Ana səhifə / Araşdırma / Bakıda tikinti şirkətinin buldozeri Elnur Talıbovun evinin divarını dağıtdı

Bakıda tikinti şirkətinin buldozeri Elnur Talıbovun evinin divarını dağıtdı

 “Mən işdə olmuşam. Evdən zəng gəldi ki, traktor divarı yarıb. Evdəkilər çay süfrəsi düzəldib oturublarmış, şirin-şirin söhbətləşirlərmiş. Bir də görüblər ki, divar dağıldı”.

Məşhur «Yol əhvalatı» filmində qoyunla dolu yük avtomobilinin mənzilin divarını yarıb içəri keçməsi səhnəsi yadınızdadır? Eynisi Bakı sakini Elnur Talıbovun başına gəlib. Fərq ondadır ki, onun divarını yaran yük maşını yox, ərazidə söküntü işi aparan traktor olub. Hə, bir də fərq ondadır ki, filmdə hadisədən xəbər tutan dövlət qurumları dərhal hərəkətə keçirlər. Hətta «JEK» müdiri də fəhlə geyimi geyinib vətəndaşın uçurulmuş divarını tikir. Elnur Talıbovun dağıdılmış divarı ilə isə hələ də maraqlanan yoxdur.

Qısası, sentyabrın 19-da gündüz saat 1 radələrində Ələsgər Ələkbərov küçəsi, 111/67 ünvanında yaşayan Talıbovların içdikləri çayı traktorun qəfil uğultusu boğazlarında qoyub. Ev sahibi danışır ki, bu traktor evin böyründə çoxmərtəbəli bina tikən şirkətə məxsus imiş: “Neçə vaxtdır ki, böyrümüzdə bina tikilir. Heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Ərazidə yaşayanları adam yerinə qoymurlar. Hər yeri dağıdıb töküblər, ərazi müharibə meydanına oxşayır. Bu da sonu… divarı dağıdıb, sonra da traktoru elə oradaca qoyub qaçıb”.

Ev sahibinin deməsinə görə, 1 sutkadır ki, nə şirkətdən, nə də şirkətə iş görməyə şərait yaradan yerli icra hakimiyyətindən məsələylə maraqlanan yoxdur: “Sürücü qaçdı getdi, şirkət yaxın gəlmir. Əşyalarımız da, özümüz də ortada qalmışıq. Sabah yağış yağsa, vəziyyətimiz necə olacaq, bilmirik”.

Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisədən xəbərdardırlar: “Orada sərəncamla tikinti işləri aparılır. Təsadüfi baş vermişhadisədir. Ərazidə qazıntı işləri aparılarkən traktor sürücüsünün səhvi ucbatından baş verib. Tezliklə şirkət evin divarını bərpa edəcək”.

Hələliksə, ailə üzvlərinə yarılmış divardan hər an gələ biləcək “çağırılmamış qonaq”lara görə gözdə-qulaqda olmaq qalır. Bir də əşyalarınıqorumaq…(“Azadlıq” radiosu)

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın