayaraq, müvafiq qurğunu quraşdırmayan, havanı çirkləndirməyə davam edən restoranlar oldu. Onu da qeyd edək ki, nazirlik fərmana dəyişiklikdən əvvəl bəzi restoranların müvafiq qurğunu quraşdırmaması və bundan imtina etməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Bəs hazırda restoranlara nəzarət istiqamətində vəziyyət necədir?

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, restoranlar bu qurğuları quraşdırmaqda davam edirlər. O, konkret olaraq hazırkı statistika barədə aşağıdakıları söylədi:

“Bu günə olan məlumata görə, Bakı və Abşeronda 258 restoran müvafiq qurğunu quraşdırıb. Qurğunun quraşdırıldığı restoranların 220-sində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılıb. Məlum olub ki, 217 obyektdə norma daxilində, 3 obyektdə isə normadan artıq olub. Yəni normadan artıq olmaq həm azalıb, həm də çoxala bilir. Əvvəl 4-5 obyektdə havaya atılan tüstü normadan artıq idi. Sonradan isə bunu düzəltdilər. Bu günə olan məlumatda həmin obyektlərin sayı 3-dür. Norma, misal üçün, 0.5-dirsə, bundan artıq olan zaman biz müdaxilə edirik”.

restoranların tüstüsü ile ilgili görsel sonucu

Bağırov bildirib ki, indi də məhkəmə ilə iş aparırlar: “Fəaliyyətin dayandırılması bizim tərəfimizdən həyata keçirilir. Ancaq tələb qoya bilmirik ki, qurğunu quraşdırsınlar. Bu zaman məhkəməyə müraciət edirik ki, qeyd edilən ictimai-iaşə obyektlərində müvafiq qurğular quraşdırılsın. Yəni quraşdırılmanı məhkəmə tələb edir. Qısası biz gedib, restoranda manqala qıfıl vururuq, fəaliyyəti dayandırırıq. Daha sonra isə qanuni qaydada fəaliyyətin dayandırılması və qurğunun quraşdırılması üçün məhkəməyə müraciət edirik. Hazırda da bu istiqamət üzrə işlər davam etdirilir”.

Onu da qeyd edək ki, müvafiq qurğuların quraşdırılması restorandakı manqalın böyüklüyündən asılı olaraq 5-15 min manata başa gəlir.

Müvafiq qurğunu quraşdıran restoranlarla əlaqə saxladığımız zaman öyrəndik ki, qurğuların normal işləməsi üçün tüstü bacalarının da vaxtında təmizlənməsi əsas şərtdir. Məlumata görə, qurğu quraşdırılandan sonra tüstü bacaları 2 həftə, maksimum 1 ay ərzində təmizlənməlidir. Əks halda, havaya buraxılan çirkli havanın qarşısı alınmır.

Qurğular quraşdırılmadan öncə Babək prospekti boyunca fəaliyyət göstərən restoranlardan tüstü dumanı qalxırdı. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, toy mövsümü başlayandan sonra bu tüstülərin sayı azalıb. Lakin hələ də müvafiq qurğunu quraşdırmayan ictimai-iaşə obyektləri var. Onu da qeyd edək ki, ETSN restoranlara təmizləyici qurğu quraşdırmaqla bağlı hələ bu ilin may ayında xəbərdarlıq edib.

Ä°lgili resim

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Müsavat”a bildirib ki, onlar bu xəbərdarlıqları sakinlərin şikayətləri əsasında edirlər: “Sakinlər şikayət edirlər ki, restorandan kabab qoxusu, tüstü yayılır. İnsanların xəstəsi, azyaşlı uşağı var. Hər kəs övladına istədiyi zaman kabab bişirə, ala bilmir. Bunları nəzərə almaq lazımdır. Biz də vətəndaşların şikayətləri əsasında restoranın ətrafında monitorinq aparıb, havadan nümunələr götürürük. Yəni əsas məqsədimiz havanın çirklənməsinin, insanların bununla bağlı narahat edilməsinin qarşısını almaqdır”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …