Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda qadın həkimin dəhşətli qətli ilə bağlı qalmaqallı məhkəmə…

Bakıda qadın həkimin dəhşətli qətli ilə bağlı qalmaqallı məhkəmə…

Qətldə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyev hakim qarşısına çıxarılıb. O, keçmiş arvadı, 2 saylı Doğum Evinin həkim-ginekoloqu olmuş Natavan Əliyevanın qətlində ittiham olunur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinahətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə şahid qismində Zərniyar Zamanova ifadə verib.

Təqsirləndirilən Samir Əliyevin qonşusu olduğunu deyən şahid bildirib ki, evdə olduğu zaman qonşusunun evində səs-küy eşidib: “Nəvəm yanımda idi, həm də xəstə idi. Səs-küyə balkona çıxdım. Səsin Samirgildən gəldiyini eşitdim. Onların evi bizim balkondan görünmürdü. Səs etsəm də, mənə cavab verən olmadı. Samirin səsi gəlirdi, dava etdiklərini bilmirəm. Samir hündürdən danışan adamdır. Nəvəm ağladığı üçün otağa qayıtdım. Rəhimə müəllimədən harada olduğunu soruşdum. Dedi ki, tədbirdəyəm. Bu zaman ona Samirgilin evindən səs-küy gəldiyini dedim və bildirdim ki, səs-küyün nə olduğunu bilmirəm. Rəhimə müəllimə ilə danışandan sonra bloka çıxdım. Bizim evimiz 9-cu mərtəbədə, Samirgilin evi isə 8-ci mərtəbədə idi. Bir mərtəbə aşağı düşərək, onların evinin qapısını döydüm. Amma qapını açan olmadı. Nəvəm evdə tək olduğu üçün tez geri qayıtdım. Bir qədər sonra Rəhimə müəllimə gəldi”.

Şahid bildirib ki, Samir Əliyevlə mərhum Natəvannın boşanmasını oğlundan eşidib: “Oğlumun məhkəmədə dostu işləyirdi. O, Samirgilin boşanmasını bildirmişdi. Onlar boşanmalarını heç kimə demirdilər. Samirlə Natəvan boşanandan sonra da mehriban olublar. Birlikdə harasa getmələrinin dəfələrlə şahidi olmuşam. Amma son günlər Natəvan uşaqlarına yaxşı baxmırdı”.

Digər şahid Eldəniz Abbasovun sözlərinə görə, Samir Əliyevi Nizami rayon Polis İdarəsində işləyən dövrdən tanıyıb: “Bizim bir işimiz var idi. Həmin işi Samir Əliyev araşdırdı. Bundan sonra Samirgilin evlərinin yaxınlığında olan avtomobil dayanacağına nəzarət etmişəm. Samir də həmin dayanacaqda avtomobilini saxlayırdı. Onu da həmin vaxtdan yaxından tanımışam”.

Eldəniz Abbasov qeyd edib ki, iyunun 25-dən 26-na keçən gecə, saat təxminən 23.15 radələrində avtomobil dayanacağına baxış keçirib: “Mən hər bir saatdan bir dayanacağa baxırdım. Samirin maşınını gördüm. Ora yaxınlaşanda maşının qapısının açıq olduğunu, Samirin də içərisində oturduğunu gördüm. Həmin vaxt Samir mənə dayanacaqda maşın saxlaması ilə bağlı aylıq haqqını verdi. Sonra Samir evinə, mən isə otağa gəldim”.

Eldəniz Abbasov ifadəsində bildirib ki, ertəsi gün Samirgilə polis əməkdaşlarının gəldiyini görüb. Onun sözlərinə görə, polislər Samir Əliyevin ikinci arvadı və uşağını götürərək, bölməyə aparıblar: “Bundan sonra Samiri görmədim. Eşitdim ki, Samir adam öldürüb, onu tutublar”.

Məhkəmədə Samir Əliyevlə keçmiş qayınanası Qərənfilin arasında mübahisə yaranıb. Qərənfil Samir Əliyevi qızının qatili adlandırıb. Samir isə keçmiş qayınanasının ünvanına xoşagəlməz ifadələr işlədib. Hakim onların mübahisəsini sakitləşdirəndən sonra Samir Əliyev deyib ki, Natəvanın qətlə yetirilməsindən xəbəri olmayıb.

Daha sonra Samir Əliyevin vəkili Azər Rəsulov əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. O, vəsatətində Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidova və Gülgəz Süleymanovanın dindirilməsi üçün qərar qəbul edilməsini istəyib.

Prokuror bildirib ki, müdafiəçi əlavə şahidlərin dindirilməsini əsaslandıra bilmir: “Həmin şəxslərin ittihamla hər hansı bir əlaqəsi yoxdur. Onların yalnız mərhumənin həyat tərzi ilə bağlı dindirilməsini istəyirlər. Mərhumənin həyat tərzini necə keçirməsinin işə adiyyatı yoxdur. Buna görə də vəsatət təmin edilməməsini istəyirəm”.

Məhkəmə vəsatəti qismən təmin edib və qərara alıb ki, əlavə şahidlərdən Ruhid Quliyev, Elvin İsmayılov, Validə Zahidovanın dindirilməsi təmin edilsin. Daha sonra vəkil Samir Əliyevin cinayət işinin ibtidai istintaqını araşdıran müstəntiq Aslan İbrahimovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi mayın 25-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevaya aid olduğu müəyyən edilib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın