Ana səhifə / Araşdırma / Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakının Sabunçu rayonunda yerləşən dəmiryol stansiyası sökülür. 

“Qafqazinfo” əməkdaşları söküntü işləri ilə tanış olmaq üçün əraziyə baş çəkiblər. Məlum olub ki, ərazidə söküntü işlərinə bir neçə müddətdir başlanılıb.

Artıq Sabunçu Dəmiryol Stansiyasının yaxınlığında yerləşən bir sıra obyektlər sökülüb. Hazırda ərazidə sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün piyada keçidi tikilir.

Tikinti işlərini həyata keçirən 11 saylı ixtisaslaşdırılmış dəmiryol müəssisəsinin iş icraçısı Əmirxan Məmmədov bildirib ki, plana əsasən 28 May stansiyasından Sumqayıta qədər olan dəmiryol xətti bütövlüklə yeniləcək:

“Təcili yardım üçün də keçid tikilməsi nəzərdə tutulur. Müasir tələblərə uyğun olaraq dəmiryol vağzalı da yenidən qurulacaq, vağzalın layihəsi hazırdır. Burada işlər mayın əvvəlində başlanılıb, ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.  Ərazidən Avropa standartlarına uyğun olaraq sürətli qatarlar işləyəcək. Ona görə də dəmiryol vağzalının yenidən tikilməsinə ehtiyac var. Bu xətlər Bakıdan Sumqayıta işləyən sərnişin qatarı və yüklər üçün nəzərdə tutulub”.

Yaxınlıqda yerləşən obyektlərin və evlərin sökülməsinə gəlincə isə Ə. Məmmədov qeyd edib ki, layihə çərçivəsində 15-ə yaxın yaşayış evi söküləcək: “Sakinlərə artıq bu haqda məlumat verilib. Bu ayın ortasından başlayaraq söküntüyə başlanılacaq”.

“Qafqazinfo” evləri söküləcək sakinlərlə də danışıb. 

Məcburi köçkün Akifə Vəliyeva bildirib ki, artıq müvafiq qurumlar tərəfindən evinin kvadratı ölçülüb: “Hər kvadrata görə 1000 manat verəcəklər. Əlavə də üstündə 1000 manat ödəniş edəcəklər. Bizə bildiriş verdilər, onu 6 saylı Xətai  Notariat İdarəsində təsdiqlətdik. Pulumuzu almağı gözləyirik. Artıq əşyalarımızı yığmağa başlamışıq. Dedilər ki, banka pul köçəndə xəbər edəcəklər. O pula isə 1 daxmadan artıq ev almaq mümkün deyil. Hər yer bahadır”.

Qəmər Nağıyeva da evin kvadratına görə verilən kompensasiyanın artırılmasını istəyir: “Fərli pul versinlər ki, buradan köçüb başqa yerdə ev ala bilək. Evin sahəsi  25 kvadratdır. 25 min manata hardan ev almaq mümkündür ki?!”

Mənzili plana düşməyən Nizaməddin Bayramov isə ətrafdakı tikinti işlərinə görə mənzillərə ziyan dəydiyini qeyd edib: “Hələ ki, bizim evimiz plana düşməyib. Deyirlər ki,1 aya sizə məlumat verəcəyik. Burada iş görürlər, evlər çartlayır. Hər yer toz-torpaq içindədir. Hamı evin içində qalır, çölə də çıxa bilmir”.

 







Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …