Bazar , Avqust 18 2019
Ana səhifə / Araşdırma / Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Aylarla iş tapa bilməyən həmyerlisinə sahib çıxan şirkət rəhbəri əlindən tutduğu, yardım etdiyi insanın nə vaxtsa ona hiylə işlədəcəyini, tor quracağını ağlına da gətirməzdi. Ən çox etibar etdiyi eloğlusunun əmanətə xəyanət etməsinin üstü isə sırf təsadüf nəticəsində açılıb. Gözlənilməz zəng nəticəsində “StilTekstil” MMC-yə məxsus anbarın necə yağmalanması bəlliolur… Budəfə aldadanda, oğurluq edəndə, oğurluğa məruz qalanda Bakıda yaşayan, burada işləyən türk vətəndaşlarıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 32 yaşlı Türkiyə vətəndaşı İsrafil Yaşar İsmailin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, İsrafil Yaşar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Stil Tekstil” MMC-yə məxsus anbarda anbardar işləyib. O, 2013-cü ilin sentyabr-noyabr aylarında özündə olan açarla anbarın qapısını açaraq oradakı geyim əşyalarını talayaraq adıçəkilən firmaya külli miqdarda zərər vurub.

Törətdiyi cinayət əməlinə görə İsrafil Yaşara Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

“Mustafa Tayat” mağazasından başlanan tanışlıq

Təqsirləndirilən şəxs qismində dindirilən olan İsrafil Yaşar ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində İqtisad Universitetini bitirdiyini, burada ailə qurduğunu, ailəsi ilə birgə kirayə yaşadığını göstərib. İş axtardığı ərəfələrdə – 2012-ci ilin iyun ayında Nərimanov rayonunda yerləşən “Mustafa Tayat” mağazasında Uğur Ünivarla tanış olub, ondan iş istəyib. U.Ünivar da öz növbəsində onu satıcı kimi işə götürə biləcəyini deyib. İsrafil 3 ay mağazada satıcı işləyib. Sonradan anbara fəhlə göndərilib. 2013-cü ilin yanvar ayından etibarən isə firmada anbardar işləməyə başlayıb. Anbarın məsuliyyəti onun üzərində olub: “Anbarın açarları yalnız məndə olurdu. Vəzifəm satışdan çıxarılan malları qəbul etmək, xaricdən gələnləri mağazalara paylamaq, qəbzləri alıb saxlamaq idi”.

Oğurluq planı

Mağazada özünə iş tapıb işləyən İsrafilə tamah güc gəlir. Bir müddət sonra o, anbardan geyim əşyalarını oğurlayıb “Sədərək” ticarət mərkəzində satmağa qərara verir.

Elə bu məqsədlə də axşam qapını bağlayandan sonra “Sədərək”ə yollanır. Münasib müştəri tapmaq, oğurlayacağı malları ona satmaq üçün əvvəlcədən razılıq əldə etmək və sonra anbardan malları “aparmağı”planlaşdırır.

 

Oğurlanan mallar “Sədərək”ə daşınıb

“Sədərək” Ticarət Mərkəzinə gələn İsrafil Yaşar sıra ilə düzülmüş avtobuslara yaxınlaşıb Gürcüstana mal aparan şəxsləri axtarıb tapır. Onlara Türkiyədən ticarət malları gətirdiyini, amma şəhərdə icarəyə işlətdiyi mağaza bağlandığından oradakı malların hamısını satmaq istədiyini söyləyir.

Aralarında razılıq əldə edildikdən sonra şəhərə qayıdır, anbarda əvvəlcədən sellofan torbalara yığdığı malları özü ilə “Sədərək”ə gətirir: “Bağlamaları açıb içərisindəki malları qadınlara göstərdim, xoşlarına gəldi. Malın dəyərini razılaşdıq, mənə 3500-4000 min manat arası pul verdilər. Sağollaşıb ayrıldıq”.

 

“Malları sata bilmirdi deyə pulu gətirməmişdi”

İş yerinin yaxınlığında “Azərsun Holdinq” şirkətinin anbarında mühafizəçi işləyən Rəşad Abbasovla tanışlıqdan sonra İsrafil Yaşar anbarı növbəti dəfə yağmalayıb.

Rəşadın ticarətlə məşğul olduğunu öyrənincə, anbardakı malları bu dəfə ona satıb: “İki-üç gün ərzində anbardakı malları seçib torbalara yığdım. Həmin malları Rəşada aparıb verdim. Hər paltarın dəyərindən əlavə 1 manat ona verməyimi xahiş etdi, razılaşdıq. Növbəti dəfə maşınla çoxlu sayda gödəkcələr, koftalar apardım. Malları təhvil götürdü, satıb pulunu verəcəyini dedi. Sonradan pulu vermədiyinə görə onunla bir neçə dəfə əlaqə saxladım. Malları satan kimi pulu gətirəcəyini dedi, amma sonra vermədi, çünki sata bilməmişdi”.

 

“Oğurluğu tək törətmişəm”

Bir müddət sonra firmanın rəhbəri Uğur Yaşardan anbarın açarlarını alıb, qapını özü açıb-bağlayıb. 2014-cü ilin yanvar ayında isə Türkiyədən gələn Dəniz Aykut adlı şəxs anbara müdir, İsrafil isə ona köməkçi təyin olunub:

“Şirkətin mallarını anbardan daşıyan yük avtomobilinin sürücüsü Vaqif Nəsirovun malların anbardan daşınmasından xəbəri olmayıb. Oğurluq hadisəsinin üstü açılanda firmanın rəhbəri məni və Vaqifi ofisə çağırdı. O vaxtadək Vaqifin bu haqda məlumatı da yox idi. Bizim əlbir olmağımızdan şübhələnmişdilər. Bu oğurluqda mənə heç kim kömək etməyib. Oğurluğu tək törətmişdim. Pula ehtiyacım var idi. Uğur bəyə işləyib hissə-hissə malın pulunu ödəyəcəyimi vəd etsəm də, sonda sözünün üstündə durmayıb məni işdən qovdu. Gəncədə fəhlə işləyirəm. Ayda 350-400 manat maaş alıram. Vurduğum ziyanı ödəyəcəyəm. Əməlimdən peşmanam”.

 

“Anbarı ona etibar etmişdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Uğur Ünüvar ifadəsində 2010-cu ildən işləmək məqsədilə Bakıya gəldiyini, Türkiyə vətəndaşı Mustafa Tayatla tanış olduğunu, onun şirkətinin tərkibində “Stil Tekstil” MMC yaratdığını, həmin firmanın direktoru kimi fəaliyyət göstərdiyini deyib: “Öz vəsaitim hesabına Türkiyədən gətirdiyim malları “Stil Tekstil”in anbarına yığdırır, sonradan mağazalara paylaşdırırdım. Türkiyə vətəndaşı İsrafil Yaşarı ilk dəfə “Mustafa Tayat” mağazasında görmüşdüm. Türkiyədən gəldiyini, iş tapa bilmədiyini dedi, ona köməklik göstərdim, satıcı kimi işə götürdüm. Sonra malların saxlanıldığı anbara müdir təyin etdim. Anbarın açarlarını ona etibar etmişdim”.

“O zəngdən sonra İsrafilin anbardan mal oğurlayıb satdığını başa düşdüm”

2014-cü ilin fevral ayının 25-də anbarda olan firma rəhbəri İsrafil Yaşarın mobil telefonuna zəng gəldiyini görüncə telefonu açıb. Zəng vuran Rəşad Abbasov telefondakı şəxsin İsrafil Yaşar olduğunu güman edib ondan götürdüyü 679 çeşid mallın pulunu martın ortasına qədər verəcəyini, qadın və kişi paltarlarının isə satılmadığını deyib.

Məhz bu zəngdən sonra U.Ünüvar İsrafil Yaşarın anbardan mal çıxarıb satmasını başa düşüb. Məsələyə aydınlıq gətirmək üçün onu ofisə çağırıb, malları kimə satdığını, niyə oğurluq etdiyini soruşub. İsrafil Yaşar oğurluğu etiraf edib, malların bir hissəsini Saatlıya göndərdiyini deyib.

Şirkət rəhbəri İsrafil Yaşarın firmanın sürücüsü Vaqif Nəsirovla əlbir olduğunu zənn edib. Amma sürücü bu işlərdən xəbərsiz olduğunu deyib.

Nəhayət, oğurluqla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinə ərizə ilə müraciət olunub. Anbarda keçirilən təftiş yoxlaması zamanı 31 min manat müxtəlif çeşiddə əmlakın talandığı müəyyən edilib: “Ziyanın ödənilməsi məqsədilə İsrafil Yaşarı başqa işdə saxlamaq fikrim olsa da, onun yenə oğurluq edə biləcəyindən ehtiyatlandım, ona görə də, işdən qovdum. Dəyilən ziyanın bir qismi ödənilsə də, 18 min manatlıq əmlak hələ də qaytarılmayıb”.

Məhkəmənin hökmü ilə İsrafil Yaşar 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın